Müstəqillik əldə etməsindən təqribən otuz il sonra belə, Azərbaycanda rus dili hələ də böyük rol oynayır. Ölkənin bir çox orta və ali məktəbləri Azərbaycan dilli “Azsektor”a və rusdilli “Rus sektor”a bölünür. Lakin bu bölgü dildən daha dərinə, daha uzağa gedir: “Rus sektorun” nümayəndələri çox vaxt özlərini cəmiyyətin daha proqressiv, yeniliklərə açıq və daha mədəni elitası hesab edir. Cəmiyyətin digər hissəsi isə onları özündənrazı, qeyri-vətənpərvər və “saxta” Azərbaycanlılar kimi qəbul edir.
Ev yiyəsi bir aylıq kirayə haqqını alıb, kirayəşinə uğur arzulayıb getdi. Evin dəhlizində iki qız qaldı: onlar bütün ili bir evdə yaşamalı olacaqdı. Onlardan heç biri bu vəziyyətdən məmnun deyildi. Əvvəla, onlar bir-birini demək olar ki, tanımırdı, ikincisi isə onlar arasında daha bir maneə mövcud idi. Gələcək qonşusuna çəpəki baxan Fidan düşünürdü: “Bu ki “azsektordu”, çox güman kəndçinin biridi. Onunla necə yola gedəcəm?”
“Axı o “russektor”du. Allah bilir, lovğanın biridi. Bununla necə dolanacam?” — deyə Mədinə öz növbəsində fikirləşirdi.
Bölünmənin tarixi kökləri
Hələ Sovet İttifaqı dönəmində, hakim ilin rus dili olduğu zamanlarda ölkə qeyri-rəsmi olaraq ikiyə bölünmüşdü: “Azsektor” və “Russektor”. “Azsektor” və “Rus sektor”. “Azsektor”a məktəbin və ya universitetin azərbaycan dilli bölməsini bitirmiş, bu dildə danışan adamlardır. Müvafiq olaraq, “rus sektora” bu dildə oxuyan, rus dilini özününkü kimi qəbul edən adamlar aid edilirdi.
Bir əsrdən çox zamanda rus dili ölkədə elitar sayılırdı. Bu dil Sovet İttifaqının rəsmi dili olmaqla yanaşı, bədii, texniki təhsil ədəbiyyatının böyük əksəriyyəti həmin dildə dərc olunurdu. Əlbəttə ki, rusdilli azərbaycanlı gənclərin özünü inkişaf etdirmək üçün daha çox imkanları vardı.
Müasir Azərbaycanda rusdilli və azərbaycandilli insanların tamamilə fərqli yaşadığı və düşündüyü fikri mövcuddur. İnsanı xarakterizə etmək üçün danışıq zamanı mütləq onun “sektor” mənsubiyyətinə işarə edilir.
Ənənəvi olaraq rusdillilər yüksək təhsilin, intellektuallığın, müasirliyin sinonimidir. Onlar öz azərbaycandilli həmvətənlərini əsasən mühafizəkar və dar düşüncə sahibləri kimi görürlər. “Azsektor” isə rusdilliləri “saxta Azərbaycanlı”, milli dəyərlərə yad, vətənpərvərlikdən uzaq adamlar kimi nəzərdən keçirir.
Günümüzdə rus dili artıq çoxdan ölkədə rəsmi statusa malik olmasa da, özünün elitar statusunu (əsasən də Bakıda) saxlamaqdadır.
Ailələrin bölünməsi
Fərdi səviyyədə bu iki müxtəlif “kastanın” gənc nümayəndələri öz aralarında az münasibətdə olur. Bir qayda olaraq, onlara ortaq dil tapmaq çətindir — həm hərfi həm məcazi mənada. Zidd fikirlər bəzən hətta eyni ailənin nümayəndələri arasında baş qaldırır.
