fbpx

Qəbullanma cəhdləri: Pakistanlılar Azərbaycanda yeni həyat qurur

28 March 2018
Səkkizinci kilometr bazarı (Bəhruz Səmədov /OC Media)

Vətənlərindən 2000 km uzağa köçərək, azsaylı Pakistanlı icması yeni həyat qurmağa cəhd edir. Ancaq burada ailə quran və uşaqları olanlar üçün belə qanuni olaraq tanınma, yəni vətəndaşlığa sahib olma heç də asan deyil.

Son zamanlar Azərbaycanda Cənubi Asiya ölkələri vətəndaşlarının miqrasiya qaydalarının pozulmasına görə deportasiya edilmələri xəbərləri yayılır. Bununla bağlı bu ilin martın birində xəbər yayıldı ki, 5 Hindistan, 3 Pakistan, 2 Banqladeş və bir Əfrqanıstan vətəndaşı saxlanılıb.

Bundan əvvəl ölkədə 160-a qədər Hindistan vətəndaşı saxlanılmışdı. 2017-ci ildə isə qeyri-qanuni miqrantların sayında çoxluq Pakistan vətəndaşlarının payına düşmüşdü. Pakistanlı miqranların bir hissəi tikinti sektorunda çalışır, ancaq məişət məhsulları satan Pakistanlı obrazı da hər kəsə tanışdır.

“Mədəni və siyasi baxımdan yaxınlıq”

Əhməd Təlat (Bahruz Samadov /OC Media)

Əhməd Təlat “Səkkizinci kilometr” bazarı kimi tanınan ərazidə paltar satmaqla məşğuldur. Mağazanı arendaya digər Pakistanlı götürür, Əhməd isə burada satıcı kimi çalışır. Az qala təmiz Azərbaycan dilində danışır ki, o, 15 il əvvəl, qeyri-stabillik dövründə Karaçi şəhərindən gəlib.

“Əvvəlcə planların çox fərqli idi, təhsil almaq, Karaçidə olan təhlükəli mühitdən çıxıb, yeni həyata başlamaq istəyirdim. Orada gələcək yoxdur... Çox adam Azərbaycanı məsləhət görürdü, çünki mədəniyyətimiz oxşayır, siyasi baxımdan da yaxınıq. Bakıya gələndən bacardığım kimi pul qazanırdım, bir müddət sonra isə bir qızla tanış oldum”.

Əhməd danışır ki, əvvəlcə onun sünni olmasına görə kiçik problemlər yaşansa da, bunlar tez zamanda həllini tapdı və onlar evləndilər. Toyda onun Pakistandan olan ailəsi də iştirak edib. Cütlüyün iki qız uşağı da tezliklə dünyaya gəlib.

Əhmədin sözlərinə görə, ilk əvvəl gənc və daha enerjili idi, hər işə özünü çatdırırdı. Uşaqlar doğulduqdan sonra isə təhsil üçün artıq çox gec olduğunu anladı, ailə saxlamaq üçün işləmək lazım idi. Bu illər ərzində Azərbaycan dilini o, çox yaxşı səviyyədə öyrənə bilib.

Advertisements

“Rüşvət yoxdur”

Digər Pakistanlı Şahbaz Xan məişət əşyaları satmaqla məşğuldur. Bu məhsulları o, açıq havada satır. Bu tip satıcılar bazarda çoxdur. Fikir verirəm ki, Əhməd Təlatla müqayisədə Şahbaz zəif və müdafiəsiz görünür. Bir neçə gün əvvəl mən onu görəndə, o, diskriminasiyadan və polisin ondan digərlərindən daha çox pul tələb etməsindən şikayətlənirdi. Bu gün o bu haqda danışmaq istəmir.

Şahbaz danışır ki, o, Pakistanın Lahor şəhərində, kasıb ailədə böyüyüb. İlk dəfə Bakıya 2007-ci ildə bir qrup Pakistanlı ilə turist kimi gəlib. Bir il sonra o, miqrant statusu alıb və Bakıda Pakistandan məişət məhsualları satmaqla məşğul olub.

Şahbaz da Azərbaycanlı qadın ilə ailə qurub. Onun sözlərinə görə, gələcək həyat yoldaşı ilə təsadüfən, ortaq tanışları sayəsində tanış olublar. İndi onların üç uşağı var.

O, öz hekayəsini danışdığı zaman, arxa tərəfdə polis əməkdaşlarının açıq havada alver edənlərə öz mallarını yığışdırmaqları tələb etməklərini görürəm. Şahbaz deyir ki, açıq havada alver etmək çətinləşib, bu, onun kimiləri üçün böyük problemdir.

Rüşvət haqda sual verirəm. Urdu dilində digər Pakistanlılara bir neçə söz dedikdən sonra, o, rüşvətin olmadığı deyir: “Polislə heç bir problemimiz yoxdur, rüşvət də yoxdur. Hər kəslə necə, bizlə də elə”.

Əvvəllər Bakıda mənzil-mənzil gəzib, məişət əşyaları satan Pakistanlılarla qarşılaşmaq adi hal idi. İndi Şahbaz düşünür ki, bəlkə də bir gün bu yola yenidən qayıdacaq.

