Media logo
azərbaycan

Qanun yoxdur, rüsvayçılıq var: Cənubi Qafqazda seksual taciz

Qanun yoxdur, rüsvayçılıq var: Cənubi Qafqazda seksual taciz
(/OC Media)

Bütün Cənubi Qafqazda qadınlar eyni problemlərlə qarşılaşmalı olur. İstər Bakıda olsun, istər Yerevanda, istərsə də Tbilisidə və ya daha kiçik yaşayış məkanlarında qızlar kişilərlə ehtiyatlı olmağı öyrənirlər. Tanımadıqları kişilərin ədəbsiz atmacaları və təklifləri, əl-qol atmaları və daha betəri — bir çox qadınlar bunları yaşayıb. Sadalanan problemlərin bu ölkələrin hər yerində mövcud olmağına baxmayaraq, qanunun müdafiəsi heç yerdə yoxdur.

Ötən yay Azərbaycan mediası və cəmiyyəti Ərəb ölkələrindən olan turistlərin Bakı küçələrində qadınlara sataşmasından qəzəblənirdi. Amma yerli kişilər eyni cür davrananda qəzəblənən olmur, baxmayaraq ki, problem bütün Qafqazda çox geniş yayılıb.

“O mənim ombama toxunmağa başladı”

30 yaşlı Ayla Allahverdiyeva ixtisasca filoloqdur. Danışır ki, məktəb yaşlarından kişilər tərəfindən təhlükə hiss edib və anlayıb ki, hər addımda onu pislik gözləyə bilər.

“Küçəyə çıxanda bilərəkdən kifayət qədər qapalı geyinirəm. Amma bununla belə dəfələrlə ardımca ədəbsiz atmacalar eşitməli olmuşam. Hər yaşda olan kişilər qarşıdan gələrkən, mümkün qədər yaxından keçməyə çalışır ki, öz seksual istəklərini və mənə nə etmək istədiklərini deyə bilsinlər”, — o danışır.

Qızın başına ən son gələn və ən çox yadında qalan olaylardan biri bir neçə ay əvvəl şəhərin ən gur hissəsində baş verib.

“Bir oğlan səkinin çox dar olmasından yararlanıb lap yaxınımdan keçdi və ombama toxunmağa başladı. Ona tərəf çevrilib, əlini yığışdırmasını və izahat verməsini tələb etdim. O, əvvəlcə karıxdı, sonra təəccüblənmiş sifət aldı, sanki nə dediyimi anlamır. Bu yerdə yüksək tonla bu davranışın tərbiyəsizlik olduğunu dedim. O, da həyasızca cavab verdi ki, “Dilinə yiyəlik elə!” Belələri nədənsə tərbiyəsizliklə ittiham olunanda çox qəzəblənirlər, baxmayaraq ki, özlərini iyrənc aparırlar”, — o sözünə davam edir.

Qız onu heç bir səbəbsiz çirkin söyüşlərlə təhqir edən kişi ilə qarşılaşmasını da xatırlayanda sakit qala bilmir, üstəlik olay taciz çərçivəsində də baş verməmişdi, kişi onu sadəcə alçaltmaq istəmişdi. O zaman Ayla onu təhqir edən adamı sözün həqiqi mənasında bir neçə kvartal izləmiş və polisə müraciət edəcəyi ilə hədələyərək üzr istəməyə məcbur etmişdi. Əslində isə məsələ heç vaxt polisə gedib çıxmayıb. Başqalarının misalında olduğu kimi. Bu cür vəziyyətlərdə Ayla polisə getmək istəmir. Amma bununla belə hesab edir ki, məsuliyyətə cəlb olunmaq küçə tərbiyəsizlərinin qarşısını ala biləcək yeganə vasitədir.