37 yaşlı Əsli Qurbanova rus sektorunu, onun kiçik bacısı isə azərbaycan bölməsini bitirib. Bu səbəbdən, Əslinin dediyinə görə, onlar arasında tam bir uçurum yaranıb.
“Onun tamam başqa düşüncə tərzi var. Mən bunu ədəbiyyatla əlaqələndirirəm: məndən fərqli olaraq, bacım demək olar ki, kitab oxumayıb, çünki azərbaycan dilinə tərcümələr çox az idi. Nəticədə, onun dünya görüşü dar olaraq qaldı. Bacım və onun dostları hər şey barədə bəlli kateqoriyalarla düşünür. Həm də mən onlara rus dilində müraciət edəndə, bunu mənim tərəfimdən özündənrazılıq kimi qəbul edirlər”.
35 illik həyatı boyu Əsəd Kərimov “iki od arasında” vəziyyəti ilə barışıb. O, azərbaycan bölməsinin məzunudur və özünü məhz bu düşərgənin mənsubu hiss edir. Lakin, o, həmişə rus bölməsinə meyl edib çünki rusdilli oğlanlarla qərb filmlərini, kitablarını müzakirə etmək daha rahat və xoş idi. Rusdilli qızlar isə daha “azad, baxımlı olmaqla yanaşı həm də gözəl danışırdılar”. “Eyni intellektual səviyyəmizin olmasına baxmayaraq, rus sektoru məni heç vaxt özününkü kimi qəbul etməyib. Azsektordan olan dostlar isə məni həmişə “ala qarğa” sayır, rusxasiyyət olduğumu deyirdilər”, — deyə Əsəd xatırlayır. Üçyaşlı oğlunu Əsəd bağçanın rus bölməsinə qoyub və gələcəkdə uşağa rusca təhsil vermək niyyətindədir.
“Rus dili nəyimizə lazımdı ki?”
Sovet İttifaqının dağılması səbəbindən 90-cı illərdə azərbaycan dilində kitab nəşri kollaps yaşamışdı. Üstəlik, 1992-ci ildə ölkədə kiril əlifbasından latın əlifbasına keçid başladı və 2001-ci ildə başa çatdı. Nəticədə, əlifba dəyişikliyindən sonrakı yeni nəsil kirilcə nəşr olunan kitabları oxuya bilmirdi. Həm də, hələ 10 il əvvəl, kitab dükanlarındakı məhsulların böyük əksəriyyəti rus dilində idi.
Lakin indi gənclər rus dilindən savayı dillərdə də özlərini inkişaf etmək imkanları qazanıblar. “Qanun” və digər nəşriyyatlar kifayət qədər aktiv şəkildə dünya ədəbiyyatı tərcümə və nəşr etdirirlər. Həm də, geniş istifadə edilən internet ədəbiyyat tapmağa, məlumat əldə etməyə, eləcə də ingilis, türk dilində filmlərə baxmağa imkan verir. Sonuncu isə azərbaycan dilinə çox yaxındır.
[Chai Khana-da oxuyun: Qanun və azadlıq hüququ]
Daha bir faktor: rus dili başqa dövlətin dilidir. Bu fonda, cəmiyyətdə tez-tez suallar ortaya çıxır: “bu dil bizim nəyimizə gərəkdi?”. Mübahisələr gah alovlanır, gah da səngiyir.
Sonuncu belə mübahisə halı bu yaxınlarda, jurnalist Hafiz Əhmədovun facebook-dakı paylaşdığı statusdan sonra baş verib. O, özünün facebook səhifəsində bildirib ki, rusca tərbiyə alan uşaqları “it kimi boğmaq” istəyir. Bu, hər iki sektordan facebook istifadəçilərinin çoxunun qəzəbinə səbəb oldu. Nəticədə, jurnalist öz paylaşımını sildi və işdən qovuldu.
