fbpx

Azərbaycanın qəfil seçkiləri: “Başağrısız” seçki

30 March 2018
(/VOA)

Konstitusiyaya edilmiş yeni dəyişikliklərə uyğun olaraq aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Müxalifətin bu seçkiləri boykot etməsinə baxmayaraq, özünü müxalif və müstəqil kimi təqdim edən namizədlərlə marafona qatılan İlham Əliyevin yenidən növbəti 7 il ərzində prezident olacağı şübhə doğurmur.

Prezident İlham Əliyevin fevralın 5-də imzaladığı sərəncama əsasən aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Əslində, bu il oktyabrın 17-də keçirilməli olan prezident seçkilərinin önə çəkilməsinin səbəbləri barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməmişdi. Bununla bağlı yerli mətbuata yeganə açıqlamanı Azərbaycan prezidentinin ictimai və siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov verib. Əli Həsənov növbədənkənar seçkilərin təyin olunmasını may ayından başlayaraq ölkədə çoxlu sayda mühüm və beynəlxalq səviyyəli tədbirlərin keçirilicəyi ilə əlaqələndirib. Onun sözlərinə görə, həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşə bilərdi.

2016-cı il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilən dəyişikliklərə görə Azərbaycan Respublikası prezidentinə növbədənkənar prezident seçkilərini təyin etmək hüququ verilib və prezidentin səlahiyyət müddəti 7 il müddətinə uzadılıb.

Sərəncamdan dərhal sonra fevralın 8-də hakim Yeni Azərbaycan Partiyası 6-cı qurultayını keçirərək 2003-cü ildən prezidentlik edən İlham Əliyevin 4-cü dövr üçün namizədliyini irəli sürüb.

Real müxalif qüvvə kimi qəbul olunan siyasi təşkilatlar bu seçkini boykot edəcəklərini açıqlayıblar. Demokratik Qüvvələrin Milli Şurası, Müsavat partiyası və REAL təşkilatı növbədənkənar prezident seçkilərində iştirak etməyəcəklərinə dair bəyanat veriblər. Digər partiyalardan Ümid partiyası və Klassik Xalq Cəbhəsi Partiyası da bu seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar.

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə bu seçkilərin də Azərbaycanda keçirilmiş digər seçkilər kimi demokratik və şəffaf keçiriləcəyini deyir.

“Azərbaycanda artıq müstəqillik dövründə çox sayda müxtəlif səpkidə seçkilər keçirilib, kifayət qədər demokratik seçki təcrübəsi var. Bu seçkinin də demokratik, ədalətli, Konstitusiya və Seçki Məcəlləsinə uyğun keçiriləcəyinə inanırıq”, — Aydın Mirzəzadə OC Media-ya belə deyib.

Advertisements

Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov yerli mediaya açıqlamasında bildirmişdi ki, seçkilərin oktyabrda və ya apreldə keçirilməsi potensial namizədlərin, o cümlədən də İlham Əliyevin imkanlarını məhdudlaşdıran və onlara əlavə dividend qazandıran hal kimi şərh oluna bilməz.

“Başağrısız” seçki

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli deyilənlərlə razılaşmır. “Növbədənkənar seçki barədə ictimaiyyəti əvvəlcədən xəbərdar etmək hakimiyyətin borcu idi”, — deyən Cəmil Həsənli OC Media-ya bildirib ki, hakimiyyət növbədənkənar seçki keçirmək barədə qərarını ötən ilin sonlarında elan edə bilərdi.

“Bu qəfil seçkidir. Hakimiyyət özü üçün daha əlverişli bir məqamda, beynəlxalq nəzarətdən kənar seçki keçirmək istəyir”, — o deyir.

Cəmil Həsənli həm də onu vurğulayır ki, ölkədə seçki keçirmək üçün normal mühit yoxdur.

“Azad media olmayan yerdə azad seçki ola bilməz. Müstəqil mətbuat sıradan çıxarılıb. Vətəndaş cəmiyyəti institutları çökdürülüb. Bu qəfil seçki qərarından sonra bir daha aydın olur ki, bu institutların çökdürülməsi Azərbaycan hakimiyyətinin seçki strategiyasının növbədənkənar seçki strategiyasının tərkib hissəsi imiş.”

“Hakimiyyət ilk növbədə cəmiyyətdə hər hansı aktivlik baş vermədən seçki prosesinə start vermək istəyir”, Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov OC Media-ya belə deyir. O, növbədənkənar prezident seçkilərinin təyin olunmasını daxili və xarici faktorlarla əlaqələndirsə də, daha çox daxili amillərin üzərində dayanır.

“Hakimiyyət bu addımla opponentlərini hazırlıqsız yaxalayır. Bunun əsasında da rəqabətsiz, çəkişməsiz və daxili təzyiq olmadan seçki keçirmiş olacaq”, — Akif Qurbanov belə deyir. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bu seçkini mümkün qədər “başağrısız” keçirmək istəyir.

Onun fikrincə, vaxt darlığı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və digər nüfuzlu və obyektiv beynəlxalq müşahidə missiyalarının seçkilərdə effektiv fəaliyyətinə mane olacaq.

Sıxışdırılmış müxalifət

Akif Qurbanovun fikrincə, əvvəlki seçki təcrübələrinə əsasən, müxalifət seçkidə iştirak edəcəyi təqdirdə azad efir vaxtı kimi bir çox qanuni hüquqlarından məhrum ediləcəkdi.

