fbpx

Nifrət dolu kitabxanalar: Azərbaycandan Gürcüstana

3 June 2019
Marneuli İctimai Kitabxanası (Rahim Şaliyev /OC Media)

Azərbaycan, Gürcüstan kitabxanalarına ermənilər əleyhinə nifrət danışığı olan kitablar göndərməkdədir. Kitabxanaların özləri bu mövzuda problem görməsə də, Gürcüstan azəriləri bunun etnik problemlərin ortaya çıxmasına səbəb ola biləcəyindən qorxur.

Gürcüstan azərbaycanlısı olan İmran Qafarov etnik azərbaycanlıların çoxluq təşkil etdiyi Gürcüstanın cənubundakı Kvemo-Kartli bölgəsindəki Marneuli İctimai Kitabxanasına getdiyi zaman orada ermənilərə qarşı torpaq iddiaları və nifrət danışığı olan kitablar tapıb və gözlərinə inana bilməyib.

“Marneuli kitabxanasını ziyarət etdiyim zaman orada Əziz Ələkbərlinin yazdığı “Qərbi Azərbaycan Abidələri” adlı kitab gördüm. Kitabın Azərbaycanın qərbindəki tarixi abidələrlə haqqında olduğunu düşündüm. Ancaq kitabı oxuduğumda, onun Ermənistandakı tarixi abidələrlə bağlı olduğunu gördüm. Kitabda ermənilərə qarşı düşmənçilik ünsürləri vardı”, — deyə Qafarov OC Media üçün bildirib.

Kitabxanada bu kitabın 2 müxtəlif nəşri var. 2006-cı ildə nəşr edilən kitabın 13-cü səhifəsində Ermənistana qarşı torpaq iddiaları haqda məlumat verilir. 21-ci səhifədə isə müəllif ermənilərin azərbaycanlılara qarşı 4 dəfə soyqrım etdiyini yazır. 2007-ci ildə edilən nəşrdə isə Ermənistandakı ərazilər “Qərbi Azərbaycan” adlı xəritədə azərbaycan dilindəki variantları ilə təsvir edilib.

Kitabxanada 3 növ propoqanda kitabları var: Ermənilər və Ermənistana qarşı nifrət təbliği, İrana qarşı separatçı iddiaların dəstəklənməsi və Azərbaycan iqtidarındakı Əliyev ailəsinin təbliği.

Açıq nifrət danışığı

“Gürcüstan-Azərbaycan elləri” adlı kitabda müəllif Eldəniz İbrahimov tam açıq şəkildə olmasa da, kitabın bir hissəsində Gürcüstan azərbaycanlılarının müstəqilliyini təbliğ edən çox incə bir mesaj verir. Kitab Azərbaycan abidələri haqda olmasına baxmayaraq Azərbaycanın parlament başçısı olmuş Əlimərdan Topçubaşovun 1918-ci ildəki müsətqillik nitqi ilə başlayır:

“Siyasət qədər elastik və dəyişkən heç nə yoxdur. Bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik. Ona görə belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa olsun müstəqillik əldə edəcəyinə inanırdıq. Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç zaman geri çəkilməmişik və çəkilməyəcəyik də. Çünki biz bu səadətə bərabər heç nə tanımırıq”.

Advertisements

9-cu səhifədə isə müəllif bunları bildirir: “Gürcüstan Azərbaycanlıları ilə bağlı ara-sıra maraqlı araşdırmalar nəşr olunur. Onların həyatı, problemləri və gündəmi Azərbaycan mediası üçün aktual mövzudur. Kütləvi informasiya vasitələri, o cümlədən də internet portalları öz xəbər gündəliklərində Gürcüstana və burada yaşayan azərbaycanlılara xüsusi yer ayırırlar. Lakin bütün bunlar tam kifayət deyildir. Barmaqlarımız daim Borçalının (Kvemo Kartlinin tarixi adı) nəbzində olmalıdır. Çünki bu region bizim üçün böyük əhəmiyyət kəsb edir”.

Kitabın bu hissəsi rus və ingilis dilinə tərcümə olunmuş variantda yoxdur.

