fbpx

Rəy | Avropa İttifaqı Parlamenti açıq şəkildə bəyan etdi — insan hüquqları ilə bağlı vəziyyət yaxşılaşmayana qədər Azərbaycanla heç bir razılaşma olmayacaq

13 July 2018
Azərbaycan Prezidenti İlham Əliyev (solda) Avropa Komissiyasının sədri Jan-Klod Yunker ilə 6 fevral 2017-ci il tarixində Belçikanın Brüssel şəhərində Komissiyanın qərargahında görüşmüşdür. (Fransua Lenuar /Reuters)
Filip Dem — Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiyada hüquq müdafiə lobbisinin rəhbəri.

Avropa Parlamenti, Avropa İttifaqı nümayəndə heyəti ölkədəki insan hüquqları ilə bağlı vəziyyət yaxşılaşmayana qədər Azərbaycanla razılaşmanı ratifikasiya etməyəcəklərini açıq şəkildə bildirdi. İndi Avropa Komissiyası Azərbaycanda müxalif düşüncənin boğulmasının qarşısının alınması və siyasi məhbusların azad edilməsinə nəzarət etməlidir.

Avropa Parlamenti iyulun 4-də Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə dair qətnamə qəbul etdi, lakin bu, insan hüquqları hesabına olmayacaq. Parlament üzvləri bəyan etdilər ki, Avropa İttifaqının fundamental dəyərlərinə və hüquqlarına hörmət göstərməyən bir ölkə ilə razılaşmanın ratifikasiyası mümkün deyil.

Onların fikrincə, Avropa Şurası və Komissiyası 2017-ci ilin fevral ayından etibarən davam edən tərəfdaşlıq danışıqlarından istifadə edərək öz mövqeyini bildirməli və Azərbaycanda siyasi məhbusların azad edilməsi , həmçinin dövlətin qeyri-hökumət təşkilatları və hüquqşünasların işinə müdaxilə etməməsi barədə şərt qoymalıdır.

Qətnamə böyük əhəmiyyət kəsb edir, belə ki, Avropa İttifaqının qanunverici orqanı olan Avropa Parlamenti beynəlxalq razılaşmaların qüvvəyə minməzdən əvvəl ratifikasiyasında mühüm rol oynayır. Avropa qanunvericiləri bu dəfə də aydın şəkildə bildirdilər ki, ölkədə fundamental dəyərlər və hüquqlara hörmət edilmədikcə, hökumət əleyhinə danışanlar isə barmaqlıqlar arxasında qalmağa davam etdikcə, Azərbaycanla heç bir razılaşma əldə olunmayacaq.

Bütün bunlar nə deməkdir? Azərbaycanla yeni tərəfdaşlıq sazişi Qərbi Avropa ilə Cənubi Qafqazda neftlə zəngin bir ölkə arasında siyasi və iqtisadi əlaqələri dərinləşdirəcəkdir. Müzakirələrə başlamaq barədə qərar 2017-ci ilin fevral ayından etibarən, Azərbaycanda qanunsuz olaraq həbs edilmiş onlarla fəal, jurnalist və hüquq müdafiəçisindən 17 nəfər sərbəst buraxıldıqdan qısa müddət sonra qəbul edilib. Avropa İttifaqının Azərbaycanla əməkdaşlıq etməyə can atması ən yaxşı halda istəklərin həqiqətə çevrilməsidir, yəni ölkənin istədikləri ona verildikdə, bu, ölkədə insan hüquqları ilə bağlı kritik vəziyyəti yaxşılaşdıra bilər; ya da ən pis halda karbohidrogen əməkdaşlığı maraqlarının insan hüquqları ilə bağlı narahatçılıqlardan üstün tutulması, Avropa İttifaqı üçün narahatlıq doğuran bir utancdır.

Uzun illər ərzində Azərbaycan hakimiyyəti bütün müxalif səsləri susdurmaq üçün birgə çalışmışdır. Onlarla hökumət əleyhinə çıxış edənlər, mülki və siyasi fəallar, jurnalistlər, bloggerlər və hüquq müdafiəçiləri həbs edilmişdir. Hətta hökumət onlardan bəzilərini azad etdikdən sonra yeniləri həbs edildi. Bir çox fəallar ölkəni tərk etmək məcburiyyətində qaldı, digərlərinin isə ölkədən çıxması məhdudlaşdırıldı.

