fbpx

Fikir | "Yeni Azərbaycanda" dini azadlıq həmişəkindən daha məhduddur

10 August 2021
İllüstrasiya: Robin Fabbro/OC Media.

Azərbaycan dövlətinin İkinci Dağlıq Qarabağ müharibəsi zamanı dini “qucaqlamasına” və instrumentallaşdırmasına baxmayaraq, müharibədən sonra daha böyük dini azadlıqlarla bağlı ortaya çıxan ümidlər sürətlə tükənməkdədir.

Azərbaycandakı dini icmalar sentyabrda başlayan müharibəyə dəstək verdilər, hərçənd ki, müharibə Azərbaycanın bütün sosial təbəqələrində geniş dəstək almışdı. Xalqı, hökuməti və ordunu 'xarici düşmən' qarşısında birləşdirmişdi.

Hesablamalara görə, Azərbaycanda özünü müsəlman sayanların təxminən 95%-i (əksəriyyəti şiə olmaqla sünni azlıq) olsa da, yalnız çox az hissəsi aktiv praktiklərdir. Onların bir çoxu üçün isə müharibə 'vətəni qorumaq' patriotizmindən ziyadə 'ilahi razılığı' qazanmaqla bağlı idi. 

Elə buna görə, din xadimləri tez-tez hərbi hissələrə gedərək 'şəhidlik' və 'vətənin müqəddəsliyi' haqqında moizələr edirdilər. 

Bir çox inanclı gənclər isə "ilahi vəzifələrini" yerinə yetirmək üçün könüllü olmuşdular.  Hərbi hissələrdən və döyüş bölgələrindən yayılan camaat namazımərsiyə dinləyən əsgərlərin görüntüləri bunun göstəricisidir. 

Əlbəttə ki, azərbaycanlıların əksəriyyəti üçün bu, müqəddəs müharibə yox, siyasi və ərazi konflikti idi, bununla yanaşı əsgərlərin şərab içərkən, donuz əti yeyərkən çəkilmiş xeyli sayda görüntüləri də vardı. Amma bu, İslamın hər gün real ölüm ehtimalı ilə üzləşən əsgərlər üçün motivasiya mənbəyi olması faktını dəyişmir.

Azərbaycan sekulyar dövlət olsa da, İslam kimliyi, hərbi əməliyyatlar zamanı hökumət diskursunun ən bariz cəhətlərindən birinə çevrilmişdi. Məsələn, ordunun zəfərlərini və şəhərlərin erməni qoşunlarından geri alınmasını simvolikləşdirmək üçün dini ayinlərdən geniş istifadə olunurdu. 

Müharibə illərində azərbaycanlılar arasında qələbənin ölkəyə köklü dəyişikliklər gətirəcəyinə dair böyük ümid var idi. Zəfər gəlirləri artıracaq, korrupsiyaya son qoyacaq, hökumətin vətəndaşlar qarşısında hesabatlılığını artıracaqdı.  

Bu məntiqə görə, Dağlıq Qarabağın ətraf ərazilərini işğal edərək, Ermənistan Azərbaycanın siyasi orqanizminin əsas harmoniyasını pozmuşdu. Azərbaycanın sosial xəstəliklərinin kökündə dayanan da bu disharmoniya idi. Ermənistanın ələ keçirdiyi torpaqları geri qaytarmaqla harmoniya və bütövlük bərpa olunacaq və bütün problemlər bununla çözüləcəkdi. 

Müharibədən sonrakı gələcəyə dair utopik ümidlər çox fərqli olsa da, bir çox dindar müsəlmanın gözləntisi spesifik idi. Onlar müharibənin bitməsinin din-dövlət münasibətlərinin normallaşmasına gətirib çıxaracağına ümid edirdilər.

