fbpx

Şanxayın — Bakıdakı dəmir yolları üzərindəki qəsəbənin sonu

28 August 2018
Şanxay, Bakı (Vəfa Zeynalova /OC Media)

Şanxay Bakının əsas dəmir yol magistralının yaxınlığında yerləşən kiçik bir rayonun adıdır; buradakı evlər sökülməli, yerdə qalan binalar isə yoldan divarla ayrılmalıdır. Yerli sakinlər uşaqların Şanxaydan keçən qatarlardan faciəvi ölümündən danışarkən bəziləri evlərin söküntüsünə görə ödənilən kompensasiyaların şəhərin digər rayonlarına köçmək üçün qənaətbəxş olmadığını söyləyir.

Şanxay, Bakının şərqində Keşlə qəsəbəsində daxmalar olan yerin adının mənşəsi heç öz sakinlərinə də məlum deyil. Qəsəbə boyu dəmir yolunun xətləri keçir, gün ərzində bir neçə dəfə qatar və elektrik qatarları keçir. Evlər dəmir yoluna o qədər yaxındır ki, keçən qatarlar hasar arxasında həyətlərdə ki ağacların budaqlarına toxunur.

Qəsəbənin bütün həyatı dəmir yolu xətləri yaxınlığında keçir. Uşaqlar burada oynayır, mağazaların pəncərələri də yola baxır.

Şanxay, Bakı (Vəfa Zeynalova /OC Media)

Amma Şanxay tarixinin acı səhifələri də var — qəsəbə sakinlərinin dediklərinə görə, onun 60 illik tarixi boyu bir çox uşaq qatar altına düşüb həyatlarını itiriblər.

“On beş il burada yaşamışam, — Mikayıl adlı Bakı sakini danışır, — uşaqlığım dəmir yolu xətləri üzərində keçib. Yollardan yarım metr məsafədə kiçik bir mağaza var idi. Mağaza da çətinliklə adlandırmaq olardı, divarda bir pəncərə kəsilmiş, gündəlik ərzaq və mallar satıldığı kiçik bir mərək idi. Hərdən bir çörək almağa gedirdim, yoldan isə atar keçirdi. Bütün qatar — 30-35 vaqon — keçmədən evə qayıda bilmirdim”.

Qışda uşaqlar adətən günün çox hissəsini məktəbdə keçirir, amma uzunmüddətli yay tətili zamanı, sakinlərin sözlərinə görə, xüsusi diqqət lazımdır. “Böyüklərdən bir nəfər daimi uşaqlara baxır, onları nəzarətsiz qoymaq olmur”, — Rəsmiyə adlı yerli sakin deyir.

Şanxay, Bakı (Vəfa Zeynalova /OC Media)

Rəsmiyə Şanxay a doqquz il bundan əvvəl ailə quraraq köçüb. Evlilik həyatının ilk həftələrini yoldaşı Rəsmiyəni evdən çölə buraxmırdı — qorxurdu ki, onu qatar vurar. “İndiyə kimi qatarların səsinə öyrənə bilmirəm, gecə — gündüz hərəkət edirlər”, — o, deyir.

Advertisements

Rəsmiyə bir neçə dəfə yollarda bədbəxt hadisələrin şahidi olub: “Mən bura təzə köçəndə, bir gənc qız tələbə qatarın altında qaldı. Qohumları gilə qonaq gəlmişdi, buradakı “adət-ənənələri” bilmirdi”.

Dəmiryol xətləri üzərində həyat

Şanxay Heydər Əliyev prospektinin yanında, dəbdəbəli hündürmərtəbəli binaların arxasında yerləşir. Bakının içində belə dar dalanlı, talvarında üzüm, küçələrində uşaqlar oynayan qəsəbələr az deyil. Qəsəbə altmışıncı illərdə yaranıb və doxsanların ortasınadək böyüyür və inkişaf edirdi. İlk evin sahibinin, digər sakinlərin sözlərinə görə, mülkiyyətini təsdiq edən sənədlər var idi. O evin sahibi artıq dünyasını dəyişib, amma ikimərtəbəli daş evdə indiyə kimi nəvə — nəticələri yaşayır.

Şanxay, Bakı (Vəfa Zeynalova /OC Media)

Qəsəbənin digər sakinlərinin bəxti o qədər də gətirmədi : evlərin sənədləri yoxdur, axı qəsəbə demək olar ki, özbaşına yaranıb genişlənirdi. Tədricən ölkənin regionlarından bura adamlar axınmağa başladı. “Əsasən burada Lənkərandan gəlmə, talışlar məskunlaşır”, — OC Mediaya qəsəbə sakinlərindən biri məlumat verdi.

Lənkərandan ailəsi ilə köçmüş etnik talış Qalib Məmmədov burada gözətçi işləyir. Həyat yoldaşı Gülnazla burada ev tikdi. Bir müddət sonra kənddən qohum — əqrabası da Bakıya, Şanxaya köçdü; onlar da evlərini qonşuluqda tikdilər.

Demək olar ki, bütün qəsəbə “naxalstroy”dur, yəni ki, onun tikintisinə dövlət tərəfindən heç bir icazə verilməyib.

Baxmayaraq ki, sakinlərin torpaq və evlərinə mülkiyyət hüququ yoxdur, evlər kommunal xidmətlə təchiz olunub : hər bir evin üzərində elektrik, su, qaz sayğacları quraşdırılıb. “Kanalizasiya borularını özümüz çəkmişik, — qəsəbənin sakini deyir, — boru aldıq, ustalar isə o boruları dəmir yolu xətlərinin arasında çəkdilər”.

