fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Sağlamlığını itirən veteranlara qayğı: Azərbaycanda diqqətdən kənar qalan sahə

21 September 2018
Turac Cəfərova qızı ilə (Seymur Kazımov /OC Media)

Dağlıq Qarabağ müharibəsi minlərlə azərbaycanlının həm fiziki olaraq bədənində, həm də psixologiyasında dərin zədələr qoyub. Əlilliyi olan veteranların ailə üzvləri üçün isə onlara baxıcı olmaq gündəlik iş rejiminə çevrilib. Dövlətin dəstəyini hiss etmədikərindən şikayətlənən ailə üzvləri — baxıcılar kiçik imtiyazlarla yetinməyə çalışırlar.

“Hərbi xəstəxanada tibb bacısı işləyirdim. O qədər şahidi olduğum hadisə var ki... qızlar əlləri, qolları amputasiya olunmuş nişanlılarını atıb gedirdilər. O oğlanların hamısı Qarabağ müharibəsinin iştirakçısı idi. Biz evlənəndə onun ayağının bir hissəsi yox idi, elə xəstəxanada tanış olduq. 21 ildir ki, evliyik. Bu il də böyrəyimin birini həyat yoldaşıma verdim”, 48 yaşlı Bəhriyyə Qubadova OC Media-ya deyir.

Bəhriyyə ilə Ağamalı Baxşəliyev 1997-ci ildə ailə həyatı qurublar, hazırda 3 oğlan övladları var. Ağamalı 1992-1994-cü illərdə Füzuli rayonunda mühnədis istehkam bölüyündə xidmət zamanı sağlamlığını itirib. Füzulinin böyük hissəsi hazırda Ermənistan ordusunun nəzarətindədir və bunun nəticəsində xeyli sayda rayon sakini hazırda məcburi köçkün həyatı yaşayır.

“Deyirlər ki, istehkamçı bir dəfə səhv edir. Mənim də ilk və son səhvimin nəticəsidir ki, sol ayağım dizdən aşağı yoxdur. Füzuli rayonunun Alxanlı kəndi ərazisində kəşfiyyata gedərkən minaya düşdüm. İki il ərzində 900 tank əleyhinə, 58 piyada əleyhinə mina zərərsizləşdirsəm də, öz xətam ucbatından ayağımı itirdim”, deyir Ağamalı.

Bəhriyyə və Ağamalı ən kiçik oğulları ilə (Seymur Kazımov /OC Media)

“2006-cı ildə məcburən işdən çıxdım. Uşaqlar balaca idi, üstəlik həyat yoldaşıma da baxmalıydım. Evləndiyimiz gündən hamı kimi olmamışıq- gəzməyə gedək, xoş vaxt keçirək və s. Ev dustağına çevrilmişik”, Bəhriyyə əlavə edir.

Ağamalı 2018-ci ilin yanvarın 19-da ağır əməliyyat keçirir. Onun hər iki böyrəyi öz funksiyasını itirmişdi. Bu zaman Bəhriyyə öz böyrəyindən birini həyat yoldaşına verir. Amma bu hərəkətini xüsusi qəhrəmanlıq kimi dəyərləndirmir.

“Mən onunla ailə həyatı quranda vəziyyəti bilirdim. Ərim mənim əmanətimdir və ona sahib çıxmaq mənim borcumdur. Bugünədək ‘bezdim’ sözünü işlətməmişəm”.

Advertisements

Ağamalı müharibədən sonra ticarətlə məşğul olsa da, hazırda işsizdir. Müharibə veteranı və birinci qrup əlilliyi olan şəxs kimi 481 AZN (280 USD) təqaüd, 182 AZN (110 USD) isə prezident təqaüdü alır. Böyrək transplantasiyası üçün əməliyyat xərci dövlət tərəfindən ödənilib. Buna qədər dövlət onu ev və maşınla da təmin edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovun OC Media-ya məlumatına görə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 01 iyul 2018-ci il tarixinə 15 000 nəfər təşkil edir.

Baxıcıya olan ehtiyac

Bəhruz Camalovun 56 yaşı var. 1992-ci ildə Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə idarə etdiyi maşın minaya düşür və hər iki ayağını itirir. Bəhruz müharibədə təkcə sağlamlığını deyil, bir qardaşını, iki xalası oğlunu da itirib. Əmisi oğlu isə itkin düşüb, ondan bugünədək xəbər yoxdur. Bəhruz birinci qrup Qarabağ əlilidir. O da, keçmiş döyüşçü Ağamalı kimi eyni məbləğdə əlillik və prezident təqaüdü alır.

Bəhruzun həyat yoldaşı Könül Camalova deyir ki, 1991-ci ildə ailə həyatı qurublar, 3 övladları var. Toylarından bir il sonra Bəhruz ayaqlarını itirir.

“Ogündən Bəhruza baxıram. Bizim qismətimiz də belə gətirib. Çətindir, reallıqla barışmışam”.

Onun sözlərinə görə, işsizdir və həyat yoldaşı da əmək qabiliyyətli olmadığından onun aldığı pensiya ilə dolanırlar.

“Doğrudur, heç yerə müraciət etməmişik, Bəhruzun özü də idarələri gəzməyi xoşlamır”, Könül OC Media-ya deyir.

Bəhruz Camalov əlilliyi ilə bağlı sənədləri göstərir (Seymur Kazımov /OC Media)

“2001-ci ildə Bakıda Qarabağ əlillərinin böyük aksiyası oldu. Onların bəzilərini döydülər, bəzilərini də həbs etdilər. Bu münasibət Bəhruzu çox incitdi. O vaxt onların tələbləri sosial sahədən idi- pensiyalar qaldırılsın, maşın verilsin, əlil arabası vesilsin və s. Bugünədək bizimlə maraqlanan yoxdur. Bir əlil arabası üçün qeydiyyatda olduğu Ağdam rayonuna iki il ərzində 20 dəfə gedib-gəldi”.