“Real opponentlərin iştirak etmədiyi seçkidə hakimiyyət özünün nəzarətində olan şəxsləri qeydə alır”, — o bildirir.

Akif Qurbanov həmçinin vurğulayır ki, hakimiyyət real alternativsiz və seçkinin ədalətli, demokratik keçirilməsi üçün heç bir şərait yaratmadan prosesi aparacaq. O, həm də bildirir ki, ölkədə fundamental hüquqların qorunmaması seçki mühitinin standartlara cavab vermədiyini deməyə əsas verir.

“Siyasi partiyaların bir çoxunun qərərgahları yoxdur və ölkədə qapalı və açıq məkanda sərbəst toplaşmaq azadlığı verilmir.” Akif Qurbanov qeyd edir ki, hətta partiyaya çevrilmək istəyən təşkilatlara qurultay üçün yer verilmir.

“İfadə azadlığı pozulur. Opponentlər söylədikləri fikirlərə görə daim basqılara məruz qalırlar. Media da çox ağır vəziyyətdədir.”

Repressiya — seçki strategiyasının tərkib hissəsi kimi

Cəmil Həsənli qeyd edir ki, son illər aparılan siyasi həbslər də seçkilərə təsir edəcək.

“Seçkidə iştirak etmək gücünə malik olan ictimai-siyasi təşkilatların, pariyaların seçki qərargahlarına nəzarət etmiş şəxslərin bir çoxu hazırda siyasi məhbusdur. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin 3 müavini və rəyasət heyətinin üzvlərinin yarıdan çoxu hazırda həbsdədir”, — Cəmil Həsənli deyir.

“Ötən ildən siyasi partiyaya çevrilmək istəyən REAL təşkilatına hökumət qurultay üçün yer vermir”, — təşkilatın siyasi məsələlər üzrə katibi Azər Qasımlı belə deyir. “REAL bu seçkidə iştirak etməyəcək”, — deyən Azər Qasımlı bunu təşkilatın sədri İlqar Məmmədovun 5 ildən çoxdur ki, siyasi ittihamlarla həbsdə olması ilə əlaqələndirir.

“Ya bu şəraitdə seçkini boykot edib, seçkinin legitimliyini tanımamalısan, ya da ki, qeyri-demokratik şəraitə baxmayaraq seçkilərdə iştirak etməlisən”, — Azər Qasımlı qeyd edir.

Müsavat partiyası prezident seçkiləri ilə əlaqədar verdiyi bəyanatında növbədənkənar seçkilərin saxta referendumun nəticələrinə əsaslandığını, seçkinin təyin olunması barədə hakimiyyət tərəfindən əsaslı, inandırıcı izahatın verilmədiyini vurğulayır. Bəyanatda qeyd olunur ki, ölkədə seçkiqabağı demokratik şəraitin olmadığını nəzərə alaraq, mübarizəni bu seçkilərdə iştirakdan imtina edərək davam edəcəklər. Müsavat Partiyası bəyanatında növbədənkənar prezident seçkilərinin ləğv olunmasını tələb etdiklərini bildirib.

Akif Qurbanov deyir ki, Venesiya Komissiyasının və ATƏT-in seçki ilə bağlı verdiyi tövsiyyələrə əməl olunmayıb. “Avropa Məhkəməsində seçki ilə bağlı çıxarılan qərarlarda komissiyalarla bağlı verilən rəylər yerinə yetirilməyib. Qanunvericiliyə dəyişikliklərlə bağlı müsbətə doğru heç bir ciddi addım atılmayıb”, — o deyir. Onun sözlərinə görə, ölkədə seçki bir institut kimi, xalqın öz iradəsini ifadə etmə aləti kimi sıradan çıxarılır.

İştirakçı səsləri

Müxalifətin əksəriyyətinin seçkiləri boykot qərarına və etiraz etməsinə baxmayaraq bəzi partiyalar hələ də prezidentliyə namizədliyini veriblər; Azərbaycan Demokratik Partiyası bunlardan biridir. Onların lideri Sərdar Cəlaloğlu deyir ki, onlar demokratiyada iştirakçılıq prinsipinin vacibliyini əsas götürərək seçkidə iştirak edəcəklər.

“Əgər ölkədə seçki keçirilirsə, bu seçkidə müxalifət iştirak etmirsə, ancaq iqtidar iştirak edirsə, seçicilərin böyük əksəriyyətinin seçkiyə marağı olmayacaq. Belə olduğu halda seçki əhəmiyyətini getdikcə itirməyə başlayır”, — o qeyd edir. Seçkiləri boykot etməyin yanlış olduğunu deyən Sərdar Cəlaloğlu bildirir ki, Azərbaycanda pis və ya yaxşı olmasından asılı olmayaraq seçkinin verdiyi imkanlardan istifadə etmək istəyirlər.

“Demokratik Partiya bütün prosedurlardan keçə bilsə, seçkidə sonuna qədər iştirak edəcək”, — o deyir. Onun sözlərinə görə, seçicilərlə əlaqə yaratmaq imkanı var. “Digər zamanlarda bizim xalqla təmaslarımız olmur”, — deyə Sərdar Cəlaloğlu əlavə edir.