Şanxayın sonu

2017-ci ilin sonunda hökumət nəhayət ki, Şanxayı sökmək qərarına gəldi.

Şanxay, Bakı (Vəfa Zeynalova /OC Media)

İlk növbədə fəaliyyət göstərən dəmir yolu xətləri boyu evlər sökülməyə başlandı. Nizami rayonu üzrə Yerli İcra Hakimiyyətinin təmsilçisi OC Mediaya dedi ki, yol boyu, qəsəbəni dəmir yolundan ayırmaq üçün hasarın tikilməsi planlaşdırılır. Bunu eşidən yerli sakinlər, dediklərinə görə, narahatdırlar.

Eynulla, Şanxayda yaşayan təqaüdçü, qorxur ki, qəsəbəni sökmək yerinə dünyanın qalan hissəsindən aralayacaqlar. Öz evini Eynulla hələ altmışıncı illərdə, buradakı beton zavodunda işləyərkən tikib.

Əli — Eynullanın qonşusu və beton zavodu üzrə iş yoldaşı, Şanxaya 1960-х ildə köçüb. O vaxtı onun 22 yaşı var idi. “Yetim uşaq idim, nə atam, nə anam var idi. Burada özümə ev tikdirdim. Sonra evləndim, uşaqlarım oldu, yolların o üzündən oğlum üçün də ev tikdim. Köçəri quşlar kimi, haraya qonduq, orada da məskən saldıq”, — o, deyir. Yaşayış şəraitinə baxmayaraq, Əli buradan köçmək istəmir. “Demək olar ki, şəhərin mərkəzidir, istənilən yerə getmək olar, həm də ki, sakitlikdir, ağaclar da var. Bakının hansı hissəsində belə yer var?”, — o, söyləyir.

Baxmayaraq ki, sakinlərin mülkiyyət sənədləri yoxdur, evlərin söküntüsü zamanı onların payına da kompensasiya düşür. Rəsmiyənin evini də sökməyə hazırlaşırlar. “Sonuncu ayı burada yaşayırıq, buradan köçməyimi səbirsizliklə gözləyirəm”, — o, deyir. Evləri iki kiçik otaqdan ibarətdir, kompensasiyanın məbləği isə o qədər də böyük deyil — 1 kvadrat metr üçün 1000 manat (590 ABŞ dolları) nəzərdə tutulub. Bu məbləğinə şəhər çərçivəsində ev ala bilməyəcək, ona görə də valideynləri yaşadıqları Bakıdan 25 km məsafədə yerləşən Qaradağ qəsəbəsinə köçməyi planlaşdırır. Bakının digər hissələrində evin söküntüsü zamanı kompensasiyalar bir qədər yüksəkdir: 1 kv metr üçün 1 500 manat (800 ABŞ dolları).

Sakinlərin çoxu kompensasiyaların kiçik olduğuna görə köçə bilməyəcəklərini söyləyir. Şanxay sakini Əhmədin evi cəmi 20 kv metrdir, ona 20 000 manat (12 000 ABŞ dolları) kompensasiya düşür. “Deyirlər ki, bu, bazar qiymətidir, amma bu məbləğə mən nəinki Bakının özündə, heç kənarında belə ev ala bilməyəcəm. Bunlar kasıbları heç düşünmür!” — yaxınlıqda oynayan uşaqları göstərir: “Mənimkilərdi, bunları böyütmək mənim işimdir”.

Şanxay, Bakı (Vəfa Zeynalova /OC Media)

Əhməd ali təhsillidir, amma ayına 350 manata (210 ABŞ dolları) gözətçi işləyir. Belə gəlirlə, dediyinə görə, yeni evə pul yığmaq olmaz. Bunun yerinə Əhməd gözləyir ki, hökumət ona daha yüksək kompensasiya versin.

Qəsəbənin qocaman sakini Muxtar hesab edir ki, hökumət yaranan vəziyyətdə özü təqsirkardır: “Vaxtında özbaşına tikintiyə nəzarət etmədilər”.

Nizami rayonu rayon üzrə Icra hakimiyyətinin təmsilçisi isə keçmiş hakimiyyəti təqsirləndirir; onun fikrincə, qəsəbə doxsanıncı illərin əvvəlində, hakimiyyətdə Xalq Cəbhəsi olanda daha çox böyümüşdü: “Qayda-qanun işləmirdi, adamlar icazəsiz ev tikirdilər”.

Jurnalistlər və xaricdən gəlmiş turistlər tez-tez Şanxaya gəlib dəmir yolları üzərində qurulmuş həyatı öz kameralarının gözünə alırlar. Burada çəkilmiş Teymur Hacıyevin “Bakı-Şanxay” qısametrajlı filmi bir neçə nüfuzlu beynəlxalq festivallarda nümayiş edilib. Amma bir azdan bu rayon da yox olacaq və çətin ki yerli sakinlərdən kimsə buna təəssüflənəcək.

Məqalə Cənubi Qafqazdakı Fridrix Ebert (Friedrich-Ebert-Stiftung) fondunun regional bürosunun dəstəyi ilə hazırlanmışdır. İfadə edilmiş bütün fikir və terminlər müəllifin özü tərəfindən seçilmiş və fondun, yaxud da OC Media redaksiyasının nəzər nöqtəsini əks etdirməyə bilər.