fbpx

Travma ilə bağlı fərdi hekayə: Nənə və açarları

22 September 2021
Şəkil: Larissa Sotieva.

Bu seriyada 2020-ci ildə 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra yaranan sosial travma fenomeni ermənilərin və azərbaycanlıların fərdi hekayələri vasitəsilə öyrənilir, bu travmanın necə təzahür etdiyi və davam edən münaqişənin dinamikasında hansı rolu oynadığı araşdırılır. Bu hekayədə onilliklər əvvəl yurdundan didərgin düşmüş bir nənə, onun övladları və nəvələri münaqişənin onların ailəsini necə dəyişdiyini yada salırlar.

94 yaşlı nənə tonometri, ilkin zərurət əşyaları və 30 il bundan əvvəl Qarabağda tərk etdiyi evinin açarları olan çantasını həmişə özü ilə daşıyır. 

2020-ci ilin payızında Azərbaycan ordusu onun kəndini işğaldan azad edəndən sonra internetdə onun evinin hələ Birinci müharibədə üzərinə raket düşərək dağıldığı aydın görünən bir video yayıldı. Yarıdağılmış evin ortasında hərbi münaqişənin davam etdiyi illər qədər yaşı olan böyük bir ağac bitmişdi. Amma heç kim bu barədə nənəyə deyə bilmir, o isə evinin açarlarına ehtiyatla yanaşmağa, onları özü ilə hər yerə aparmağa davam edir. 

Bu qadın gənc yaşlarında dul qaldığı üçün öz böyük bostanında satış üçün tərəvəz yetişdirməklə məşğul olaraq beş uşağının tərbiyəsi, ev və təsərrüfat işlərini öz üzərinə götürmək məcburiyyətində qalıb. 

O, səhərdən axşama kimi böyük bostanında işləyir və məhsullarını evinə gəlib yaxınlıqdakı şəhərdə təkrar satış üçün hər şeyi topdan alan ermənilərə satırdı. Bu gün o, beş övladının beşinə də ali təhsil verməsi ilə fəxr edir. 

O, ermənilərlə necə mehriban yaşadıqlarını, hər şeylərini necə bölüşdüklərini, dostluq etdiklərini və hətta qohum olduqlarını yad edir. Körpəni sünnət edərkən çox vaxt bu müqəddəs mərasimə ən yaxın erməni dostlarını dəvət etmələri və sünnət zamanı onların oğlan uşağını tutması haqqında danışdı. Erməni dostun əlinə düşən qan damcıları sonradan onların ailələrini artıq başqa, daha möhkəm bağlarla – qohumluq bağları ilə bağlayırdı. 

Bakıya uçuş

Lakin 80-ci illərin sonlarında vəziyyət dəyişməyə, gərginlik hiss edilməyə, millətlərarası münasibətlər əvvəlki kimi olmamağa və kəndlər gecələr atəşə tutulmağa başladı. O, çox narahat olsa da, bu çətin dövrün tezliklə bitəcəyini və hər şeyin yenidən öz qaydasına düşəcəyini düşünürdü. Qarabağda artıq hərbi əməliyyatlar aparılsa da, yalnız Xocalı haqqında dəhşətli söz-söhbətlər onlara çatanda bütün ailə tələsik hərəyə bir çanta yığaraq, nə edəcəkləri barədə uzun-uzadı düşünmədən cəld evin qapısını bağlayaraq oranı tərk etdilər. 

O vaxt insanların təhlükəsiz şəkildə Bakıya gedib çata bilmələri üçün İran öz sərhədlərini açmışdı. 

Həmin vaxt 13 yaşı olan nəvəsi yaddaşına ömürlük həkk olunmuş bir mənzərəni — gecə ay işığında əşyalarını sudan qorumaq üçün əllərini yuxarı qaldıraraq çayı necə keçdiklərini xatırlayır. 

80 nəfər qohum İrandan keçərək Bakıya gəlib 4 otaqlı mənzildə məskunlaşdılar. 

O xatırlayır ki, ərzaq problemi və onlara "öz torpaqlarını ermənilərə təhvil verib burada başqalarının himayəsində yaşamağa gəldiklərini" açıq şəkildə deyən bakılıların münasibəti ilə müqayisədə, mənzil məsələsi ən rahatı idi. 

Həmin vaxt nənənin 64 yaşı var idi və artıq heç kəs ondan dul qaldığı, beş uşaq və evin yükünü öz çiyinlərinə götürdüyü vaxt etdiklərini etməsini gözləmirdi. 

İndi bu təcrübəni keçmək sırası övladlarında idi. Onların xatırladıqlarına görə onlara verilmiş alçaldıcı sosial status qarşılarındakı bütün imkanları məhdudlaşdırırdı. Evlərini itirmələri ilə barışmaq, "qaçqın" statusunun yaşatdığı alçaltmalara dözmək, canları çıxanadək işləmək, xəstələnib müalicə ala bilməmək, sağ qalmaq üçün vuruşmaq, eyni zamanda, öz övladlarına imkanlar və perspektivlər yaratmaq məcburiyyətində qalmışdılar. 

