fbpx

Fikir | İran, İkinci Dağlıq Qarabağ müharibəsində məğlubdurmu?

Bəziləri, İranın İkinci Dağlıq Qarabağ Müharibəsi zamanı bölgədəki regional rəqiblərinə 'uduzduğunu' iddia etsə də, daha yaxından nəzər saldıqda məlum olur ki, Tehran nəinki yeni siyasi konfiqurasiyadan ən yaxşı şəkildə istifadə etmək istəyir, eyni zamanda bunu etməkdə çox uğurlu da ola bilər. 

27 sentyabrda başlayan 44 günlük müharibə zamanı İran yenidən dünyanın diqqət mərkəzinə çevrildi, lakin bu dəfə Yaxın Şərqdəki regional güc kimi yox, Cənubi Qafqazdakı potensial güc olaraq. 9 Noyabrda müharibə bitdikdən sonra bir çox ekspert hərəkətsizliyi səbəbindən İslam Respublikasının müharibənin 'qalib' regional güclərindən, yəni Rusiya və Türkiyədən fərqli olaraq bu müharibədə 'məğlublar klubuna' qoşulduğunu iddia etdi.

İddia belə arqumentləşdirilir: münaqişə Rusiya və Türkiyənin (hər ikisi İranın regional rəqibidir) Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasındakı rolunu gücləndirdi; Türkiyə ilə Azərbaycanı birləşdirməyi planlaşdırılan tranzit dəhlizi layihəsi İranı kənarda saxladı; İsrail isə Azərbaycanla hərbi əməkdaşlıq yolu ilə bölgədə daha böyük nüfuza sahib oldu.

İlk baxışdan vəziyyət belə görünə bilər, amma daha dərindən baxdıqda bunun həqiqətdən uzaq olduğu üzə çıxır. Əslində yeni geosiyasi konyunktura İrana bölgədə daha genişlənmiş bir rol oynaması üçün yol açır - həm Ermənistan, həm də Azərbaycanla.

İranın müharibədəki mövqeyi

Əfqanıstan və İraq sərhədlərində qeyri-sabitlik və təhdidlərlə üzləşən İran 26 ildir ki, şimal sərhədlərindəki status-kvonun nisbi sabitliyindən bəhrələnirdi.

Ağır Tramp dövrü sanksiyalarından əziyyət çəkən və Yaxın Şərqdəki çoxsaylı geosiyasi və hərbi təşəbbüslərdə iştirak edən ölkə üçün sərhədinin başqa bir hissəsində vəziyyətin pisləşməsi təbii ki, arzuolunmaz idi.

İran Azərbaycan və Ermənistan arasında baş verən son zorakılığın əvvəlki toqquşmalardan keyfiyyətcə fərqli olduğunu dörd gün sonra anlaya bildi. Hərbi əməliyyatların dördüncü günü, bu dəfəki döyüşlərin həmişəki sonluqla yekunlaşmayacağını anlayan Tehran, diplomatik ritorikasını bitərəflik və tərəflər arasında vasitəçilikdən Azərbaycanın tərəfində olduğunu vurğulamağa doğru dəyişdi.

İranın açıqlamaları, tərəfləri ‘atəşkəsə’ dəvətdən “Azərbaycanın torpaqlarını erməni nəzarətindən geri almasını” dəstəkləməyə çevrildi.

Lakin ritorikasının dəyişməsinə baxmayaraq, Tehranın “ermənipərəst mövqe”dən daha açıq şəkildə “Azərbaycan tərəfdarı” mövqeyə keçdiyini söyləmək səhv olardı. Həqiqət budur ki, İran heç vaxt Qarabağdakı və ətrafındakı torpaqları müstəqil bir qurum kimi tanımayıb və həmişə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ ətrafındakı ermənilərin nəzarətində olan ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasını tələb edən 1993-cü il tarixli qətnamələrin qüvvədə olmasında israr edib (9 Noyabr üçtərəfli sülh bəyannaməsində olduğu kimi).

Bölgədə genişlənmiş rol?

9 Noyabr tarixli ortaq açıqlama ilə Dağlıq Qarabağın hələ də Ermənistanın nəzarəti altında olan hissələrində Rusiya sülhməramlı qüvvələri yerləşdirildi və ‘bütün regional kommunikasiyaların’ açılması şərt qoyuldu. Razılaşmaya əsasən, Azərbaycan quru yolu ilə Naxçıvan eksklavı ilə, oradan da Türkiyə ilə əlaqə quracaq, ermənilər isə Ermənistanı Dağlıq Qarabağa birləşdirən Rusiyanın nəzarətində olan Laçın dəhlizindən istifadə edə biləcəklər. Birbaşa adını çəkilməməsinə baxmayaraq, bu bəyanat İranı istisna etmir və faktiki olaraq bir neçə yolla onu da əhatə edir.

Birincisi, sülh razılaşması bu günə qədər Araz çayının erməni qüvvələri tərəfindən idarə olunan şimal sahilləri boyunca Azərbaycanın suverenliyinin bərpasını tanıdığından, 'de-fakto dövlət' (Ermənistan tərəfindən idarə olunan Dağlıq Qarabağ) ilə sərhəd 'de jure dövlət' (Azərbaycan Respublikası) ilə əvəz edilir. Körpülər, su anbarı və hidroelektrik və suvarma qurğularının da daxil olduğu bu ərazilər - yeni hüquqi statusuna görə İranın inkişafı üçün açıq olacaq. Tehranla Bakı arasında bu ərazinin inkişafına dair əməkdaşlıq barədə danışıqlar planları var, bu da İranın rolunun əvvəllər istisna olunduğu ərazilərdə genişləndirməsinə gətirib çıxardacaq.

