fbpx

Fikir | Azərbaycan və Türkiyə ‘bir millət, bir dövlət’ə doğru irəliləyirmi?

11 March 2021

İkinci Qarabağ müharibəsindən bəri türkofoliya Azərbaycanda özünün tarixən ən yüksək səviyyəsinə çatıb. Bəs geniş yayılmış ‘bir millət iki dövlət’ şüarı daha sıx birliyə çevrilə bilərmi?

‘Ayrı qaldıq bir müddət, indi birik, bir vəhdət, bir milət iki dövlət’ – müğənni Talıb Talenin mahnısı bu sözlərlə başlayır. Müharibədən sonra Azərbaycan-Türkiyə dostluğuna həsr olunmuş tərif burulğanlarından biri olan bu mahnı Azərbaycan cəmiyyətindəki mövcud əhval-ruhiyyəni mükəmməl ifadə edir. 

Azərbaycan uzun müddətdir ki, Türkiyəyə yaxındır. Coğrafi olaraq, Türkiyə ən yaxın Türk dilli ölkədir. Özbəkistan və Türkmənistandan fərqli olaraq, hər iki ölkənin türklüyə dair baxışları eynidir. 

Bu əlaqələrin tarixi var. Çar Rusiyası dövründə, müsəlman islahatçı hərəkatında yer alan bir çox azərbaycanlı intellektual, yeni Atatürkçü Cümhuriyyətinin qurulmasına yardım etmək üçün Türkiyəyə köçmüşdü.

Bu gün hər küncdə Türk restoranları var, Türk məktəbləri sərbəst fəaliyyət göstərir, Azərbaycan xalqı Türk musiqisindən zövq alır və ‘Eurovision’da Türkiyəyə səs verir.

‘Bir millət, iki dövlət’ şüarı hər bir azərbaycanlıya məktəb vaxtından öyrədilir, bu birliyi sorğulamaq cəmiyyətin nəzərində cinayətə bərabər sayılır.

SSRİ-nin dağılmasından sonra, bu dövlətləri başqa bir amil, eyni ‘düşməni’ - Ermənistanı paylaşmaları daha da yaxınlaşdırıb.

Amma bu qardaşlığın hər zaman düzxətt üzrə inkişaf etdiyini söyləmək də doğru olmaz; zaman-zaman geriləmələr də yaşanıb. Belə hal 2009-cu ildə, Türkiyə və Ermənistanın yaxınlaşması, az qala, sərhədlərin açılmasına çevrildiyi zaman baş vermişdi. Ankaranın Ermənistanla münasibətləri bərpa etmək cəhdi Bakıda xəyanət aktı kimi qəbul edilmişdi.

Nəticədə Türkiyə dönüş etməyə məcbur qaldı və Cənubi Qafqazlı tərəfdaşına görə istədiyi kimi davrana bilmədi.

Türyiyəyönümlü konsensus

2013-cü ildə aparılan sorğuya görə, azərbaycanlıların 91%-i Türkiyəni ölkənin əsas dostu hesab edir. Şübhəsiz ki, müharibədən sonra bu rəqəm daha da artıb.

Doğrudan da, son döyüşlər başlayandan güclü Türkiyəyönümlü hisslər Azərbaycanı ağuşuna alıb. Türkiyənin münaqişədə Azərbaycana tam dəstəyi, onun Azərbaycanda onsuz da yüksək olan nüfuzunu daha da artırdı. Müharibə zamanı Bakıda iki ölkənin bayraqlarını dalğalandıran maşınların şütüməsini görmək adi mənzərə idi. Təəccüblü deyil ki, Azərbaycanın qələbə paradı 10 dekabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə festivala çevrildi.

Azərbaycan hökumətinin daha yaxın inteqrasiya ideyasına isti münasibətini azərbaycanlı milyarder İlham Rəhimovun hökumətyönlü “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədən görmək olar. Rəhimov müsahibəsində, Azərbaycan və Türkiyənin ‘bir millət-iki dövlət’ modelindən ‘bir millət-bir dövlət’ modelinə keçməli olduğunu söyləyir.

Rəhimov həm İlham Əliyevə, həm də keçmiş sinif yoldaşı Vladimir Putinə yaxınlığı ilə tanınır. Bu mənada onun sözləri təsadüfi deyil və mesaj olaraq qəbul edilməlidir.

Azərbaycan müxalifəti çox vaxt liberal və qərbyönümlü olduğunu iddia etsə də, əsasən türk millətçilərindən ibarətdir. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş lideri Əbülfəz Elçibəy özünü qürurla ‘Atatürkün əsgəri’ adlandırdı və Türkiyə və Azərbaycanın konfederasiya şəklində birləşməsi ideyasını müdafiə edirdi.

Demokratik Qüvvələrin Milli Şurasının aparıcı üzvlərindən Gültəkin Hacıbəyli də bu fikrin fəal dəstəkçisidir.

O, 2011-ci ildə verdiyi müsahibədə 'Türk Konfederasiyası idealı çağdaş dünyada, xüsusən də içində olduğumuz geopolitik regionda mövcud olan və ölkəmizin heç də sığortalanmadığı qarışıqlıqlardan və qarşıdurmalardan ən real çıxış modelidir’ deyərək bu fikri müdafiə etmişdi.