Problem haqda danışmaq qorxusu

Azərbaycanda qadınlar çox vaxt başlarına gələni danışmağa qorxurlar. Az əvvəl “Exo” qəzetinə verdiyi müsahibədə Azərbaycan Hüquq Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov xatırladıb ki, ölkədə harassment qurbanlarının statistikası yoxdur, amma seksual taciz halları yenə də qeyd olunur. Xüsusi olaraq qeyd ediləsi bir şeyin olmaması isə başqa məsələdir — harrasment qurbanları çox nadir hallarda hüquq-mühafizə orqanlarına müraciət edirlər, çünki bundan utanır və onlara zərər verənin cəzalanacağına inanmırlar.

Gürcüstanlı psixoterapevt Lika Barabadze bildirir ki, kişilər bu halların cəmiyyətdə açıq müzakirə edilməməsindən yararlanırlar.

“Qorxu və utancdan donub qalırlar. Belə mövzular müzakirə də edilmir. Üstəlik ən erkən yaşlarından qadınlara yeridirlər ki, əgər belə hal baş verirsə, bu onların öz günahıdır. Guya biz onları təhrik edirik, ya da çox açıq-saçıq geyinirik. Biz özümüzə nəzarət etməliyik, o zaman heç nə olmayacaq”, — psixoterapevt izah edir.

Ermənistanda seksual zorakılıq üzrə Krizis Mərkəzinin vəkili Nvard Piliposyan deyir ki, “qadınlar şikayət verməkdən və polisə müraciət etməkdən çəkinirlər, çünki utanırlar. Ermənistanda qadınlar susmağa üstünlük verirlər”.

“Qızıma görə qorxuram”

Natalya Viktorovna (Armine Avetisyan /OC Media)

Qırx yaşlı Natalya Viktorovna bir il əvvəl əri ilə Donetskdən Yerevana köçüb, burada ərinə iş təklif ediblər.

“Yerevana elə təzəcə gəlmişdik, şəhərdə gəzmək qərarına gəldim. İlk gündən anladım ki, slavyan görkəmi ilə burada mənə çətin olacaq. Mənə məlum olmayan səbəbdən ermənilər əmindirlər ki, siz Rusiya və ya Ukraynadansızsa, mütləq onlarla mazaqlaşmalı və onların biədəb komplimentlərini minnətdarlıqla qəbul etməlisiz”, — Natalya danışır.

Qadın deyir ki, əri yanında olmadan şəhərə çıxmaq böyük problemdir. Kişilər ona yaxınlaşıb ədəbsiz təkliflər edir, ona toxunmağa çalışırlar. Ərdə olduğunu bildirməsi vəziyyəti dəyişmir.

Natalya xatırlayır ki, bir dəfə bir kişi ona sözün həqiqi mənasında hücum edib. O, ölümlə üz-üzə qalıb. “Biz küçədə idik və mən polisə zəng vuracam deyə qışqırmağa başladım”, — o danışır. Qadın qeyd edir ki, daima bütün bədənini gizlədən paltarlar geyinir ki, diqqət cəlb etməsin.

“Mən özümü qoruya bilərəm, amma qızım üçün çox çətindir. Onun cəmi 15 yaşı var, qəşəng qızdır, kişilər də daima ona gözlərini zilləyirlər. Mən onun üçün çox qorxuram”, — o deyir.

Seksual taciz haqda qanunun olmaması

10 dekabrda Tbilisidə nümayiş “Biz gecəni verməyəcəyik” (Mari Nikuradze /OC Media)

Cənubi Qafqazın heç bir ölkəsində seksual tacizlə bağlı qanun yoxdur. Təcavüz cinayətdir, amma taciz əgər ümumiyyətlə cinayət kimi qiymətləndirilirsə, müxtəlif cür təsnifləşdirilir. Məsələn, Azərbaycanda xuliqanlıq kimi, Ermənistanda “şərəf və ləyaqətin təhqir olunması” kimi.

Vəkil Nvard Piliposyan bildirir ki, onun ölkəsində iş yerində seksual taciz adi haldır.