Çətin günlər

Nənənin uşaqlarının hamısı xroniki xəstəliklərə düçar olmuş, lakin övladlarını layiqincə böyütmüş, Bakıda və onun ətrafında ev-eşik sahibi olmuşdular. Hamısı nənənin onlarla yaşamasını böyük şərəf hesab edir və onu öz yanlarında saxlamaq üçün hər fəndə əl atırlar. 

Ancaq o, heç kəsi seçmir – bir ay birinin evində yaşayır, o biri ay digərinin, sonra üçüncünün və s. yanına gedir. 30 illik bu uzun müddət ərzində bu, belə də davam edir. Geniş seçimi olmasına baxmayaraq, o, hələ də bir evə və yuva hissinə sahib ola bilməyib. 

Onun nəvələri uğur qazanmış insanlardır. Onlar Qarabağdakı həyat təcrübələrinə sağ qalmalarına kömək edən, onların kimliyinin, dünyagörüşünün formalaşmasına təsir göstərən bir resurs kimi baxırlar. Hamısının doğulduqları və uşaqlıq illərini keçirdikləri yerlərlə bağlılıqları qalıb. 

Həmsöhbətim danışırdı ki, uşaqlıqda evin ətrafında hasar tikən əmisinə daşları necə bir-bir verdiyini xatırlayır. Həmin hasar hələ də içində ağac bitmiş o evin ətrafında qalır. 

Görünür, stabil və təmin olunmuş həyata nostalji hissi, yerli əhali tərəfindən qəbul edilməmə hissi, gündəlik inanılmaz çətinliklər ona gətirib çıxarırdı ki, daxili özünüidarəetmə mexanizmləri bu yükün və alçaldılmanın öhdəsindən gəlməyin yollarını seçir, ailə isə, sanki heç qaçqın düşməmiş kimi, rahata alışmış əvvəlki kimliyini qoruyub saxlayır və özünü bu kimliklə assosiasiya edirdi. Qızlardan birinin də qeyd etdiyi kimi, "bizdə Qarabağda təhsil çox yüksək qiymətləndirilir, ona görə də biz təhsil almaq üçün əlimizdən gələni edirdik". 

O həm də qeyd edir ki, 13 yaşında Qarabağı tərk etdikdən sonra yeniyetməlik dövründə heç vaxt yeni paltarları olmayıb. Ona ilk yeni köynək və ətək universitet tələbəsi adını qazananda alınmışdı və o, bu gün də həmin paltarları, onları geyinərkən özünü necə hiss etdiyini bütün təfərrüatları ilə təsvir edə bilər. 

Yaraların sağalması

Nənənin nəticələri Bakıda dünyaya gəlib və valideynlərində və xüsusilə nənənin özündə Qarabağla olan emosional bağ onlarda yoxdur.

Ancaq qələbəyə onlar da böyüklərdən az sevinməyiblər. Bu qələbə bir növ onların və ailələrinin yaralarını sardı. Elə bir hiss yarandı ki, sanki bu illər ərzində yaşadıqları özünü doğrultdu, məna qazandı, onlar özlərini hamı ilə bərabər hiss etdilər və alçaldıcı sosial statusun ağırlığı azaldı. 

Qayıdış planları hələ ki, yoxdur – bunun mümkün olacağı vaxtı gözləyirlər. Amma onun nəticələrindən biri, kreativ hipster-tələbə zarafat etdi ki, Qarabağda marixuana leqallaşdırıldığı günün ertəsi onlar öz dostları ilə oraya köçəcəklər. 

Qələbəyə sevinsələr və onunla qürur duysalar da, döyüşlərdə həlak olanların hamısına görə kədər hiss etdiklərini deyirlər. Həmçinin ermənilərə görə də. Ancaq bunu açıq şəkildə deyə bilmirlər. Bilirlər ki, azərbaycanlıların və ermənilərin dərdi eynidir, amma nə onlar, nə də digərləri bu barədə danışmırlar. 

Nənə övladlarını dünyaya gətirib tərbiyə etdiyi, dayanmadan çalışdığı evə qayıdacağına və uzun, məşəqqətli, eləcə də xoşbəxt ömrünü orada başa vuracağına inanmağa davam edir. Açarların olduğu çantasını da heç kimə etibar etmir – onları hələ də özü ilə daşıyır.

Bu məqalələr Avropa İttifaqının maliyyə dəstəyi ilə “Indie Peace” tərəfindən həyata keçirilən "Kollektiv travmanın aradan qaldırılması" təşəbbüsü çərçivəsində dərc edilir. Məqalədə ifadə olunan fikirlərə görə müstəsna məsuliyyəti "Indie Peace" daşıyır və məqalə mütləq şəkildə Avropa İttifaqının fikirlərini əks etdirmir. İstifadə olunan toponimlər tərcümə dilini əsk etdirir

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. You can support us today for as little as $1 a month and join us in the fight for a better Caucasus.

Support Us