fbpx

Fotolar | Qazax və Tovuzun sərhədyanı bölgələrindəki həyat şəraiti

22 May 2019
Muncuqlu kəndi — Azərbaycan-Ermənistan sərhədinin yaxınlığı. (Seymur Kazımov / OC Media)

Azərbaycan–Ermənistan sərhədində atəşkəs rejiminin hər iki tərəfdən pozulma halları baş verir. Bəzi məlumatlara görə, Qazax və Tovuz rayonlarının cəbhə xəttinə yaxın kəndlərinə yaxın ərazilərdə atəşkəs az pozulsa da, şiddət faktı yaşam və həyat itkisi təhlükəsini inkar etmir.

Qazaxın Bala Cəfərli kənd sakini Cümşüd Mürsəlovun 53 yaşı var, doğulduğu gündən bu kənddə yaşayır. Ailədə 6 nəfərdirlər.

“Məcbur yaşayırıq, gedəsi yerimiz yoxdu”, Mürsəl OC Media-ya deyir. “Evimizin damı güllədən deşik-deşik idi. Qazaxın yeni icra başçısı kəndimizə gəldi və evimizin şiferini yeniləri ilə əvəz etdirdi. Amma yenidən əvvəlki vəziyyətinə düşdü, çünki atışmalar davam edir. Gündüzlər qorxmuruq, gecələr isə kabusa çevrilib. Yuxunu “kiçik ölüm” adlandırırıq”.

Qazaxın Bala Cəfərli kəndi ərazisindən müharibəyə qədər İcevan-Bakı dəmiryolu xətti keçirdi. Azərbaycanın qərb regionunun sakinləri Bakıya getmək üçün məhz buradan keçən qatardan istifadə edirdilər. Müharibədən sonra dəmiryolu fəaliyyətini dayandırdı. Ovaxtdan yalnız stansiyanın elektrik dirəkləri və sökülmüş relslərin yeri qalıb.

Cümşüd maldarlıqdan başqa, arıçılıqla da məşğuldur. Bu il məhsulu az olub. (Seymur Kazımov / OC Media)
Bala Cəfərli sakinləri deyir ki, Ermənistan tərəfdən açılan atəş nəticəsində sərhədə yaxın bəzi sakinlər öz evlərini tərk ediblər. (Seymur Kazımov / OC Media)
Müharibədən sonra İcevan-Bakı dəmiryolu xətti fəaliyyətini dayandırıb. (Seymur Kazımov / OC Media)

Qazaxın Cəfərli kənd sakinlərinin də şikayətləri eynidir. Əhali əsasən maldarlıqla məşğul olsa da, otlaq sahələri azdır. Suvarma və içməli su problem var. Müharibəyədək suvarama suyu borular vasitəsilə Ermənistandan gəlirdi, sonra onun qarşısı kəsildi və kənddə quraqlı hökm sürdü. Bundan sonra kənddə artezianlar qazıldı. Həm içməli, həm də suvarma suyu kimi arteziandan istifadə olunur.

2015-ci ildə kənd sakini Əhəd Əsgərovun həyətlərinə mərmi düşüb və onun avtomobilini zədələyib. Bundan əlavə, evin yataq otağının divarında da bir neçə mərmiz izi aydın görünür.

“1992-ci ildə babamın evinə mərmi düşdü, tamamilə dağıldı. Eyni zamanda, digər bir mərmi onun axrasında, atamın bizim üçün tikdiyi evə də düşdü. O da dağıldı”.

Advertisements

“Bir il Qazaxda orta məktəblərdən birində məskunlaşdıq. Sonra dağıdılmış evimizlə üzbəüz köhnə uşaq baxçasında məskunlaşdıq. Ailədə 3 qardaşıq. Böyüdük, işlədik. 2008-ci ildə köhnə uşaq baxçasını söküb, indiki evimizi tikdik”, Əsgərov deyir.

30 yaşlı Əhəd Əsgərov cəbhə xəttinə yaxın kənddə yaşayır; bombardman səbəbi ilə bir neçə dəfə yaşayış yerini dəyişib. (Seymur Kazımov / OC Media)
1992-ci ildə atasının tikdiyi evə mərmi düşür və inşası başa çatmayan ev dağılır. (Seymur Kazımov / OC Media)

Ağstafaçay Su Anbarının tikintisinə 1965-ci ildə başlanıb, 1969-cu ildə başa çatıb. Əvvəl su anbarının yerində Çaxmaqlı kəndi olub. Bənd qurulub, göl tikildikdən sonra Çaxmaqlının əhalisi Böyük Cəfərliyə köçürülüb. Anbar Azərbaycanın şimal-qərb regionlarını suvarma suyu ilə təmin edir.

Anbara toplanan suyun mənbəyi Ermənistan ərazisində olduğundan, sənayə və məişət tullantılası buraya axıdılır.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, anbarın suyu Ermənistan tərəfdən çirklənməyə məruz qalır.

Qış aylarından yaz aylarına kimi bənd su ilə doldurulur və yay, payız aylarında suvarma üçün istifadə edilir. Su dolanda anbarın su sahəsi genişlənir və suvarmada istifadə olduqdan sonra azalır. Su azalanda özü ilə gətirdiyi tullantılar sahədə qalır. Bu zaman üzərində erməni dilində yazılar müxtəlif məişət tullantılarının olduğu görünür.

Ağstafaçay Su Anbarının suyu çəkildikdən sonra Ermənistan tərəfdən atılan tullantıları rahat görmək mümkündür. (Seymur Kazımov / OC Media)
Birdəfəlik qəhvə fincanları, plastik süd şüşələri və qatıq konteynerləri Ağstafaçay rezervuarına axan tullantıların bəzi nümunələridir. (Seymur Kazımov / OC Media)

60 yaşlı Sədiqə Cəfərova 12 ildir ki, Cəfərli kəndindən şimalda, Kəmərli kəndində yaşayır. Aşbazlıqla məşğuldur. Deyir ki, 1 ildən bir qədər artıqdır ki, atışma səsləri eşidilmir.

