fbpx

“İtirilmiş il”: Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri

26 May 2020
Karantin dövründə Bakı. Foto: Əziz Kərimov/Əkinçi

Qlobal COVID-19 pandemiyası bütün dünya iqtisadiyyatına mənfi təsir etdi. Lakin Azərbaycan iqtisadçıları xəbərdarlıq edirlər ki, turizm və xidmət sektoru kimi həyati əhəmiyyətli sahələrin bağlanması neftin qiymətinin aşağı düşməsi ilə müqayisədə daha az əhəmiyyət kəsb edir. 

Rafiqin (ad şərtidir) 32 yaşı var. Üç ildir ki, Bakıda yerləşən tikinti bazarlarının birində kafe işlədir. Azərbaycanda koronavirusla əlaqədar elan olunmuş karantin rejiminə görə kafe işini təxminən iki ay dayandırmalı olub. 

Rafiq OC Media-ya deyir ki, əsas özünü deyil, iki ay ərzində evinə qazanc apara bilməyən işçilərindən daha çox narahatlıq keçirib. “10-a yaxın işçim var idi. Aşbaz, ofisiant, təmizlikçi, kassir və. s. İki ay kafe bağlı olduğu üçün onlar bir qəpik qazana bilməyiblər.”

“Düzdür, iş olmadığı üçün hökumət sahibkarlara yardım göstərdi, hətta işçilərin maaş cədvəlinə uyğun olaraq maaşları da ödənildi”, — deyə o əlavə edir. “Amma rəsmi maaş o səviyyədə deyildi ki, onlar ailəsini dolandıra bilsinlər.”

Onun sözlərinə görə, işçilərin maaşını və kafenin digər xərclərini ödədikdən sonra ayda 1.000–1.200 manat (590–710 dollar) gəliri olurmuş. Bir sahibkar olaraq aldığı 700 manat (410 dollar) dövlət yardımı ona kafe işlətmək üçün götürdüyü obyektin kirayə haqqını ödəməyə kömək edib. 

Rafiq Azərbaycanda karantin dövründə çətin vəziyyətə düşən yüzlərlə sahibkardan biridir. 

“İtirilmiş il”

“Bu dövrdə (karantin) bütün gəlirləri itirdik. İlin əvvəlindən ötən ilə nisbətən gəlirlərimiz 80% azalıb. “Welcome Travel Azerbaijan” yerli turizm agentliyinin direktoru və təsisçisi”, — Emin Quliyev OC Media-ya belə deyib.

O, şirkətin altı işçisinin maaşlarının Sahibkarlığa Kömək Fondu tərəfindən ödənildiyini bildirib. Ofis kirayəsinə gəldikdə isə deyir ki, onlara şirkətin yerləşdiyi biznes mərkəzi tərəfindən endirim edilib.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin sözlərinə görə, virusun ölkəyə yayılmasından əvvəl, yanvar-fevral aylarında ziyarətçilərin sayında artım olmasına baxmayaraq, 2020-ci ilin birinci rübündə Azərbaycana gələn xarici qonaqların sayı əvvəlki ilə nisbətən təxminən 300.000 az — 36% azalıb. 

Təkcə aprel ayında 217 min nəfər turist azalıb — bu, ötən ilin aprel ayına nisbətən 91,7% azdır.

İqtisadçı Rövşən Ağayev OC Media-ya turizm, qeyri-ərzaq ticarəti və xidmətlərin ən çox zərbə alan sektorlar arasında olduğunu qeyd edir və bildirir ki, həmin sahələr ÜDM-ə az töhfə vermələrinə baxmayaraq çox vacibdirlər.

“Turizm və qeyri-ərzaq ticarətinin Azərbaycanın ÜDM-də payı 5 faizə yaxındır. Amma əsas məsələ bu sahələrdə çalışan 300-400 min insanın işidir.”

İqtisadçı deyir ki, bu “qeyri-ənənəvi vəziyyətdə” hökumət ilkin istehlak tələbinin azalmasının qarşısını almalı və işlərini itirmiş və evdə qalan insanların gəlirlərini kompensasiya etmək üçün davamlı addımlar atmalıdır.

“Bizneslə bağlı hökumətin postpandemiya dövrü üçün hazırlıqları olmalıdır. Hökumət biznesin inkişafı və dayanmaması üçün kredit verməlidir.”

ReAl Partiyasının icraçı katibi Natiq Cəfərli OC Media-ya açıqlamasında bildirdi ki, karantindən dərhal sonra iqtisadiyyatın bütün sahələrinin dərhal işə düşməyəcəyini nəzərə almaq lazımdır. Onun sözlərinə görə turizm kimi bəzi sahələr üçün hətta bu il itirilmiş il olaraq yadda qalacaq. O, bunun iqtisadiyyatın ümumi sağlamlığına da təsir edəcəyini qeyd edir. 

“Bu sahədə qazanc və gəlir olmadığı üçün vergi daxilolmaları da olmayacaq. Bu sahədə iqtisadiyyatın zəifləməsi də büdcənin təqribən 1 milyard manata yaxın (590 milyon dollar) vergi öhdəliyinə mənfi təsir göstərəcək.”

Neft böhranı

Natiq Cəfərli eyni zamanda deyir ki, dünyada baş verən proseslər — həm pandemiya, həm də neftin qiymətinin düşməsi Azərbaycan kimi iqtisadiyyatı neftdən asılı olan ölkələrə ikiqat zərbə vurur. 