“Mənə müavinət verilsəydi pis olmazdı, çünki birinci qrup əlilliyi olanların sənədlərində yazılıb ki, ‘başqasının daima qulluğuna ehtiyac var’. Mən olmasam, kənardan kim gəlib ona təmənnasız qulluq edəcək”, Könül soruşur.

“Müvafiq tədbirlər”

Sevda Səfərəliyeva (/Sosial media)

Milli Məclisin Sosial Siyasət Komitəsinin ictimai əsaslarla sosial məsələlər üzrə eksperti  Sevda Səfərəliyeva sözlrinə görə, bir neçə dəfə birinci qrup əlliliyi olan şəxslərin müxtəlif problemlərinin həlli ilə bağlı dövlət başçısına, Milli Məclisə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ediblər.

“Müraciətdə həm ümumi xəstəlik səbəbindən birinci qrup əlilliyi olan şəxslərə, həm də birinci qrup Qarabağ əlillərinə qulluq edən şəxslərə müavinət verilməsi məsələsinə də toxunulub. Milli Məclis və Nazirlik  səviyyəsində bu problemə yalnız şifahi münasibət bildirilib və maliyyə mənbəyi qıtlığı səbəbindən birinci qrup əlilliyi olan şəxslərə qulluq edənlərə müavinət ayrılmasının mümkün olmadığı qeyd edilib”.

Birinci qrup Qarabağ əlili, Vətən Müharibəsi Əlilləri İB-nin sədri Firudin Məmmədov deyir ki, yalnız əmək pensiyasa alan birinci qrup əlilliyi olanlara qulluq edən şəxslər müavinət alır. Belə ki, bu qrup əlilliyi olanlara ayrılan əmək pensiyasından 11-12 AZN (7 USD) məhz bunun üçün nəzərdə tutulub.

“Təbii ki, məbləğ çox azdır. Biz illər öncə bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq rəhbərliyi ilə görüşdə təklif etmişdik ki, Qarabağ müharibəsi əlillərinə qulluq edən şəxslərə 300 AZN-lik (180 USD) müavinət verilsin. Nazirliyə konkret olaraq 300 nəfərlik siyahı da verdik. Siyahıya ən ağır vəziyyətdə olanların adları daxil edilmişdi. O vaxt devalvasiyanın baş verməsi, neftin qiymətinin aşağı düşməsi bu məsələni kölgədə qoydu. İndi neftin qiyməti artır, ümid edirik ki, məsələ həllini tapar”.

Vaqif, Turac və övladları (Seymur Kazımov /OC Media)

ƏƏSM-nin şöbə müdiri Fazil Talıbov deyir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasinin Qanunun tələbələrinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müəyyən etdiyi qaydada hesablanan I qrup əlilliyi olan şəxsə qulluq edilməsi müddəti sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri kimi nəzərə alınır.

“Onların respublikamızın ali təhsil müsəssiələrində ödənişli əsaslarla təhsil alan övladlarının təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Talıbov əlavə edir ki, müharibə əlillərinin dövlət hesabına bərpa- müalicəsinin və reablitasiyasının təşkili istiqamətində də müvafiq tədbirlər həyata keçirilir.

“Onu müalicə edə bilmirik”

Qarabağ müharibəsi iştirakçısı Vaqif Abbasovun həyat yoldaşı Turac Cəfərovanı Vaqifin psixoloji durumu narahat edir.

“Vaqif 1993-cü ildə Ağdam, Xocavənd istiqamətində döyüşüb, ayağından yaralanıb, kəllə-beyin travması alıb. 17 ildir ki, evliyik, elə bir gün olmayıb ki, əsəbiləşməsin, qışqırmasın. Ona ağır dərəcə nevroz diaqnozu qoyulub, amma maddi imkanımız olmadığından, müalicə edə bilmirik”.

Turac işsizdir, Vaqifin də daimi işi yoxdur. Günəmuzd müxtəlif işlərdə çalışır. Beş nəfərlik ailə birotaqlı evdə yaşayır.

“Vaqifin ürəyində və qara ciyərində də problemlər var. Müharibədə aldığı travmalar, işsizlik, şəraitsizlik, sonra tapdığı xəstəliklər onun psixoloji durumunu getdikcə çətinləşdirir. Doğrudur, hirsi soyuyan kimi sakitləşir, mülayim insan olur, amma bu hal müvəqqəti olur”, Turac bildirir.

Vaqifin hərbi biletində müharibə iştirakçısı olduğu yazılsa da, bugünədək nə əlillik dərəcəsi, nə də pensiya ala bilir. Dediyinə görə, hara müraciət edəcəyini də bilmir.

“Pensiya məsələsi həll olunsa yaxşı olardı”, Vaqif bildirir.

Bu məqalə "International Alert” təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətinin bir hissəsidir. Layihə Avropa İttifaqının dəstəyi sayəsində Avropa tərəfdaşlığı çərçivəsində Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə nizamlanması (EPNK) məqsədilə həyata keçirilir. Materiallar jurnalistin məsuliyyətidir, "International Alert” və OC Media təşkilatının nöqteyi-nəzərini əks etdirməyə bilər.

Right now, online media in Georgia is in dire need of safety equipment, legal support, and technology as we cover increasingly challenging circumstances. Support small, independent media outlets in Georgia via our collective fundraiser.

Interested in directly assisting OC Media? Consider becoming a member.