“Əvvəl vəziyyət lap dözülməz idi. Evimizi dəfələrlə atəşə tutulub. Atışma zamanı evin bir küncündə gizlənirdik. Vəziyyət o yerə çatdı ki, evin tavanını da betonladıq”.

[OC Media-da Kəmərlidən 4 kilometr aralıda, Ermənistanda yerləşən Barekamavan kəndi haqqında oxuyun: Erməni “dostluq qəsəbəsi”ndə dostluq yoxdur”]

Sədiqə xanım hazırda böyük qaynının evində yaşayır. O, 1993 və 1995-ci illərdə malqara otaranda yolu azıb, əsir düşüb. İlk dəfə 6 ay əsirlik həyatı yaşayıb. 2007-ci ildə vəfat edib.

Sədiqə xanım hazırda böyük qayınının evində yaşayır. Onun sözlərinə görə, bir müddət sakitlik olsa da, atışma baş verən zaman evin bir küncündə gizləndiklərini yaxşı xatırlayır. (Seymur Kazımov / OC Media)

Muncuqlu kəndi Tovuz rayonunun Ermənistan Silahlı Birləşmələrinə ən yaxın yaşayış məntəqələrindən biridir. Kəndin döyüş mövqelərinə yaxın yerləşən evlərində yaşayış yoxdur. Belə ki, 30 evdən ibarət kəndin yalnız 19-da yaşayış var. Kənd sakini, təsərrüfatçı İlqar Musayev deyir ki, əhalinin köç etməsinə digər səbəb yolun olmamasıdır.

“Aşağı məntəqədən kəndə qədər gələn yol cəmi 3 kilometrdir. Yağış yağanda palçıqdan, qışda isə qardan buraya qalxıb-düşmək olmur. Rayon mərkəzinə getmək üçün xüsusi nəqliyyat növlərinə ehtiyac yaranır”.

“Kimsə xəstələnəndə, hətta qadınlar hamilə olanda da onları xeyli müddət öncədən kənddən çıxarırıq. Yolumuz olsa həm insanlar burada qalar, həm də turizm üçün geniş imkanlar açar”, Musayev deyir.

“Yoxsa, erməni əsgərindən hansısa qorxumuz yoxdur, baxmayaraq ki, heyvanları otarmaqda problemlər olur, erməni əsgərləri otlaq sahəsində malqara və insan gördükdə atəş açırlar”.

Muncuqlu sakinlərinin əsas məşğuliyyəti kartofçuluq və heyvandarlıqdır. Kənddə dəmyə əkinçiliyi olduğundan suvarma suyuna ehtiyac yoxdur. Əsas problem içməli su ilə bağlıdır.

“Bir neçə qonşu birləşib öz hesabımıza iki kilometr məsafədən su xətti çəkmişik. 200 metr məsafədən də arabalarla evə daşıyırıq”, İlqar deyir.

Muncuqlunu ətraf aləmlə cəmi bir qrunt yol bağlayır ki, o da yağış və qar yağanda keçilməz olur. (Seymur Kazımov / OC Media)
Muncuqlu da daxil olmaqla, bəzi sərhədyanı kəndlərdə içməli su problemi var. Bir müddət öncə bir neçə qonşu birləşib iki kilometr məsafədən su xətti çəkib. (Seymur Kazımov / OC Media)

Tovuzun Ağdam kəndi həm cəbhə bölgəsinə, həm də sərhədə ən yaxın yaşayış məntəqələrindən biridir. Riyaziyyat müəllimi Zamiq Əsgərovun 32 yaşı var, 9 ildir Ağdam kəndində yaşayır və işləyir.

“Bir ildir ki, sakitlikdir, Əvvəl çox çətin idi. İndi də atışma olur, amma əvvəlki kimi intensiv deyil. Kənddə mərminin düşməsi nəticəsilə dağılmış evlər var. Onlardan 5-i bu yaxınlarda əsaslı təmir edildi. Mənim işlədiyim məktəb də istinad divarı ilə mühafizə olunur”.

Əsgərov əlavə edir ki, kənd əhalisi müharibədən çox əziyyət çəkib; mülki əhali arasında ölənlər və yaralananlar da olub. “Əlil olan, bədənində qəlpə gəzdirənlərə də rast gəlmək mümkündür”.

Əsgərov deyir ki, əhali əsasən maldarlıq və taxılçılıqla məşğuldur. Kənddə bəzi taxıl sahələri döyüş mövqelərinə yaxın yerləşdiyindən, əkilən taxılı biçmək olmur.

“Başqa problem də Ermənistan tərəfinin yanğınlar törətməsidir. Payız aylarında, otlar saralanda sahələri yandırırlar. Yanğın vaxtında söndürülməsə insanların canı və malı təhlükədə olur”.

Ağdam kəndi taxılçılıqla məşğul olsa da, döyüş sahəsinə yaxınlıq bəzi kənd təsərrüfatı sahələrinin tərk edilməsinə gətirib çıxarıb. (Seymur Kazımov / OC Media)

Bu məqalə "International Alert” təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətinin bir hissəsidir. Layihə Avropa İttifaqının dəstəyi sayəsində Avropa tərəfdaşlığı çərçivəsində Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə nizamlanması (EPNK) məqsədilə həyata keçirilir. Materiallar jurnalistin məsuliyyətidir, "International Alert” və OC Media təşkilatının nöqteyi-nəzərini əks etdirməyə bilər.