fbpx

Become an OC Media Member

Support independent journalism in the Caucasus: Join today

Become a member

Ahıl işçilər: Azərbaycanda niyə “heç kim təqaüdə çıxmaq istəmir”

30 May 2018
(Mehman Hüseynov/YouTube)

Azərbaycanda yaşlı insanların pensiya yaşını keçmələrinə baxmayaraq, ağır fiziki işlərdə çalışdıqlarının tez-tez şahidi oluruq. Hökumət bunu heç kimin Azərbaycanda təqaüdə çıxmaq istəməməsi ilə əlaqələndirməyə çalışır, digərləri isə qeyd edir ki, aşağı dövlət pensiyaları yaşamaq üçün başqa seçim imkanı vermir.

Küçələrin süpürülməsi Azərbaycanda ölümə aparan peşə hesab oluna bilər. Mart ayında Bakıda avtomobil vurması nəticəsində bir küçə süpürgəsinin öldüyü xəbəri yayıldı. Bu ilk hadisə deyildi və söhbət yalnız şəhərin kommunal işçilərinin təhlükəsizliyindən getmir, insanlar həmçinin bu təhlükəli işlə kimlərin məşğul olduğunu sorğulayırdılar.

Azərbaycanda yaşlı insanların da ağır fiziki işlərdə çalışdıqlarını görmək olar. Hazırda həbsdə olan, adı siyasi məhbus siyahısında olan videobloger Mehman Hüseynovun vaxtilə çəkdiyi qartəmizləyən yaşlı qadınları haqda video Azərbaycanda böyük müzakirələrə səbəb olmuşdu və məsələ parlament səviyyəsinə qədər yüksəlmişdi.

Bu yaxınlarda rəsmilər bu ölümlərin qarşısını almaq həmin yoltəmizləyən insanlara işıqlı jiletlər payladılar ki, avtomobillər qaranlıqda yoltəmizləyən insanları sezə bilsinlər. Bu addım isə ictimaiyyət arasında, sosial şəbəkələrdə tənqidlə qarşılandı. İnsanlar yol təmizləyənlərə jilet paylamaqdansa, neftlə zəngin bir ölkənin yaşlı insanlarının sosial rifahının yaxşılaşdırılmasını tələb edirdilər.

“Dolana bilmirik”

Ziyafətin (ad şərtidir) 67 yaşı var. Süpürgəçi işləyir. Hər gün səhər Bakının müəyyən bir hissəsini təmizləyir.

“Hökumətin verdiyi pensiya ilə dolana bilmirəm. Evdə işləmək qabiliyyətində olmayan xəstə qızım var. Onu da mən saxlayıram. Özüm də xəstə adamam. Amma yaşamaq üçün işləmək məcburiyyətindəyəm.”

Onun sözlərinə görə, aylıq 137 manat (81 $) pensiya alır. Bundan başqa süpürgəçiliyə görə aldığı məvacib də elə təxminən o qədərdir — 155 manat (91 $). Deyir məsul olduğu ərazidəki binaların həyətini, girişlərini, eləcə də mağazaların qarşısını da süpürür ki, buna görə həmin binada yaşayanlar, mağaza sahibləri ayda ona əlavə 3–5 manat (2–3.5 $) yardım edirlər.

Advertisements

“Dolana bilmirik. Həkimə getmək pul, iynə-dərman pul. Qazandığım ay sonuna güclə çatır. Heç düzəldib nə özüm həkimə gedə bilirəm, nə də qızımı apara bilirəm. Özüm bir yana. Amma qızımın ciddi müalicəyə ehtiyacı var. Elə hər ay yalandan onun üçün iynə-dərman alıram ki, xəstəliyi artmasın.”

Ziyafət xanım deyir ki, hər gün səhər alaqaranlıqdan yolları təmizləmək olduqca təhlükəlidir.

“Qaranlıqda yolları süpürəndə çox qorxuruq. Sahibsiz itlər bir tərəfdən. Daha çox isə boş yollarda şütüyən avtomobillərdən qorxuruq. Özümü fikirləşmirəm. Yaşadığımı yaşamışam. Mənə bir şey olsa balam yazıq olacaq.”

“İcbari sığorta- icbari deyilmi?”

“Qanunvericiliyə görə Azərbaycanda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda 65 yaşdan yuxarı işləməyə icazə verilmir” — hüquqşünas Azər Quliyev OC Media-ya belə deyir. Onun sözlərinə görə, əgər müəssisənin rəhbəri həmin işçinin işdə qalmasını istəyərsə, 65 yaşdan yuxarı olan işçi ilə hər il müqavilə bağlamalıdır.

“Dövlət büdcəsindən maliyyələşməyən təşkilatlarda isə yaş həddi yoxdur. İnsanın sağlamlığı imkan verirsə, həmin işçi işləyə bilər.”

Hüquqşünas həmçinin bildirir ki, Azərbaycanda bütün işçilərlə icbari sığorta müqaviləsi bağlanmalıdır. Bu o deməkdir ki, işçi iş zamanı xəsarət alarsa və ya iş yerində həlak olarsa həmin işçi və ya ailəsi işəgötürəndən təzminat almaq hüququna malikdirlər.

