fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Fikir | Hər şeyə baxmayaraq, sülhü dəstəkləmək

5 October 2020

Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar.

Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi. 

Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi. Hakimiyyət, müxalifət və siyasiləşməmiş toplum indi itirilmiş torpaqların qaytarılması borcu haqda narrativi heç vaxt olmadığı qədər dəstəkləyir.

Sülhə səsləyənlər isə heç vaxt olmadığı qədər marginallaşıb. Baş verənlərin ilk işartılarını biz iyul ayında, iki ölkənin sərhəddində baş verən atışmalar zamanı müşahidə etmişdik.

Azərbaycan cəmiyyətinin təsəvvüründə Ermənistan Rusiyaya arxalanan zəif rəqibdir. Ancaq iyul döyüşləri gözlənilməz nəticə verdi — general mayor Polad Həşimov həlak oldu. 1994-cü ildə imzlanmış atəşkəs müqaviləsindən sonra bu, ən ciddi itki idi. 

Müxalifətə qarşı aparılan repressiyalara və COVİD-19 ilə bağlı olan sosial məsafə və digər qadağalara baxmayaraq, bu xəbər Azərbaycan cəmiyyətində çox güclü əsəb yaratdı. Polad Həşimovun həlak olmasından sonra gün ərzində onminlərlə etirazçı Bakının mərkəzinə axın etdi və misli görünməmiş və müharibəyə səsləyən aksiya keçirdi. Bəzi etirazçılar polis müdaxilə etmədən hətta Milli Məclisin binasına daxil oldular.

Bu, Dağlıq Qarabağ itkisinin  postsovet azərbaycanlı kimliyinə vurulan ilkin travmanın material təzahürü idi. Ölkənin bütöv milli kimliyi bu itki üzərində qurulub və bu səbəbdən münaqişənin hər alovlanması ictimaiyyətin itirilmiş torpaqların qaytarılması ümidini doğurur. Başqa sözlə, bu narrativ müasir Azərbaycanın əsasıdır. 

Advertisements

Onun məntiqi sadədir: Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağı olub, Ermənistan isə onu Rusiyanın köməyi ilə oğrayıb. Bu məntiqə əsasən, Dağlıq Qarabağda müharibə azadlıq üçün aparılır və Qarabağ ermənilərinin anladığı kimi işğalçı məqsəd daşımır.

Problemin sülh yolu həlli və uzunmüddətli dialoq kimi alternativ narrativlər isə qeyri-effektiv, aldadıcı hesab olunub və ictimai diskussiyalardan təcrid edilib. Ermənistanda 2018-ci il inqilabından sonra qısamüddətli yaxınlaşmadan sonra, baş nazirinin Dağlıq Qarabağa səfərləri və Ermənistanla Dağlıq Qarabağın birləşməsinə çağırışı iki ölkə arasındakı münasibətləri yenidən gərginləşdirdi.

Dominant narrativin bütün cəmiyyət tərəfindən qəbul edilməsi ən azı onu göstərir ki, psixoloji olaraq Azərbaycan müharibəyə artıq hazır idi.

Sülh quruculuğu illüziyası

İyul atışmalarından sonra xaricdə etnik azərbaycanlılar və ermənilər arasında olan toqquşmalar yeni inisiasivin yaranmasına səbəb oldu. Qərbdə yaşayan onlarla proqressiv azərbaycanlı və erməni bu çağırışı imzaladı və sülhə çağırış etdi. Bu yeni bir hal deyildi — hələ 2014-cü ildə də belə çağırış edilmişdi.

Maraqlıdır ki, hər iki halda sülh çağırışlarını imzalayanlar hər iki ölkədən uzaqda yaşayanlar idi. Onlar çox şeyə nail olmadılar, ancaq bu güclüzlük qəribə gəlməli deyil.

Bu cür çağırışlar Azərbaycanda görünən olmurdu. Məsələn, gənclərə köklənmiş və Avropa institutları tərəfindən maliyyələşdirilən sülh quruculuğu proyektləri müəyyən proqressiv çevrələri cəlb edirdi, ancaq bu cür layihələrdə daha çox eyni, ingiliscə bilən, açıq fikirli və artıq formalaşmış antimüharibə fikirlərə sahib insanlar iştirak edirdilər. 

Sülh və dialoq inisiasivləri heç vaxt geniş çevrələrə çatmırdı. Çox güman ki, heç təşkilatçıların məqsədi də bu deyildi — onlar mövcud avtoritar rejimlə işləməli idilər və nəticədə yumşaq, siyasiləşməmiş, heç bir konkret planın olmadığı, dövlət siyasətinin açıq tənqidindən qaçılan gündəm irəli sürürdülər.