“Neftin qiymətinin ucuzlaşması daha çox makroiqtisadi göstəricilərə təsir göstərir. Aprel ayından başlayaraq neftin qiymətinin orta hesabla 20 dollar olduğunu nəzərə alsaq, aprel ayının makroiqtisadi göstəriciləri kəskin azalacaq. Xarici ticarət dövriyyəsində, ixracatda, Ümumdaxili Məhsulun istehsal templəri, valyuta daxil olmaları kəskin şəkildə azalacaq. Karantin rejimi isə bu fəsadları daha da dərinləşdirir”, — o qeyd edir. 

Bu ilin dövlət büdcəsində neftin bir barreli 55 dollar səviyyəsində müəyyən edilib. Natiq Cəfərlinin sözlərinə görə, qiymətlər gözləntidən aşağı olduğu üçün neft gəlirlərindən gələn vergi daxilolmalarında 1 milyard dollarlıq bir kəsir yaranacaq.

Iqtisadçı Rövşən Ağayev də Azərbaycan iqtisadiyyatının əsas təsirləndiyi mənbənin neft qiyməti ilə bağlı olması fikri ilə razıdır, çünki bu qiymət ilin sonuna qədər davam edərsə, “neft gəlirləri 4–5 dəfə azalacaq” və “həm büdcənin gəlirlərinə, həm də büdcə xərclərinə ciddi təsir göstərəcək”. 

Yeri gəlmişkən, Azərbaycan hökuməti 2,5 milyard manat (1,5 milyard dollar) dəyərində əhali üçün sosial və vergi ödəyiciləri üçün 1 milyard (590 milyon dollar) məbləğində yardım paketi elan edib. 

Natiq Cəfərlinin hesablamalarına görə, 2020-ci ildə büdcə xərcləri planlaşdırılandan təxminən 2,5 milyard–3 milyard manatdan (1,5 milyard dollar–1,8 milyard dollar) çox olacaq. Eyni zamanda, o, büdcə daxilolmalarının təxminən 5 milyard manat (2,9 milyard dollar) azalacağını söylədi.

Devalvasiya təhlükəsi 

Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu Azərbaycan manatının gözlənilən devalvasiyasına dair xəbərdarlıq edir.

Qubad İbadoğlu OC Media-ya bildirdi ki, hökumətin fəaliyyət planının icrası iqtisadiyyatdakı bir çox zəif tərəflərii aşkara çıxardı. “Ölkədəki kölgə iqtisadiyyatının, korrupsiyanın səviyyəsinin gözləniləndən daha yüksək olduğu məlum oldu.”

Qubad İbadoğlu, ölkənin əsas gəlirinin neftin ixracından qaynaqlandığından, neftin qiymətində hər hansı bir enişin ölkənin gəlirlərinin mütləq azalmasına səbəb olacağını söylədi — əvvəllər olduğu kimi.

O, büdcə tarazlığının pozulmasının və tədiyyə balansı kəsirinin gözlənildiyini bildirir. “Valyuta bazarında dollara tələbatın çoxalması da manata təzyiqlərin artmasına səbəb oldu.”

Bununla yanaşı, İbadoğlu deyir ki, koronavirusun Azərbaycan iqtisadiyyatına təsirini yalnız mənfi olaraq qiymətləndirmək düzgün olmaz, çünki İT və rabitə xidmətlərinə tələbat artdı və həmin xidmətlərə müsbət təsir göstərdi. 

O, əlavə edir ki, sənaye və kənd təsərrüfatında da oxşar, nəzərə çarpan təsirləri var, baxmayaraq ki, „əhəmiyyətli dərəcədə” deyildi.

„Onun qısa müddətli dövrdə müsbət təsirlərini və orta və uzunmüddətli dövrdə isə mənfi təsirlərini görmək mümkündür” — iqtisadçı qeyd edir.

“Çox ciddi manevrlər”

Deyilən bədbin proqnozlara baxmayaraq, rəsmilər açıqlamalarında nikbindirlər.

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Elman Rüstəmov hökumətin ölkədəki makroiqtisadi vəziyyətə nəzarət etdiyini israr edir.

O, bütün mümkün ssenariləri proqnozlaşdırdıqlarını və dünya enerji və birjalardakı kəskin dalğalanmalara qarşı addımlar atmağı planlaşdırdıqlarını bildirib.

Rüstəmovun sözlərinə görə, ölkədə illik inflyasiya çox aşağı səviyyədə — cəmi 3%-dir.

“Milli valyutanın məzənnəsinə çox ciddi bir spekulyativ hücum oldu, ancaq bu hücumun qarşısını aldıq və valyuta bazarında vəziyyət sabitləşdi.”

O, həmçinin beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun ölkədəki iqtisadi vəziyyəti „çox müsbət” qiymətləndirdiyini və Azərbaycanın “böyük valyuta ehtiyatları və aşağı xarici borcu”nun ölkənin “çox ciddi manevrlər etməsinə” imkan verdiyini bildirdi.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının pandemiya səbəbindən gündəlik itkisini 120 milyon–150 milyon manat (71 milyon–88 milyon dollar) səviyyəsində qiymətləndirib.

„Azərbaycan Respublikasının ehtiyatları, maliyyə resursları, iqtisadi dayanıqlılığı imkan verir ki, bu və digər mövcud qərarlarda olduğu kimi, bu məsələdə də ölkə vətəndaşlarının sağlamlığı əsas götürülsün”, — o vurğulayıb.

Biznesinin dayanmasına baxmayaraq, “Welcome Travel Azerbaijan” şirkətinin direktoru Emin Quliyev də gələcəyə nikbin baxır. O, karantin rejimi bitdikdən sonra daxili turizmin yaxşılaşacağına və zamanla digər sahələrdə də vəziyyətin müsbətə doğru dəyişəcəyinə ümid edir.

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. You can support us today for as little as $1 a month and join us in the fight for a better Caucasus.

Support Us