İndi, müharibənin başlamasından təxminən bir il sonra, aydın olur ki, müharibə çoxlarının arzuladığı və düşündüyü çarə deyilmiş. Prezident İlham Əliyev hələ də populyarlığını saxlasa da, qarşılanmayan gözləntilərin yaratdığı sosial gərginlik artmaqdadır. Bu kontekstdə, inanclı azərbaycanlıların qarşılanmayan, lakin nisbətən təvazökar gözləntiləri gələcək böhranın toxumu ola bilər.

Qanunun sərtləşdirilməsi

2021-ci ilin mayında Azərbaycanın din haqqında qanununa dini icmalara yeni məhdudiyyətləri nəzərdə tutan dəyişikliklər edildi. Yeni dəyişikliklərə görə, 'dini mərkəzi' olmayan icmaların din xadimlərinə dini ad və ya rütbə verməsinə, xarici vətəndaşların din xadimi olmalarına icazə istəmələrinə, dini təhsil müəssisələri qurmalarına və ya xaricdəki dini məkanlara müstəqil ziyarətlər təşkil edilməsinə artıq icazə verilmir. 

Kütləvi açıq dini tədbirlərə də daha sərt məhdudiyyətlər qoyuldu - camaat namazı və anma kimi mərasimlər yalnız ibadət yerlərində və ya ziyarətgahlarda həyata keçirilə bilər.

Azərbaycan müstəqillik qazandığı gündən vicdan azadlığı baxımından problemli ölkə olub. Məsələn, pasport və ya şəxsiyyət vəsiqəsi almaq üçün baş örtüyü ilə şəkil çəkdirmək hələ də hicablı qadınlar üçün problemdir. 24 yaşlı tələbə Kəmalə Rövşən bu ilin əvvəlində sosial şəbəkələrdə məsələyə diqqət çəkmək məqsədi ilə kampaniya başladıb.

'Müsəlmanların çox olmadığı ölkələrdə, məsələn, Rusiya və Almaniyada qadınlar hicabla şəkillər çəkdirə bilərlər. Əhalisinin əksəriyyətinin müsəlman olduğu Azərbaycan kimi bir ölkədə isə buna icazə verilməməsi çox utancvericidir" o, “feysbuk”a yerləşdirdiyi videoda deyir. 'Bu kiçik bir problem ola bilər, amma bizi narahat edir.'

Azərbaycanın İnsan Haqları Müdafiəçisi 2021-ci ilin martında bu məsələni parlamentdə qaldırsa da, hələ də bir irəliləyiş yoxdur.

Rəsmilərin İslam dini və onun ölkədəki təsirini azaltmaq üçün əvvəlki cəhdləri arasında dini simvolların istifadəsinə qoyulan məhdudiyyətlər, dini qurumların qeydiyyat prosedurlarına ciddi nəzarət və son illərdə bir neçə məscidin bağlanması daxildir.

Hökumətin sərt mövqeyi azanın ucadan səsləndirilməsinə, dini ədəbiyyatın yayılmasına və dövlət məktəblərində şagirdlərin hicab bağlamasına gətirilən qadağalarda özünü göstərir.

ABŞ Dövlət Departamentinin Beynəlxalq Dini Azadlıqlar Bürosu qanunvericiliyə edilən son düzəlişləri qınayıb və onları "beynəlxalq standartların pozulması" kimi qiymətləndirib. Azərbaycan Xüsusi İzləmə Siyahısındakı on iki ölkədən biridir.

Departament son hesabatında qeyd edir: 'Hökumət dini aktivliyi ilə əlaqədar şəxsləri həbs etməyə davam edib'. Ölkədəki siyasi məhbusların böyük hissəsi şiə fəallardır.

Rəsmi İslam diskursu

Rəsmi diskurs "ənənəvi" və "qeyri-ənənəvi" İslam arasındakı fərqə diqqət çəkir. "Qeyri-ənənəvi" adlandırılan İslam "destruktiv", "siyasi" və "xarici maraqlarla ixrac olunan" olaraq qəbul edilir.