Bu cür proyektlərdən birinin ideyası ondan ibarət idi ki, iştirakçılar digər tərəfə məktub göndərməli idilər, yəni azərbaycanlı tərəfdən olan iştirakçı erməni iştirakçıya məktub yazmalı idi. Mən Azərbaycan tərəfdən məktub yazanların adlarına baxanda, çoxunu şəxsən tanıdığımı anladım.

Ancaq, təbii ki, bu cür layihələrə baxmayaraq, xalqın “müqəddəs vəzifəsi” heç vaxt nə müxalifət, nə də vətəndaş cəmiyyəti tərəfindən sual altına qoyulmurdu. Bu onunla əlaqəlidir ki, bu cür layihələr öz məqsədlərinə yalnız kağız üzərində çatırdılar, onlar çağırışları isə daha böyük və skeptik auditoriya üçün eşidilməz olaraq qalırdı. 

Bunlara baxmayaraq, keçən illərdə sülh tərəfdarları səslərinin bu qədər marginallaşacağını təsəvvür edə bilməzdilər. Yalnız 2016-cı il aprel döyüşlərinin yaratdığı millətçi eyforiyadan sonra bəzilərimizi şoka salan bu məsələ aydınlaşmağa başladı.

Ancaq o kəslər ki, 2016-dan sonra prinsiplərinə sadiq qalaraq, yoluna davam etdi, indi daha müdrik sayıla bilərlər. Bizi indiki halda müxalifətin başqa zaman tiran adlandırdıqları prezidenti dəstəkləməsi şoka salmır. Bizə keçmiş siyasi məhbusların və dövlətin repressiyalarından əziyyət çəkənlərin İlham Əliyevin nitqlərindən ləzzət almaları da qəribə görünmür. Sadə insanların bizə lənət oxumaları da qəribə deyil. Məsələn, bu günlərdə bir nəfər soruşmuşdu ki, həqiqətən mi bizi azərbaycanlı analar dünyaya gətirib.

Dörd il əvvəl bir çoxlarımız şoka düşmüşdük — necə olur ki, demokratik dəyərləri daşıyanlar öz prinsiplərindən bu cür asanlıqla imtina edirlər? Bu gün isə hər şey fərqlidir, indi biz son dərəcə marginallaşmağa hazırıq — və bu hal ölüm saçan millətçilik hər iki tərəfi rahat buraxana qədər davam edəcək. 

Travma bizimlə qalır

27 sentyabr elan edilmiş hərbi səfərbərlik xəbərindən sonra, “sağ-salamat qayıt” postları sosial şəbəkələri doldurdu. Münaqişə başlayandan on il sonra anadan olmuş yüzlərlə şəxs artıq bizi tərk edib. Doğum illərinin yazıldığı siyahıları görmək isə daha da ağrılıdır: 1999, 2000, 2001…

2016-cı ildən fərqli olaraq, hər iki tərəf əlindən gələni edir ki, şoka salan videoları yayımlasın, sosial şəbəkələr isə ölüm səhnələri ilə doludur. Hətta kimsə bu şəkilləri görməməyə çalışsa belə, onlardan qaçmaq mümkün deyil.

Biz hamımız travma almış cəmiyyətlərin övladlarıyıq — və indi biz yenə də yaralanmışıq, bizim keçmiş travmalarımız tam çılpaqlığı ilə üzə çıxıb, və hər gün yeni travmalar alırıq. Keçmişin ağrısı indinin və gələcəyin ağrılarını qidalandırır.

Bu travmadan qaçış yoxdur. O, realdır və biz bununla yaşamağı öyrənməliyik.

Ancaq bu travmanın reallığını baxmayaraq, onunla indiki mübarizə üsullarının effektiv olmadığını başa düşməliyik. Zorakılıq zorakılığı artırır. Dominant narrativ və “dialoqu” monopoliyaya almış dövlət əsasında gedən proses ölkələrimiz arasında sülhə yol açmayacaq, hər halda, yaxın gələcək üçün bu aydındır.

Nə qədər çətin olsa da, biz digər yollar axtarmalıyıq.

Ancaq həm də müharibəyə qarşı olan bizlər mərhəmət və empatiya hissinə açıq olmalıyıq. Hər iki xalqın ağrısı uzun zaman davam edəcək. Biz, öz cəmiyyətlərimiz ağrılarını başa düşməliyik və onlara dəstək olmalıyıq, həm də sülh üçün öz cəmiyyətlərimiz tərəfindən rədd edilsək belə, dayanmadan çalışmalıyıq. 

Biz mərhəmət və səbr nümayiş etdirərək, unutmamalıyıq ki, travma bizimlə qalır.

Məqalədə əks olunan fikirlər yalnız müəllifindir və OC Media redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.

Right now, online media in Georgia is in dire need of safety equipment, legal support, and technology as we cover increasingly challenging circumstances. Support small, independent media outlets in Georgia via our collective fundraiser.

Interested in directly assisting OC Media? Consider becoming a member.