Amma Azərbaycanda bir çox insan bunu bilmir. İqtisadçı və Respublika Alternativ Partiyasının (REAL) Məclis üzvü Natiq Cəfərlinin fikrincə, adətən işəgötürənlər belə halları ört-basdır etmək üçün qurbanın ailəsini susdurmaq üçün onları pulla satın almağa çalışırlar.

Azər Quliyevin sözlərinə görə, “Əgər bir insanın sağlamlığı ona işləməyə imkan vermirsə və o işləyirsə, bu artıq Əməyin Mühafizəsi Qanunun pozulmasıdır. Həm də işçinin hüquqlarının pozulmasıdır. Hansısa hadisə baş verdikdə müəssisə rəhbəri həm cinayət, həm inzibati, həm də maddi məsuliyyət daşımalıdır.”

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə pensiya yaşından yuxarı olan insanların işləməsini ölkədəki iqtisadi-sosial durumla əlaqələndirir.

“Təqaüd yaşını adlamış insanların belə işlərdə çalışmasının əsas səbəblərindən biri sosial vəziyyətdir. Pensiyaların aşağı olması və insanın yaşayışını təmin edə bilməməsi onları işləməyə məcbur edir.” Mirvari Qəhrəmanlı OC Media-ya aşağı pensiyaların yaşamaq üçün yetərli olmadığını vurğulayır.

“İndi əksər ailələr işsizlikdən əziyyət çəkirlər. İnsanlar yaşlı ata və analarına maddi cəhətdən yardım edə bilmirlər. Nəticədə həmin yaşlı insanlar işləmək məcburiyyətində qalırlar.”

“Özəl fondlar”

İqtisadçı ekspert Natiq Cəfərli də yaşlı insanların işləməsini pensiyaların azlığı ilə əlaqələndirir.

“Bütün dünyada təqaüd yaşının artırılması etirazla qarşılanır. Çünki inkişaf etmiş ölkələrdə insanlar təqaüdə tez çıxıb istirahət etmək istəyir. Azərbaycanda isə əksinə. Təqaüdlər o qədər aşağıdır ki, insanlar işdən ayrılmaq istəmirlər.” Natiq Cəfərli belə iddia edir.

Natiq Cəfərli çıxış yolu kimi özəl fondların yaradılmasını əsas gətirir. Onun fikrincə pensiya fondu yalnız dövlətə məxsus olmamalıdır.

“Özəl fondlar insanlara daha yaxşı fürsətlər verirlər. Bu fürsətlər pensiyaçıların xeyrinə olur. Vətəndaşların da marağında olur ki, işlədiyi müddətdə pensiya fonduna daha çox pul versinlər ki, gələcəkdə daha çox pensiya ala bilsinlər.”

O həmçinin qeyd edir ki, Azərbaycanda işçilərin icbari sığortası olsa da onların ciddi işlək mexanizmi mövcud deyil.

“Kimsə təqaüdə getmək istəmir”

Hakim yeni Azərbaycan partiyasının üzvü, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, deputat Musa Quliyev yaşlı insanların işləməsi ilə bağlı yerli mediaya bildirmişdi ki, heç kim onları işləməyə məcbur etmir.

“Təmizlik, yaşıllaşdırma və s. xidmətlərdə çalışanlara yaş məhdudiyyəti qoymaq olmaz. Əgər insanın əmək qabiliyyəti varsa, sağlamlığı imkan verirsə, işləməyi niyə qadağan edək ki? Əgər bir insan əmək müqaviləsi ilə işini icra edirsə, burada nə var ki?”

Ötən il “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılıb. Bu müddət mərhələli şəkildə həyata keçirilir. Kişilər üçün nəzərdə tutulmuş 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

Prezident seçkiləri ərəfəsində prezidentliyə namizədlər üçün keçirilmiş televiziya debatlarında prezident İlham Əliyevin nümayəndəsi, Baş nazirin müavini Əli Əhmədov bildirdi ki, Azərbaycanda yaşayan insanlar təqaüdə çıxmaq istəmirlər.

“Təqaüd yaşını ona görə artırırıq ki, heç kim təqaüdə çıxmaq istəmir, hamı sona qədər işləmək istəyir, heç kim təqaüd yaşının artmasına etiraz etmir”.

Azərbaycanda minimum pensiya 117 manat 37 qəpikdir (69 $).

Bu məqalə Cənubi Qafqazdakı Friedrich-Ebert-Stiftung (FES) regional ofisinin dəstəyi ilə hazırlanmışdır. bütün fikirlər yalnız müəllifə məxsusdur və FES-in fikirlərini əks etdirmir.

Right now, online media in Georgia is in dire need of safety equipment, legal support, and technology as we cover increasingly challenging circumstances. Support small, independent media outlets in Georgia via our collective fundraiser.

Interested in directly assisting OC Media? Consider becoming a member.