Bununla belə, insidentin və beləliklə də dil məsələsinin müzakirəsi kifayət qədər uzun sürdü. Müzakirələrdə rusdillilər öz ölkəsinin və millətinin taleyinə biganəlikdə, Rusiyaya rəğbət bəsləyən “beşinci kolonn” olmaqda qınanırdı. Lakin rusdilli azərbaycanlılar bir qayda olaraq, Rusiya ilə dövlət olaraq heç bir bağlılıq hiss etmir. Onlar üçün rus dili sanki özü-özlüyündə, Rusiyadan kənarda mövcuddur.
Dil seçimi — ictimai əhval-ruhiyyənin güzgüsü kimi
1990-cı ilin 20 yanvar tarixində Sovet orduları tərəfindən insanların qətlə yetirilməsi və sonradan Sovet İttifaqının dağılması nəticəsində ölkədə rus dilinin böhranı başlayır. Bir çox validenlər övladlarını rus bölməsindən çıxararaq, “azsektora” verirdilər. Kimsə bunu vətənpərvərlik hisslərindən, kimsə də rus dilinin ölkədəki qeyri-müəyyən gələcəyi səbəbindən edirdi.
O vaxtdan bəri vəziyyət dəyişib. Hazırda ölkədəki 3.280 orta məktəbdən təqribən 340-da rus bölməsi var. Bir çox azərbaycan dilli valideynlər övladlarını rus bölməsinə təyin edir və güman edirlər ki, orada təhsil daha yaxşıdır.
Belə valideynlərdən biri — Səbinə İsgəndərovadır, onun qızı bu il birinci sinifə rus bölməsində başladı. “Qonşulardan bəziləri bunu biləndə məni az qala vətənə xəyanətdə günahlandırdılar” — deyə Səbinə gileylənir. “Deyirdilər ki, mən və həyat yoldaşım düz hərəkət etmirik, bizim uşağımız daha azərbaycanlı olmayacaq və s. Mən demək istəyirdim ki, bu onların işi deyil, fəqət dinmədim”.
İlqar Qaibov özünə başqa yol seçib. O, həm rus, həm də azərbaycanca yaxşı danışır. Odur ki, tanışları onun övladlarının rusca ümumiyyətlə bilməməsinə və “azsektorda” oxumalarına təəccüb edir. İlqarın sözlərinə görə, o, bu seçimi siyasi səbəblərdən, Cənubi Osetiyadakı müharibədən sonra edib.
“İstəmirəm ki, qonşu ölkə övladlarımın dil üstünlüyünü necəsə özü üçün istifadə etsin. Rusiyanın hazırkı siyasəti mənim xoşuma gəlmir. Bununla belə, mən “rusofob” deyiləm”, — deyə İlqar bildirir.
Faiq Hüseynov hər iki sektordan olan məktəblilər və tələbələr üçün intellektual yarışmaların və kursların təşkilatçısıdır. Onun sözlərinə görə, təhsil sahəsində iki sektor arasında fərqlər tədricən azalmaqdadır. Bu zaman, Faiq qeyd edir ki, rusdilli çevrədən olan uşaqlar daha sərbəstdir. Valideynlər onlara daha çox azadlıq verir və uşaq yaşlarından onların sosiallaşması ilə yaxından məşğul olur.
“Azsektora nisbətən, rus sektorundan olan uşaqların dünyagörüşü hələ ki, daha genişdir”, — deyə Faiq əlavə edir — “və bu, birbaşa olaraq, onların valideynləri ilə əlaqədardır. Azərbaycandilli valideynlər nədənsə övladlarına məktəb proqramından əlavə hansısa biliklər vermirlər. Rusdillilər isə əksinə, çalışırlar ki, övladları mümkün qədər daha çox şey öyrənsinlər”.
Rus dilindən əl çəkçəli yoxsa yox?