Azərbaycanca kitablar olan rəf (Rahim Şaliyev /OC Media)

Kitabxanada yer alan “Ermənilər və həqiqətlər” kitabının 4-cü cildində isə ermənilərə qarşı ifrata varmış nifrət çağırışlarına kitabın hər səhifəsində rast gəlmək olar. 1925-ci səhifədə ermənilər “qaraçı” və “nökər” adlandırılır:

“Ermənilər Türkiyə və Qafqaza gəlmə olsalar da bu torpaqlarda özlərinə yaxşı yaşayış şəraiti tapdıqlarından, türk xalqlarının qonaqpərvərliyindən yararlanaraq daimi məskunlaşmağa qərar vermişlər. Lakin, müəyyən müddət keçdikdən sonra öz qaraçı xislətlərindən əl çəkə bilməmişlər və digər güclü dövlətlərin siyasi oyunlarının qurbanına çevrilərək dünən qapılarında nökərçilik etdikləri ağalarına düşmən kəsilmişlər”.

1942-1943-cü səhifələrdə isə aşırı təhqirlər yer almaqdadır:

“Vaxt gələcək, hər dəfə tarixi saxtalaşdıran, türklərə məxsus abidələrin, tarixi yerlərin, məkanların adlarını dəyişərək özünküləşdirməyə çalışan ermənilər dünya alimləri, səyyahlar, tarixi şəxsiyyətləri tərəfindən riyakar, fitnəkar, pozğun, alçaq, çörəyi tapdalayan bir tayfa kimi yaddaşlarda qalacaq və onlar qanlı əməllərinə görə bəşəriyyət tərəfindən lənətlənəcəklər”.

Kitabxanada həmçinin İrana qarşı separatçı hərəkatları dəstəkləyən Xəlil Rza Ulutürk kimi şairlərin də kitabları az deyil. Propoqanda kitablarının əksəriyyəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizim Nazirliyinin sifarişi ilə nəşr edilib.

Kitabxananın direktoru Lana Xaşalaşvili bildirib ki, kitablarda nifrət nitqinin olmasından xəbərsiz olub: “Kitabxana yeni açıldığı zaman Azərbaycan Səfirliyi 800 azərbaycan dilində kitab hədiyyə edib, digər kitabların əksəriyyəti isə alınıb. Bizim kitablara xüsusi nəzarət etmək səlahiyyətimiz yoxdur. Çünki biz kitabxanaya arxiv kimi yanaşırıq. Burada hansısa kitabı siyahıdan çıxartmaq kimi səlahiyyətim yoxdur”.

Marneuli İctimai Kitabxanası (Rahim Şaliyev /OC Media)

“Sadəcə arxiv”

Bu növ kitablar yalnız Marneuli kitabxanasında deyil.

Azərbaycanın “525-ci” adlı qəzetinin 2009-cu ilin fevralında yayımladığı məlumatda deyilir ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Gürcüstan Milli Parlament Kitabxanasına, Tbilisi Dövlət Universitetinə, Marneuli şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan məktəblərinə, cəzaçəkmə müəssisələrinə xeyli sayda çap məhsulu göndərilib.

“Bunlar Azərbaycanın zəngin mədəniyyəti, tarixi, ədəbiyyatı, incəsənəti, müasir xarici siyasəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, eləcə də ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında kitab kolleksiyalarından, elektron nəşr və filmlərdir”.

Qəzetin məlumatın əsasən, kolleksiyada həmçinin "Heydər Əliyev və mədəniyyət", "Mədəniyyətimizin və mədəni incilərimizin hamisi", "Humanizm və xeyirxahlıq missiyası", "Erməni terroru" kitabları da var.

Həmin ilin dekabr ayında Azadlıq Radiosunun Azərbaycan xidmətinin yaydığı məlumatda isə Axundov adına Milli Kitabxananın Gürcüstan azərbaycanlılarına 3488 nüsxə kitab göndərdiyi bildirilib. Kitablar tədris müəssisələrin və kitabxanalara paylanıb.