“Amma heç kim heç vaxt cəzalandırılmır, çünki bizdə müvafiq qanun yoxdur. Problem müəyyən dərəcədə Mülki Məcəllə ilə tənzimlənir, ona əsasən, bir şəxs digərinin “şərəf və ləyaqətini təhqir etdiyi” üçün cəzalandırıla bilər”, — o OC Media-ya bildirib.

Milli Demokratiya İnstitutunun (NDI) Gürcüstanda 2018-ci ildə keçirdiyi sorğu göstərib ki, ölkədə harassmentə qarşı qanuna geniş ictimai dəstək var: sorğu edilənlərin 77 faizi bildirib ki, onlar parlamentin seksual tacizə qarşı qanun qəbul etməsinin lehinədirlər.

Amma geniş ictimai dəstəyə baxmayaraq, ötən il Gürcüstan parlamenti iş yerlərində seksual tacizə görə inzibati cəza nəzərdə tutan qanun layihəsini rədd edib. O zamandan bəri Qadın Hərəkatı, yerli hüquq müdafiə qrupu İnzibati Məcəlləyə ictimai yerlərdə və işdə seksual tacizə görə cəzanın daxil edilməsi ilə bağlı parlamentə petisiya göndərib. Parlament təşəbbüsü müzakirə edəcəyinə söz verib, amma o vaxtdan proses dayandırılıb.

Gürcüstandakı feminist qruplar seksual taciz haqda qanunun qəbul edilməsi tələbi ilə bir neçə etiraz aksiyası təşkil ediblər. Ən son aksiya dekabrın 10-da Beynəlxalq İnsan Haqları Günündə baş tutub, o zaman onlarla qadın “Biz gecəni verməyəcəyik” şüarı ilə küçələrə çıxıb.

“Bütün bunlar mədəniyyətin əsasındadır”

Lika Barabadze

33 yaşlı tbilisili psixoterapevt Lika Barabadze qeyd edir ki, seksual taciz hər addım başı baş verir: küçədə, ictimai nəqliyyatda və ya işdə. O, xatırlayır ki, heç 15 yaşı tamam olmamışdı, küçədə rəfiqələri ilə gəzərkən, onlara bir kişi yaxınlaşıb və deyib: “Qızlar kolbasanı dadmaq vaxtı gəlib!”

Qadın danışır ki, kişilərə gənc qızları taciz etmək daha asandır, çünki onların müqavimət göstərə bilmək ehtimalı daha azdır. Onda ən dərin iz qoyan olaylardan biri 20 yaşındaykən başına gəlib. Tələbə vaxtı o, Varazisxevi küçəsi ilə gedirmiş, birdən qarşısına bir kişi çıxıb və cinsiyyət orqanını ona göstərib.

“Qəbuluma çox vaxt tacizə uğramış qadınlar gəlir. Şəxsi və peşəkar təcrübəmi nəzərə alaraq, mən buna hazır olmalıyam, amma bu, qəfil baş verəndə, biri sadəcə açıb cinsiyyət orqanını sizə göstərəndə adam donub qalır və xəcalət çəkir”, — o OC Media-ya danışıb.

Əksər tələbələr hər il Tbilisinin Varazisxevi küçəsindən keçir, çünki bu küçə Tbilisi Dövlət Universitetinə çıxır. Bu yer həmin eksgibisianist kişinin oranı özünə məskən seçməsi ilə məşhurdur.

“Hamı ondan xəbərdar idi, amma heç vaxt bu haqda danışmırdılar. Bir qız danışmışdı ki, onu gördüyü zaman qışqırmışdı, o da qaçmışdı. Biz təəccüblənmişdik. Həmişə düşünürdüm ki, bu vəziyyətdə əgər hər hansı hərəkət etməyə çalışsam, o daha da üstümə hücuma keçər”, — o qeyd edir.

O deyir ki, qadınlar şüaraltı olaraq özlərini günahlandırmağa başlayırlar, hətta pis heç nə etmədiklərinin fərqində olsalar belə.