Orta və ali məktəblərdə rus bölmələrinin sayının azaldılması və ya ümumiyyətlə ləğv edilməsi ilə bağlı təkliflər mütəmadi olaraq müxtəlif məmurlar və ictimai xadimlər tərəfindən səsləndirilir. Rus bölmələrinin bağlanasının qatı tərəfdarlarında biri, ReAl siyasi hərəkatının idarə heyətinin üzvü Erkin Qədirlidir. Bununa belə, o bildirir ki, rus bölməsini birdən-birə bağlamaq olmaz.
“Mən, məktəblərdə rus bölmələrinin tədricən azaldılmasının tərəfdarıyam ki, əhalidə azərbaycan bölməsinə yönəlmək üçün lazımı vaxt olsun. Bu, uzun sürən prosesdir və ən azı on il çəkəcək. Amma bunu etmək lazımdır, əks təqdirdə vəziyyət heç vaxt dəyişməyəcək və ölkədə dil bölgüsü qalmaqda davam edəcək”, — deyə o, bildirir.
Qədirlinin fikrincə, rus dili ölkədə prestijli sayılmaqda davam etsə də, bir çox hallarda karyera qurmaqda yardımçı olsa da, bu dilin praktiki faydası sovet dövründə olduğundan artıq çox azdır.
Bununla belə, rus dilinin tədris edilməsi dövlət səviyyəsində müəyyən dərəcədə dövlət səviyyəsində dəstəklənir. Məsələn, artıq üç ildir ki, Təhsil Nazirliyi ölkənin 50 məktəb və liseyində 10-11-ci sinif şagirdləri arasında“İntensiv rus dili kursları” təşkil olunur. Bununla yanaşı, rus dilində təhsil bütün dövlət məktəblərində pulsuzdur. Nazirliklərin, habelə Dövlət İnformasiya Agentliyinin (Azərtac) rəsmi internet saytlarının rus dili versiyası fəaliyyət göstərir.
Bununla belə, hətta bəzi etnik ruslar azərbaycan dilini öyrənir. Mühasib LyudmilaKuznetsova bütün ömrünü Bakıda yaşayıb. Rus olsa da belə, azərbaycan dilində kifayət qədər yaxşı danışır. Keçən yay o, 13 yaşlı qızı Marinanı azərbaycanca öyrətməyə çalışıb.
“Ölkənin rəsmi dilini bilmədən qızım gələcəkdə burada özünə normal iş tapa bilməyəcək. Odur ki, bunu qızıma başa salmağa çalışıram. Hətta ona hazırlıq müəllimi də tutmuşam. Bu yaxınlarda o,azərbaycan bölməsindən olan qızla rəfiqə olub. Mən isə sevinmişdim ki, Marina rəfiqəsindən də öyrənmək imkanı qazanacaq. Amma bunun əksin, o qız iki aydan sonra rusca danışmağa başladı”, — deyə Lyudmila heyrətlənir.
Fərdi körpülər
Yeni mənzilə köçdükdən bir az sonra Fidan və Mədinə dostlaşmışdıvə bir-birinə duyduqları qərəzli fikirlər onlarda sadəcə gülüş doğururdu. Fərqi “dil dünyaları” olsa belə, onların bir-birini çox gözəl anladıqları ortaya çıxdı. Onlar artıq çoxdan bir yerdə yaşamadıqlarına baxmayaraq, hələ də qeybət və kişiləri müzakirə etmək üçün görüşürlər. Arabir Fidan Mədinənin anlamadığı ifadələr işlədir, Mədinə isə öz növbəsində rəfiqəsinin gülüş doğuran azərbaycandilisinə “sataşır” və deyir: “İnsafın olsun! Mən azsektor kəndçisiyəm, adam dilində danış, ağıllı-ağıllı sözləri qoy qırağa!”
Beləliklə, demək olar ki, konkret bu misalda sektorlararası uçurum aradan qalxmasa da, bu uçurum üzərindən körpü salmaq mümkün olmuşdur.