Siyahıda adı qeyd edilən Gürcüstanın Parlament kitabxanasında Akif Nağı adlı müəllif tərəfindən yazılmış “Qarabağ müharibəsi — qısa tarixi” adlı kitabın açılış nitqində yazılıb: “Kitabda şərh edilən faktlar qədim dövrdən bu günə qədərki erməni xisləti, qəsbkarlığı və işğalçılığına qarşı Azərbaycan xalqının mübarizə yolunu əhatə edir”. Kitab əvvəldən sona qədər erməni xalqına qarşı işlədilmiş kütləvi təhqirlərlə zəngindir.

Gürcüstan Milli Parlament Kitabxanası (Tamuna Çkareuli / OC Media)

Həmçinin bu kitabxanada da Azərbaycanın ailə hakimiyyətini təbliğ edən kitablar tapmaq olar.

Kitabxananın direktoru Levan Taktakaşvili bildirib ki, kitablara xüsusi yanaşılmır və onlara arxiv kimi baxılır.

“Günahı olmayan insanları toplu şəkildə alçaltmaq doğru deyil”

Avropalı Gürcüstan partiyasının azərbaycan əsilli siyasətçisi Əhməd İmamquliyev bu kitabları oxumadığını, lakin xalqlara qarşı nifrət dilinin işlədilməsini düzgün saymadığını bildirib:

“Hər hansısa dövlətin çirkin siyasətinə aqressiv dildə cavab vermək normaldır. Amma günahı olmayan insanları toplu şəkildə alçaltmaq doğru deyil. Millətlərə qarşı yönələn çirkin, pis sözlər yolverilməzdir. Misal üçün, deyə bilərik ki, Rusiya dövləti aqressordur, amma dövlətin mövqeyinə görə rus xalqına nəlayiq söz deməyə haqqımız yoxdur”.

İmamquliyev bu tip kitabların Gürcüstanda yaşayan etnik azlıqlar arasında nifrətə səbəb olacağına inanmadığını da bildirib. Onun sözlərinə görə, bu tip kitabları çox adam oxumur. O, həmçinin əlavə edib ki, Gürcüstandakı etnik azlıqlar hər zaman dostluq içində yaşayıb.

“Gürcüstan höküməti belə kitabların Gürcüstana gətirilməsinin qarşısını almalıdır”

Gürcüstanlı ictimai fəal Aida Tağıyeva isə nifrət aşılayan kitablar kitabxanalardan yığışdırılmalı olduğunu düşünür:

Bir millətə “alçaq”, “riyakar” kimi sözlərlə müraciət etmək çox böyük yanlışdır. Gürcüstan dövləti belə kitabların Gürcüstana gətirilməsinin qarşısını almalıdır”, — deyə Tağıyeva OC Media üçün bildirib.

Onun sözlərinə görə bu tip kitablar Gürcüstanda yaşayan azərbaycanlılar üçün “Psixoloji təziq” yaradır.

“Azərbaycan tərəfinin yürütdüyü psixoloji təziq nəticəsində Gürcüstan azərbaycanlılarının demək olar ki, 80 %-də ermənilərə qarşı nifrət formalaşıb. Üzdə çox görünməsə də, bəzi həssas məqamlarda hiss olunur. Bu tip kitablar da təziqi daha da qüvvətləndirir”, — Tağıyeva bildirib.

O, həmçinin bu təziqin Azərbaycan siyasətinin bir parçası olduğunu deyir.

“Azərbaycan höküməti bizi öz parçası kimi görür. Çünki Gürcüstandakı azərbaycanlıların ermənilərə qarşı nifrəti onlar üçün sərfəlidir, burada konflikt yaransa öz xeyrlərinə istifadə etmək istəyəcəklər”, — deyə o bildirib.

Həmçinin əlavə edib ki, Gürcüstan Azərbycanın müharibə zamanı acı çəkdiyini bilir.

“Buna təəssüf edirik və hər zaman soyqrımı, Xocalıdakı hadisələri pisləmişik. Amma ədalət nifrətlə bərpa olunmur. Bu o demək deyil ki, biz buna görə Gürcüstandakı ermənilərlə düşmən olmalıyıq. Müharibədə günahı olmayan insanlar hədəfdə olmamalıdır. Gürcüstanda yaşayan əhli ümumiyyətlə bu konfliktin iştirakçısı olmayıb. Bu məsələlər bizim üzərimizdən yox, dövlətlər arasında həll olunmalıdır”.