İkincisi, payız müharibəsinin nəticəsi o deməkdir ki, İran və Azərbaycan artıq Cəbrayıl rayonunda, sərhəd xətti olan Araz çayı üzərindəki Xudafərin bəndindən qarşılıqlı şəkildə istifadə etməyə başlaya bilərlər. Bu bənd 2008-ci ildə Tehranın maliyyə dəstəyi ilə tikilmişdi, lakin ərazinin hüquqi statusu (daha doğrusu, olmaması) İslam Respublikasının bu qurğunu istismar etməsinə maneə törədirdi. Bununla birlikdə, 14 dekabr 2020-ci il tarixdə, Xudafərin Anbarı üzrə Birgə Texniki Komissiyanın İran və Azərbaycan nümayəndələri Naxçıvanda hidroelektrik stansiyanın qarşılıqlı fəaliyyətini müzakirə etmək üçün toplantı keçirdilər. Yəqin ki, İranın investisiyaları bu sərhəd bölgələri ilə məhdudlaşmayacaq, belə ki, xarici işlər naziri Cavad Zəriflə 25 yanvar tarixli görüşündə də İlham Əliyev İran şirkətlərini geriqaytarılmış ərazilərdəki rekonstruksiya işlərinə qoşulmağa dəvət etdi. 

Üç tərəfli sülh bəyannaməsində deyildiyi kimi, Ermənistan və Azərbaycan arasında trans-regional nəqliyyat marşrutlarının açılması, adı çəkilən iki ölkənin hüdudlarından kənara çıxır. Bu marşrutların açılması İranı da əhatə edən Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin yaradılmasına, eləcə də İranla Ermənistan arasında (Naxçıvan ərazisindən) dəmir yolu xəttinin çəkilməsinə imkan verir.

Bu baxımdan İran, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “6 ölkənin regional əməkdaşlıq platforması” təşəbbüsünün əsas tərəfdaşı kimi qəbul edilə bilər. İranla Türkiyə arasındakı strateji rəqabət səbəbindən (Suriyada heç olmasa), İran əvvəlcə bu təşəbbüsə soyuq yanaşmışdı, lakin diplomatik səviyyədə cərəyan edən son hadisələr önəmli dəyişikliyə səbəb oldu - xüsusən İran və Türkiyə XİN rəhbərləri arasındakı yanvar ayında baş tutan görüşdə 6 ölkənin regional əməkdaşlıq platformasi müzakirə edildi.

İranın dövlət mediasının və dövlət tərəfindən dəstəklənən medianın da bu dəyişikliklərdən təsirləndiyi görünür. Müharibə zamanı çıxan xəbərlərdə Dağlıq Qarabağdakı hərbi əməliyyatlar ‘milli təhlükəsizliyə təhdid’ olaraq təsvir olunsa da, İran mətbuatı son aylarda Azərbaycanla bağlı daha pozitiv dildən istifadə edir. Dəyişmənin dərəcəsinin bəlkə də ən yaxşı nümunəsi, keçən ay İran Xarici İşlər Nazirliyinə yaxın analitik mərkəzin müharibə zamanı Suriyalı muzdluların Azərbaycan tərəfində döyüşməsi ilə bağlı iddiaları rədd etməyə çalışan məqaləsidir. Belə ki, münaqişə zamanı İran rəsmiləri dəfələrlə Suriyadakı ‘təkfirçi’ (sünni ekstremist) döyüşçülərin Azərbaycanın tərəfində iştirakını pisləmişdilər.

Qeyd etmək vacibdir ki, İran üçün üçtərəfli razılaşmadan sonra türklərin deyil, yalnız rus sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi vacib önəm daşıyır. Şübhəsiz ki, Ankaranın Cənubi Qafqazdakı rolunun və gücünün artması Tehran üçün arzuolunmazdır. Rusiya sülhməramlı missiyasının təmas xəttində yerləşdirilməsi və Dağlıq Qarabağın bir hissəsinə Ermənistanın nəzarəti bu ehtimalı ən azı beş il aradan qaldırır. İran Xarici İşlər Nazirliyinin razılaşmadan dərhal sonra Rusiya sülhməramlılarının Dağlıq Qarabağa getməsini asanlaşdırmağa hazır olduğunu elan etməsi də məhz bu baxımdan şərh olunmalıdır.

Bölgədəki yeni konyunktura, İslam Respublikası üçün yeni imkanlar və əlavə narahatlıqlar vəd edir. Bu imkanlar və narahatlıqlar böyük ölçüdə Azərbaycan və Ermənistan arasındakı münasibətlərin dinamikasından asılıdır. Davamlı sülh əldə olunarsa və iki ölkə arasında normal və ya heç olmasa sabit münasibətlər qurularsa, bu, Tehranın da maraqlarına cavab verəcək. Eyni zamanda, Azərbaycanla münasibətlərində daha təşəbbüskar bir siyasət yürütməyə başlayan İran, müharibə əsnasında itirdiyi fürsətləri geri qaytarmaqda və yeni regional konfiqurasiyada üstünlüyünü göstərməkdə israrlı görünür. Çox güman ki, bu, Azərbaycanla genişlənmiş əməkdaşlıq və Cənubi Qafqazda daha böyük rol oynamağa gediş demək olacaq.

Məqalədə əks olunan fikirlər yalnız müəllifindir və OC Media redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. You can support us today for as little as $1 a month and join us in the fight for a better Caucasus.

Support Us