Bunun əksinə olaraq, 'ənənəvi' İslam 'qeyri-siyasi', 'Azərbaycanda doğulan' və 'idxal edilməyən' olaraq definitsiya olunur. Dini ekstremizmə qarşı narrativi və antidotu təmsil edir.

Radikalizmlə mübarizə bir çox ölkədə aparılsa da, burada bir böyük fərq var. Əksər ölkələrdə anti-radikalizm sosial və siyasi inklüzivliyi və iştirakçılığı təşviq etməklə həyata keçirilir və bununla da azlıqların şikayətlərini aradan qaldırır. Azərbaycanın səylərində isə belə bir anlayış yoxdur.

Əslində, Azərbaycan heç bir "qəlb və ağıl" strategiyası həyata keçirmir, yalnız "Terrorizmə qarşı Mübarizə haqqında" qanunu adı altdında zorakı ekstremizmə və radikallaşmaya qarşı mübarizə aparmaq üçün sərt gücə güvənir.

Səlahiyyətlilər, xarici radikalizmin ölkəyə yayılmasının qarşısını almaq üçün bu cür ağır tədbirlərin lazım olduğunu iddia edirlər. Statistika isə bu cür iddiaların şişirdildiyini göstərir.

Pew Araşdırma Mərkəzinin 2016-cı ildə apardığı sorğuya görə, azərbaycanlılar əksər müsəlman ölkələr içində şəriəti ən az dəstəkləyənlər arasındadır və insanların yalnız 8%-i şəriət qanunlarının sivil hüquqdan üstün olmasının lazım olduğunu düşünür.

Bəzi respondentlər öz fikirlərini ifadə etməkdə səmimi olmasalar belə teokratik idarəetmə sistemi ideyasının Azərbaycanda populyar olduğuna dair çox az sübut var.

Üstəlik, son zamanlarda zorakı İslam radikalizminin yalnız bir real təzahürü, yəni Bakının Əbu Bəkr məscidində 2008-ci ildə namaz vaxtı atılan qumbaranın ibadət edənlərdən 2 nəfəri öldürməsi və imam da daxil olmaqla onlarla nəfəri yaralaması ilə nəticələnən insident baş verib. Hücumun, iki Sələfi cərəyanı arasındakı ideoloji fikir ayrılığının bir hissəsi olaraq, "Meşə Qardaşları" cihadçı qruplaşması tərəfindən törədildiyi güman edilir.

NardaranGəncədəki narazılıq isə sosial ədalət axtarışı kimi qiymətləndirilməlidir.

Hər halda, yuxarıda qeyd etdiyimiz məhdudiyyətlər vətəndaşların sərbəst toplaşma və vicdan azadlığını, təqsirsizlik prezumpsiyası və dini görüşündən asılı olmayaraq qanun qarşısında bərabərliyini tanıyan Konstitusiyaya ziddir. Bu azadlıqlardan sui-istifadə edən ekstremistlər varsa, onlar ədalətli şəkildə mühakimə olunmalı və cavab verməlidirlər. Səhv və effektsiz olan isə, bəzi üzvlərinin qeyri-qanuni hərəkətlər törədə biləcəyi ehtimalı ilə bütün icmaya qarşı tədbirlər görməkdir.

Yalnız dünyagörüşlərinin, inancların və həyat tərzlərinin müxtəlifliyinə səmimi hörmət Azərbaycanı daha perspektivli bir istiqamətə yönəldə bilər. Din azadlığının qeyri-mütənasib formada məhdudlaşdırılması və narazılıqları kənarlara itələmək, əksinə, radikallaşmaya gətirib çıxarda və nəticədə “özünü doğruldan kəhanəti” gerçəkləşdirə bilər. Müsəlmanların çoxluq təşkil etdiyi digər ölkələrdəki bu cür təcrübələri nəzərə aldıqda, hazırkı siyasət Azərbaycana yaxşı heç nə vəd etmir.

Məqalədə əks olunan fikirlər yalnız müəllifindir və OC Media redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. You can support us today for as little as $1 a month and join us in the fight for a better Caucasus.

Support Us