Əlçatmaz vətəndaşlıq

Şahbaz Xan (Bahruz Samadov /OC Media)

Hər iki Pakistanlı müsahiblərim hesab edirlər ki, vətəndaşlıq əsas problemləridir. Əhməd Təlat artıq 15 ildir ki, Azərbaycanda yaşayır, ancaq hələ də vətədanşlıq ala bilmir. Şahbaz Xan da 10 il burada yaşadığı üçün, vətəndaşlıq arzusundadır.

Ancaq onlara vətəndaşlıq əvəzinə ölkədə müəyyən müddət yaşamaq üçün qeydiyyat verilir. Miqrasiya xidmətinin qaydasına görə, Azərbaycanda yaşayan miqrantların müəyyən adresdə qeydiyyatı olmalıdır. Qeydiyyatın alınması üçün Əhməd Təlat kirayə qaldığı evin sahibi ilə əvvəlcədən razılaşır və müəyyən məbləğ əvəzində mənzilə bir illik qeydiyyata salınır.

Bu, əlavə xərclərə yol açır: hər il 120 miqrasiya xidmətinə, 80 tibb arayışına, 50 manat isə notarial xidmətlərə sərf edilir. Onun sözlərinə görə, ümumən hər il 250-300 manat bu prosedurlara xərclənir, kasıb ailə üçün isə bu pulun əhəmiyyəti çoxdur.

Miqrasiya xidmətində Əhmədə əvvəlcə 5 illik, sonra yenə 5 illik qeydiyyat almağı, daha sonra vətəndaşlıq verilməsi təklif edilir. 5 illik qeydiyyatın qiyməti 350 manatdır və bu pulu birdəfəlik ödəmək lazımdır. Onun buna imkanı çatmadığı üçün, o, bir illik qeydiyyat götürür. Əhməd Təlat deyir ki, onun kimi Bakıda 300 Pakistanlı miqrant var.

Onun üçün Azərbaycan vətəndaşlığına sahib olmanın mənəvi tərəfi də var. Özünü Azərbaycanlı kimliyinin daşıyıcısı hesab edən Əhməd bunun rəsmi olaraq tanınmasını istəyir.

“Bəzən pis insanlar deyirlər ki, mən xariciyəm, burda nə işim var? Belə anlarda cibimdən vətəndaşlığı çıxarıb demək istəyirəm ki, bu Azərbaycanda məni rəsmi olaraq qəbul ediblər”. Əhməd narahat olur ki, bu cür sualları məktəbdə oğluna də verə bilərlər. “İstəyirəm ki, belə anlarda oğlum desin ki, təkcə onun yox, həm də atasının Azərbaycan vətəndaşlığı var”.

Deportasiya olunmuş Pakistanlılar və Hindistanlılar haqda soruşanda Şahbaz deyir ki, bir neçə belə Pakistanlını tanıyırdı. Onun sözlərinə görə, onlar sadəlövh olublar və fırıldaqçılara aldanıblar: “Onlar turist kimi gəlib, daha sonra işləyirdilər. Onlar turist vizası ilə bunu etməyin qeyri-qanuni olduğunu bilmirdilər”.

Uşaq nəvaciblərinin olmaması

Əhməd Təlatın və Şahbazın ikinci şikayəti uşaqlar üçün sosial yardımın ayrılmamasıdır. Sosial nəvaciblər ancaq valideynlərdən biri rəsmi işdə işləyəndə verilir. Hər ikisinin həyat yoldaşları işləmir, çünki uşaqların yaşı azdır.

“Bununla heç kim kömək edə bilməz”. Əhməd əlavə edir ki, bu il qızı birinci sinifə gedəcək: “Bir ata kimi bəzən istənilən kimi pulun hər şeyə çatmamasına görə utanıram”.

Şahbazın ailəsində üç uşaq var. “Mən müasir adamam, həyat yoldaşımın işləməsinə qarşı deyiləm, ancaq iş də yoxdur”. Onun böyük uşağının 7 yaşı var, və o Azərbaycan vətəndaşıdır, ancaq indiyə kimi sosial yardım görməyiblər.

Himayəsində səkkiz yaşayacan olan ailələlərin sosial yardım olmaları üçün gərək valideynlərdən birinin rəsmi iş yeri ola və buna görə vergi ödəyə. Sosial müavinətin məbləği ailənin gəlirlərindən asılı olaraq dəyişə bilər, ancaq ortalama olaraq bu məbləğ aylıq 152 manat təşkil edir.

Bütün bu söhbətlər zamanı mağazada başqa bir Pakistanlıda bizə qulaq asırdı. Aydın olur ki, onun qaçqın statusu var və BMT-nin qaçqınlar üzrə yerli ofisi onun qayğısına qalır. Daha əvvəl yayılan xəbərə görə, Azərbaycanda yaşayan Pakistanlı qaçqınların sayı 30-dan azdır. O, bura öz həmvətənləri ilə söhbət etməyə gəlir.

“Ona nə lazımdır? Onu BMT qoruyur”, — zarafat edərək, Əhməd məsələni izah edir.