fbpx

Fikir | İlham Əliyevin anti-Avropa nitqi Azərbaycanda köklü dəyişikliklərin olacağı xəbərini verir

9 December 2019

Bəhruz Səmədov – NİDA Vətəndaş Hərəkatının aktivisti, Karlov Universitetinin doktorantı.

Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda etdiyi çıxış yeni anti-Avropa mühafizəkarlığını, xalq dəstəyinin azalması və ideoloji boşluq fonunda gənclər arasında yeni ortaq nöqtə yaratmaq cəhdini göstərir.

26 noyabr  Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə söylədiyi nitq onun adətən etdiyi çıxışlardan öz ideoloji məzmunu ilə kəskin fərqlənir. Bu nitq Azərbaycan dövləti üçün yeni təkamülünün başlanğıcı ola bilər.

Əliyevin nitqləri tez-tez 1990-cı illərdə olan acınacaqlı durum haqda hekayəni tez-tez təkrarlayır və keçmiş prezident Heydər Əliyevin xilaskar rolunu təsdiqləyir. Bu dəfə isə prezidentin kəskin tənqidinə təkcə “ənənəvi” müxalifət partiyaları, yəni 1992-1993-cü illərdə hakimiyyətdə olan Xalq Cəbhəsi Partiyası və Müsavat deyil, həm də gender bərabərliyi və avropalaşma tərəfdarları tuş gəldilər.

Bu nitqin ifadə etdiyi ritorik dəyişiklik yalnız o zaman tam başa düşülər ki, dövlət kadrlarında və hakimiyyətin ritorikasında ciddi dəyişikliklər ilə müşayiət olunan son islahatlar nəzərə alınsın.

Nitqdən bir gün sonra isə hakim partiyanın prezidentə müraciət edərək, Milli Məclisin buraxılmasını xahiş etməsi, əslində, təəcübləndirməməlidir.

Köhnə və yeni düşmənlər

Əliyev müntəzəm olaraq öz nitqlərində xain kimi təqdim etdiyi “AXC-Müsavat cütlüyü” haqda danışır, bu baxımdan onun 26 noyabr nitqi fərqlənmirdi.

Bu hekayənin əsas məğzi ondadır ki, indiki “klassik” müxalifət, ilk növbədə Əbülfəz Elçibəyin millətçi hakimiyyətinin varisi sayılan AXCP mahiyyətcə vətən xaindir. Xüsusilə Əliyev Dağlıq Qarabağın erməni qüvvələrinə verilməsini Xalq Cəbhəsinin adına yazır.

Advertisements

Buna baxmayaraq, nitqdə gözlənilməz və qeyri-adi olan anti-Avropa və konservativ narrativ oldu. Əliyev, Avropanı anti-İslami mövqeydə olmaqda ittiham etdi və daha sıx inteqrasiyanın mümkünlüyünü rədd etdi. O, həmçinin Avropanı gender rolları haqda mühafizəkarlara xas olan arqumentlərdən istifadə etməklə də degenerativ təqdim etdi.

“Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə?” — Əliyev ritorik sual verərək, davam edir, “Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.

O, həmçinin açıq şəkildə Azərbaycanı ənənəvi dəyərlər əsasında qurulmuş ölkə olduğunu iddia etdi: “Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər”.

Gənclər arasında avropalaşma, feminizm, kvir hüquqlarının qəbul edilməsi kimi proqressiv ideyaların yayılması, xüsusi ilə də Bakının mərkəzində qadınlara qarşı zorakılıq əleyhinə keçirilmiş etiraz askiyasından sonra onlar rejimin diskursunda AXCP və Müsavat kimi “özgələri” siyahısına düşdülər. Sanki feminist diskursun yayılmasına cavab verirmiş kimi, Əliyev, bəlkə də ilk dəfə açıq şəkildə paternalist maskulin pozisiya nümayiş etdirdi: “Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin”.

Bu yeni anti-Avropa və ənənəçi yönlənmə bir çoxlarına Əliyevin 2004-cü ildə etdiyi çıxışı xatırlatdı. Prezident seçildikdən cəmi bir il sonra edilən bu çıxışda o, Azərbaycanı Avropaya inteqrasiya yolunu tutmuş bir ölkə kimi təsvir etmişdi: “Biz Avropaya inteqrasiya yolunu seçmişik. Mən bunu əvvəldə dedim – biz bu yolu tamamilə sadiqik, bu siyasət davam etdirilir, bu yolumuzu sözdə yox, praktiki addımlarda göstəririk”. İndi isə bu yoldan şüurlu şəkildə dönüldüyü tam aydındır.

Əliyevin anti-Avropa çıxışı onun Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşdən sonra baş tutmuşdu. Görüş zamanı Əliyev Putini “dünyada bir nömrəli siyasətçi” və “dünyanın aparıcı ölkəsinin prezidenti” adlandıraraq, tərifləmişdi. Əliyevin konservatizmə dönüşü Rusiyada dövlət propaqandası dilini xatırladır. Bu propaqanda gender məsələləri ilə bağlı arqumentlərdən istifadə edərək, kvir haqlarına bəzən gizli, amma hər kəsə aydın olan göndərişlər verir. Bununla da “bizim” kimliyimiz degenerativ “xaricə” qarşı qoyulur.

Bu tərz “biz” — “onlar” münasibətləri Azərbaycan üçün yenidir, xüsusən də onu nəzərə alsaq ki, Əliyev və onun ailəsi mütəmadi olaraq proqressiv və rusdilli elita kimi freym edilib və köhnəmiş, etnik millətçi və hətta islamçı kimi təqdim edilən “ənənəvi” müxalifətə qarşı qoyulub.