Ağ Partiya (adını Ərdoğanın AKP-sindən götürüb) açıq şəkildə Türkiyədəki hakim partiyaya ideoloji yaxınlığını gizlətmir. Partiya rəsmiləri dəfələrlə həm müharibə dövründə, həm də sonra Azərbaycanın Türkiyə ilə birləşməli olduğunu bildirib.

Partiyanın lideri, son aylarda haqqında ən çox danışılan siyasətçilərdən biri olan Tural Abbaslı keçmiş Müsavat üzvüdür.

Yalnız yanvar-fevral aylarında onun ‘Facebook’dakı paylaşımları təxminən 400.000 dəfə, ‘Instagram’da isə 340.000 dəfə bəyənilib.

Dekabr ayında Ağ Partiya da bir neçə digər partiya ilə birlikdə hökumət tərəfindən ofislə təmin olunub, bu fakt da hökumətin ölkədə Ərdoğançı xəttin güclənməsində maraqlı olduğunu göstərir.

Münasibətlərdə yeni faza

Azərbaycan-Türkiyə münasibətləri şübhəsiz ki, bəzi keyfiyyət dəyişiklikləri yaşayır. ‘Strateji tərəfdaşlıq’dan ‘bir millətə’ keçən münasibətlər indi növbəti mərhələyə doğru irəliləyir.

Bəlkə də bunun ən əsas göstəricisi hər iki tərəfin də vətəndaşlarına qarşılıqlı şəkildə pasportsuz səyahət etməyə imkan verən yeni müqavilədir; artıq hər iki ölkənin vətəndaşları da yalnızca şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər.

Bundan əlavə, ötən dövrlərə nisbətən daha irəli səviyyədə hərbi əməkdaşlığın olması haqda da şayiələr dolaşır. Topçubaşov Mərkəzinin tədqiqatçısı Cavidan Əhmədxanlının dediyi kimi, ‘yaxın gələcək Azərbaycan və Türkiyə ordularının müəyyən səviyyədə inteqrasiyasına şahid ola bilər’.

Siyasi səviyyədə Türkiyə müharibədən əldə etdiyi qazancları artıq reallaşdırmağa başlayıb. Milli lotereya şirkəti Azerlotteryanın idarəçiliyi Ərdoğanın yaxın çevrəsindən olan Yıldırım Dəmirörənə məxsus bir şirkətə verilib.

Türk şirkətləri artıq geri qaytarılmış ərazilərdə infrastruktur layihələrini həyata keçirməyə başlayıblar. Füzuli-Şuşa və Toğana-Kəlbəcər yollarının tikintisində iştirak edirlər. Bundan əlavə, türk şirkətləri Füzuli hava limanı layihəsində də iştirak edəcəklər.

1 Martda qüvvəyə minmiş güzəştli ticarət razılaşması, Türkiyənin özəl sektordakı payını daha da gücləndirəcək.

18 fevralda Azərbaycan-Türkiyə İş Forumunda Azərbaycanın Baş naziri ‘iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafına yeni bir təkan verildiyini’ bildirdi. Onun sözləri bu kontekstdə xüsusi önəm daşıyır.

Sosial təsir baxımından Türkiyə ilə daha sıx inteqrasiya həm də Azərbaycana daha mühafizəkar təsir deməkdir. Ağ Partiyanın yüksəlişi də bu prosesin nəticəsi kimi yozula bilər.

Ötən illərdə Türkiyənin dini məsələlərə məsul rəsmi qurumu Diyanet, Azərbaycanda dini kadrlar yetişdirmək üçün bir neçə proqram hazırlayıb, Bakıda ilahiyyat fakültəsi açıb. Azərbaycanda dini məsələlər üzrə rəsmi orqan - Qafqaz Müsəlmanları İdarəsi də Türkiyə ilə möhkəm əlaqələr saxlayır.

Türksoy kimi Türkiyə mənşəli bir sıra pantürkist təşkilatlar da Azərbaycanda digər türkdilli ölkələrdən daha çox fəaldırlar. Şübhəsiz ki, daha yaxın inteqrasiya bütün bu fəaliyyətləri artıracaq.

Bütün bunlara baxmayaraq, yaxın gələcəkdə Azərbaycan-Türkiyə konfederasiyasının yaradılması ehtimalı azdır. Nə Əliyev, nə də Ərdoğan öz hakimiyyətlərini heç kimlə bölüşmək istəməz. Eyni zamanda obyektiv şərtlər də belə bir birliyin yaranma ehtimalını azaldır.

Heç də hər kəs Azərbaycanda Türkiyə nüfuzunun artmasının tərəfdarı deyil. Üstəlik, uzun müddətli perspektivdə siyasi diskursda türkçülüyün qabartılması, ölkədəki digər etnik qruplar arasında müəyyən narazılığa səbəb ola bilər, çünki bu ritorika türk olmayan vətəndaşları diskriminasiya edir.

Bununla birlikdə, Türkiyə-Azərbaycan konfederasiya ideyasının ictimai fikirdə gücləndiyi aydındır.

Ərdoğanın özünü Azərbaycan türkləri də daxil olmaqla bütün türklərin qoruyucusu kimi göstərdiyini və ekspansionist xarici siyasətinin Türkiyənin qonşularının əksəriyyəti ilə problem yaratdığını nəzərə alsaq, Azərbaycan cəmiyyətindəki hazırkı mövcud tendensiya yaxşı heç nə vəd etmir.

Məqalədə əks olunan fikirlər yalnız müəllifindir və OC Media redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. You can support us today for as little as $1 a month and join us in the fight for a better Caucasus.

Support Us