“Bunu bizim beynimizə yeridiblər, biz də səbəbi özümüzdə axtarırıq. Buna görə də bizim ilk reaksiyamız qeyri-adekvatdır. Mənim pasiyentlərim tez-tez deyirlər ki, vulqar paltar geyinməyiblər. Nəticədə biz anlayırıq ki, əyninizdəki paltarın necə olması və sizin harada olmanız önəmli deyil. Bu mədəniyyətin əsasındadır və bu dəyişməlidir”, — o bildirir.

Həm küçədə, həm Ağsaqqallar Şurasında

Taciz halları nadir hadisə deyil. Qadın İnformasiya Mərkəzinin [yerli hüquq müdafiə qrupu] Tbilisinin bir neçə metro stansiyasında 2014-cü ildə apardığı sorğunun nəticələrinə əsasən, qadın respondentlərin 45 faizi metroda müxtəlif formada seksual taciz yaşayıb. Onlardan 73 faizi bildirib ki, onlara zillənib baxıblar, 31 faizinin arxasınca ədəbsiz sözlər qışqırıblar, 38 faizini əlləyiblər, 14 faizi deyib ki, onları ya itələyib, ya da onlara sürtünüblər, 6 faiz isə onlara cinsi orqanları ilə toxunduqlarını söyləyib.

Ermənistanın qərbindəki Armavir əyalətindən olan 26 yaşlı Nara deyir ki, pik saatlarında ictimai nəqliyyata minməməyə çalışır. Qadın vurğulayır ki, regionlarda qadınlar üçün həyat daha ağırdır.

“Avtobusda sərnişinlər çox olanda, bəzi kişilər yaxınlaşıb, “təsadüfən” sizə toxunmaq imkanını əldən vermirlər. Biri hətta guya yıxılırmış və tutacağa əli çatmırmış kimi məni döşümdən çimdikləmişdi”, — o danışır.

Qadınlara qarşı bu cür münasibət cəmiyyət tərəfindən ya görməzdən gəlinir, bəzən isə hətta dəstəklənir. Fevralın 13-də Yerevanın Ağsaqqallar Şurasının iclasında deputatlar müxalif “Yerkir tsirani” müxalif fraksiyanın iki qadın nümayəndəsinə qarşı güc tətbiq etmişdilər. Bu, günün günorta çağı baş vermiş, telekanallar tərəfindən canlı yayımlanmışdı. Amma çoxları hələ də əmindir ki, insidenti qadınların özləri təhrik edib.

“Bu gender zorakılığı idi. [Respublikaçılar partiyasından olan] deputatlar özlərini ədəbsizcə aparırdılar, əl-qol açmışdılar və “Yerkir tsirani”nin qadın təmsilçilərinin sinələrinə və bellərinə toxunurdular. Qadınlara qarşı fiziki zorakılıq və onların alçaldılması baş verdi. Belə şeylər heç vaxt kişilərin başına gəlmir”, — hüquq müdafiəçisi Zara Hovannisyan deyir.

Keçmiş deputat Arakel Movsesyan bəyan edib ki, qadınların “bəxti gətirib”, çünki insident zamanı o, Şurada olmayıb, EVN Report xəbər verir.

“Mən edə biləcəklərimin təfərrüatlarına varmayacam, amma [Respublikaçılar partiyasından olan] həmkarlarım doğru hərəkət ediblər”, — o qeyd edib.

Related Articles

Fikir | Azərbaycanın yeni reallığı
azərbaycan

Fikir | Azərbaycanın yeni reallığı

V

İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var. İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək
azərbaycan

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək

V

Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar. Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.  Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.

 Abdullayeva bacılarının dağıdılmış evi. Foto: Seymur Kazımov/OC Media.
azərbaycan

İyul eskalasiyası: Azərbaycanın mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü. OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan re

Tavuş vilayətindəki bir çox evə ciddi ziyan dəyib. Foto: Armine Avetisyan / OC Media.
azərbaycan

İyul eskalasiyası: erməni mülki vətəndaşları atışma xəttində

V

12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.  OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi. Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir. Sərhədin erməni tərəfindən olan r

Most Popular

Editor‘s Picks