Post-ideoloji dövrün sonu

Azərbaycan nə hakim partiyanın, nə də müxalifətin ideologiyaya sahib olmadığı post-ideoloji quruluşa malikdir. Bu post-ideoloji vəziyyət və siyasi mübarizənin marginallaşdığı şərait Azərbaycan cəmiyyətinin depolitizasiyası, yəni siyasətdən uzaqlaşması ilə nəticələnib.

Son onillikdə siyasi iştirak Azərbaycanda sıxışdırılmış kateqoriya halına gəlmişdi. Ancaq bu il, Freydin dili ilə desək, Azərbaycan “sıxışdırılanın qayıdışına” şahid oldu: uzun zamandır hərəkətsiz qalmış etiraz enerjisinin mobilizasiyası, o cümlədən həbs edilmiş bloger Mehman Hüseynova görə 10 yanvar mitinqi ilə nəticələnmiş səfərbərlik, mart və oktyabr aylarında keçirilmiş feminist marşları, müxalif diskursların sosial şəbəkələrdə daha çox yayılması və 19 oktyabr mitinqi.

Bu sosial canlanma rejimin artan mənfi imici hakimiyyət üçün hətta onun mövcudluğuna belə təhlükə yarada biləcək vəziyyətin yarandığını aşkar etdi. Xüsusilə də Əliyev hökuməti elitalara qarşı yönəlmiş ideyaların, o cümlədən feminist və proqressiv diskursların populyarlaşdığı bir fonda gənclər arasında heç bir dəstəyin olmamasından əziyyət çəkir. Buna görə də Əliyevin tələbələr qarşısında çıxış etməsi təsadüfi deyil.

Vəziyyəti dəyişmək üçün Əliyev xalq dəstəyi qazanmalı və yeni ideologiya formalaşdırmalıdır. Elə görünür ki, bu məqsədə dövlət islahatçılığının və ənənəçiliyin bir yerə gətirilməsi uyğun gəlir. Və o bu məqsəd üçün artıq ilk addımlarını atıb. Bəlkə də ən nəzərə çarpan səviyyədə bu, 81 yaşlı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin 1995-ci ildən bəri tutduğu vəzifəsindən oktyabrın sonlarında azad edilməsi oldu. O, uzun illər boyu Əliyev rejiminin ideoloji rəhbəri kimi tanınırdı.

Mehdiyevə əlavə olaraq digər yaşlı nazirlər və üst vəzifəli şəxslər də vəzifələrindən, çox güman ki onlara başqa variantın verilmədiyi üçün, azad edildilər. Bu siyahıda digər “vaxtı keçmiş” ideoloji fiqur Əli Həsənovdur. Həsənov, bəlkə də, rejimin ən az hörmətə sahib yüksək vəzifəli şəxsi idi və “trolların rəhbəri” və sensuraya nəzarət edən biri kimi tanınırdı.

Milli Məclisin buraxılması və yaxında baş tutacaq növbədənkənar parlament seçkiləri də bu qəbildən olan hadisədir. Baş nazirin müavini Əli Əhmədov isə yeni parlamentin “müasir, vətənpərvər gənclərdən” ibarət olacağını təklif etdi.

Paşayevlərin proyekti

Əksər azərbaycanlıları mühafizəkar və vətənpərvər hesab edən rejim, xüsusən də ən görkəmli üzvü vitse-prezident və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın aid olduğu Payaşevlər klanı bu islahatlar vasitəsi ilə hakimiyyət üzərində gücünü möhkəmləndirmək və sosial olaraq mühafizəkar, islahatlara yönlənmiş gənclər arasında yeni sosial baza yaratmağa yönəldiyi hesab olunur. Paşayev klanının Azərbaycan gəncliyinin müəyyən seqmentinə yönəlməsi, əslində, onların rejim tərəfdarı olan gənclərlə olan mövcud münasibətlərindən irəli gəlir.

Mehriban Əliyevanın əmisi Hafiz Paşayev ADA Universitetinin təsisçi rektorudur, bu universitet yüksək təhsil standartları ilə tanınır və burada təhsil Paşayevlərin himayədarlığında dövlət qulluğu karyerasını hədəfləyən hər bir gənc üçün ilk addım sayıla bilər. Belə olduğu halda, ADA yeni nəsil siyasi loyal komanda üzvlərinin formalaşması üçün çox güclü institutdur.

Oxşar tərzdə, keçmiş təhsil naziri və indiki iqtisadiyyat naziri Mikayıl Cabbarov Paşayaevlərin əsas “adamı” kimi tanınır, Mehriban Əliyevanın bacısı Nərgiz Paşayeva isə Moskva Dövlət Universitetinin Bakı filialının rəhbərləridir.

Paşayevlərin uzunmüddətli məqsədi ikilidir: “sadə insanlar” arasında rejimin legitimliyini canlandırmaq üçün mövcud ideoloji boşluğu konservativ və anti-Avropa diskursu ilə doldurmaq, gənclər arasında artan siyasi enerjini isə rejimə xidmətə yönləndirmək.

Əgər onlar məqsədlərinə çatsalar, ölkə avtoritar və psevdo-islahatçı yoldan imtina edən siyasi qüvvələrin marginallaşmasının şahidi olacaq, köklü demokratik dəyişiklik imkanı isə gələcək nəsillərə qalacaq. Ancaq hələ ki onlar məqsədlərinə çatmayıblar və biz növbədənkənar seçkilərə doğru gedirik, belə olduqda, müxalifətin əhalini kütləvi mobilizasiyaya cəlb etməsi və Azərbaycanın kökündən pozitiv dəyişilməsi üçün tarixi şans yaranır.

Əks təqdirdə isə rejim yenidən qalib gələcək.

Məqalədə əks olunan fikirlər yalnız müəllifindir və OC Media redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.