Hakimiyyət orqanları həmçinin QHT-lərin xaricdən maliyyələşmələrinə mane olan qanunları qəbul edərək ölkənin heç vaxt fəal olmayan vətəndaş cəmiyyətini məhv ediblər. Bundan əlavə, Azərbaycan müstəqil KİV-ə təzyiq göstərir, aparıcı təşkilatların internet saytlarını bloka salır, intizam sanksiyalarını tətbiq edərək və ya lisenziyasını ləğv edərək vəkillərin işinə müdaxilə edir.

Advertisements

Bir çox siyasi məhbus və siyasi qaçqınlar Avropa İttifaqının Bakı ilə münasibətlərdə qətiyyətli olacağına ümid edərək getdikcə daha da kəskinləşən avtoritar hökumətə qarşı çıxmağa davam edir. Onların sırasından olan İlqar Məmmədov Azərbaycandakı az saylı alternativ siyasi səslərdən biridir. Avropa Məhkəməsinin iki dəfə ona bəraət qazandırmağına baxmayaraq, 2013-cü ilin fevralından bəri həbsdədir. Ötən il bir çox Avropa İttifaqı üzvu dövlətləri Avropa Məhkəməsinin Məmmədovun azad edilməsinə dair qərarlarına əməl edilməməsi səbəbindən Avropa Şurasının Azərbaycana qarşı məhkəmə icraatına başlamaq təşəbbüsünə dəstək verdilər.

Buna baxmayaraq, Məmmədov hələ də həbsdədir, bu dövlətlər isə, görünür ki, Azərbaycanla daha sıx əməkdaşlıq haqqında saziş imzalamaq fikrindədirlər. Avropa Parlamentinin qətnaməsində Məmmədov və bir neçə digər fəal və jurnalistdən bəhs edilir. Əməkdaşlıq üzrə danışıqların başa çatması üçün ən vacib şərt onların azad edilməsidir.

Avropa İttifaqı nümayəndələri üçün qonşu ölkələrdə repressiyalardan əziyyət çəkənləri dəstəkləmək həmişə vacibdir. Lakin Azərbaycana gəldikdə, bu, çox zaman keçərli olmur. Azərbaycanla siyasətində siyasi hüquqları müdafiə etdiyini bəyan edən Avropa Komissiyası da, göründüyü kimi, iqtisadi və ya siyasi maraqlar qarşısında bu prinsiplərdən çox zaman uzaqlaşır.

Yeni tərəfdaşlıq sazişinə dair danışıqlardan sonra Azərbaycan hökuməti yenidən hökumət əleyhinə çıxış edənlərin həbsinə başladı. 2017-ci ilin martında məşhur blogger Mehman Hüseynov, güya polisə böhtan atdığı üçün, iki illik həbs cəzasına məhkum edildi. Hüseynov həbsdə olan zaman onunla pis rəftar olunduğu barədə danışırdı. Gürcüstana qaçmış jurnalist Əfqan Muxtarlı may ayında oğurlanmış və qeyri-qanuni yolla Azərbaycana göndərildi. Ona qarşı saxta ittihamlar irəli sürülərək altı il müddətinə azadlıqdan məhrum olundu. Siyasi müxalifət tərəfdarlarının və gənc fəalların əksəriyyəti analoji hallarla qarşılaşır.

Parlament aydın şəkildə bildirdi ki, yeni ikitərəfli müqaviləni müzakirə edərək və ya Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni boru kəmərinin tikintisi üçün milyardlarla kreditləri təmin edərək Avropa İttifaqı diplomatlarının göz yumduğu bütün məsələlərdə irəliləyiş gözləyir.

Nəzəri cəhətdən, Avropa İttifaqı–Azərbaycan razılaşmasının qəbulundan sonra daha sıx əməkdaşlıq hər iki tərəfin vətəndaşlarına konkret fayda gətirəcəkdir. Lakin Azərbaycan rəhbərliyi təməl insan hüquqlarına hörmət etmədiyinə görə ciddi siyasi nəticələrin olmaması səbəbindən məhbus fəallar və siyasi qaçqınların demək olar ki, heç bir ümidi qalmamışdır. Avropa Parlamenti bu müqavilədən imtina etmək qərarı versə, Brüssel və Bakı üçün çətin olacaq, çünki Azərbaycanda insan hüquqlarının əsas şərtləri müşahidə olunmur.

Federika Moqerini və bütün Avropa Komissiyası aydın şəkildə bəyan etməlidir ki, müxalifətin susdurulmasına son qoyulmalı, qanunsuz həbs olunanlar isə dərhal azadlığa buraxılmalıdır.