Azərbaycanda və Ermənistanda keçmiş qırğınların qurbanlarını anmaq adətən bir tərəfli təbiətdə həyata keçir. Bu hadisələrin siyasiləşdirilməsi və millətçi məqsədlərə xidmət etməsindənsə irəliləmək üçün daha şəfqətli bir baxış tərzi vacibdir — xatırlamalıyıq ki, bütün qurbanlar günahsızdır.
20 yanvar Azərbaycan xalqı 29 il əvvəl Bakıda Sovet vəhşiliyinə qurban gedən şəhidlərini andı. Telekanallar vətənpərvər filmlər yayımladılar (baxmayaraq ki, bu filmlər özləri Sovet dövrü filmləri idi), sosial media profilləri qırmızı-qara rəngə boyandı.
Qara Yanvar müasir dövrümüzdə belə xatırlanan qırğınlardandır, bununla belə tək-tük hadisələrdəndir ki, orada erməniləri görmürük — nə əsgər kimi, nə də qurban kimi. Necə oldu ki, Bakı bir zamanlar Cənubi Qafqazın ən kosmopolit şəhərindən “ermənisiz” şəhərinə çevrildi?
“Yalan xəbərlər”
Britaniyalı jurnalist Tom de Vaalın “Qara Bağ” kitabında qeyd etdiyi məlumata əsasən Bakı poqromunun 90 nəfər civarı qurbanı olsa da buna rəğmən Azərbaycan tarixçiliyində çox da toxunulan bir mövzu deyil. Sumqayıt poqromu haqda istər hökümət, istər qeyri-hökümət mənbələrində məlumatlar və reaksiyalar oxumaq imkanımız olsa da Bakı hadisələri haqqında Azərbaycan tərəfinin tutumu bir az dumanlıdır və digər Qara Yanvar hadisələri tərəfindən arxa plana atılır.
Məsələn, tarixçi və professor Kərim Şükürova əsasən Bakı və Sumqayıtdan ermənilərin qovulması gələcəkdə mövcud ola biləcək “beşinci kolon”un qarşısını almaq üçün vacib idi. Onun fikrinə görə bu hadisələri əlaqəsiz qırğınlar saymaq olmaz və Dağlıq Qarabağ müharibəsi kontekstində analiz etməliyik.
Bununla bərabər, Pənah Hüseyn və Etibar Məmmədov kimi Xalq Cəbhəsinin keçmiş üzvlərinə əsasən porqom SSRİ DTK-sının məxfi hazırladığı, öncədən düşünülmüş bir provokasiya idi. Azərbaycan Xarici İşlər Nazirliyinə əsasən isə 1990-cı ilin erməni qurbanları seperatistlərin tərəfinə keçmədikləri üçün, yəni belə demək mümkündürsə “loyal ermənilər” olduqları üçün öldürülmüşdülər.
Bütün bunlar görəsən yalandır, konspirologiyadır yoxsa həqiqət? Arxivlər tamamilə açılmasa, tarixçi olmayan sadə şəxslər bunu heç vaxt bilməyəcək. “Yalan xəbərlər” (fake news) və “həqiqətardı” (post-truth) dövründə insanları istənilən iddia ilə manipulyasiya etmək olar. İnsanlar sadəcə kimə inanmalı olduğunu bilmir.
Bəsnecəolsunçuluq və millətçilik
Elə isə günahsız qurbanları anmaqdan bizi nə saxlayır? Bunlardan biri mütləq ehtimalla “bəsnecəolsunçuluq”dur (whataboutism). İnsanlar əvvəlcə ədaləti öz tərəflərində görmək istəyir, məhz tutduqları yas keçəndən sonra başqaları haqda düşünməyə razı ola bilərlər.
Bu pozisiyanın əsas problemi odur ki, hamı öz məhkəməsində hakim olmaq istəyir. Mən bunu “qurbanlıq kompleksi”nin özünü yeyən ilanı — oroborosu adlandırardım. Bu şəxslərə görə Xocalıdakı qurbanları anmaq olmaz — nə var, nə var onların hansısa siyasi arqumentlərdə adları çəkilir.
Tvitterdəki bir azərbaycanlı izləyicim mənə sual vermişdi: “Erməni qurbanları niyə xatırlayım ki, nə səbəbə? Onlar bizim qurbanları heç anır?” Yaxşı sualdır amma gərək kimsə hardansa başlasın axı.
Günahsız qurbanları anmağın bir şeyi yaxşıdır ki, fərqi yoxdur onlar necə ölüb və ya kim öldürüb — günahsızlar müqəddəsdir. Rohinqyalar, uyğurlar, yezidilər, boşnaklar, ermənilər və azərbaycanlılar hərəsi öz anım gününü qeyd edir — bu anım günləri əslində bu qırğınları xatırlamaq və gələcəyə baxmağa kömək üçün təsis olunur.
Heyf ki, bunun mənfi yönləri də var. Millətçilik və bəsnecəolsunçuluq əsrində anım günləri artıq revanşist siyasətçilərə xidmət edir. Anım günləri belə artıq inklüziv deyil.
Problemin nədə olduğunu yəqin ki, görürsünüz. Hətta səmimi olaraq hansısa faciənin qurbanlarını ansanız və azlığın hüquqlarını müdafiə etsəniz belə propaqanda alətinə çevrilə və ya cəmiyyət tərəfindən pislənə bilərsiniz.
Sülhə gedən yol maneəsiz deyil və ən böyük olanını qəbul etmək önəmlidir — irrasional millətçilik!
Təkcə Türkiyə ermənisi Hrant Dinkin 2007-ci ildəki faciəvi ölümündə küçələrə çıxan minlərlə türkün “Hepimiz Ermeniyiz” şüarına gələn reaksiyasına baxmaq olar. Bu kişilər və qadınlar millətçi türklər tərəfindən lağ və nifrət edildilər, millətçi ermənilər tərəfindən isə “soyqırıma sübut” kimi istifadə olundular. Həmin türklərin bu hərəkəti siyasiləşdirilməkdənsə mehriban bir jest olaraq görülməliydi.
Millətçi olduqda milyonların ölümü statistika halına gəlir və statistika propaqandanın ən böyük alətlərindəndir. Millətçilərin şəfqəti olmur və alman filosof Max Ştirnerin sözləriylə desək onlarda “tünd eqoizm” var. Təəssüf ki, sülhün düşmənləri daim olacaq və sülh yolunda irəlilərkən bu problemləri də gözardı etməməliyik.
İrəliyə baxmaq
Azərbaycan və Ermənistan hökümətlərinin xalqları sülhə hazırlamaq haqqındakı ümidverici xəbərlərdən sonra hər iki dövlət arasında pozitiv dialoq açmağa cəhd etməyə dəyər — bütün qurbanları anmaqla başlamaq olar. Hər bir halda nə Xocalı, nə də Bakı qurbanları o hadisələri yaşamağa layiq deyildilər.
Bu konseptdə müzakirə aparmaq çətindirmi? Hər iki xalq özünün daha “bağışlayıcı” və “unutqan” olduğunu iddia edir — bəlkə də bunu sübut etməyə ideal imkan yaranıb.
Cənubi Qafqazda artıq dünyanın heç bir yerində olmayan şəkildə fərqli insanları birləşdirən millətlərarası “Chai Khana” layihəsi və fərqli QHT tədbirləri var (Tbilisi sağ olsun).
Sərhədləri keçmək və sadə insanlarla danışmaq üçün sosial media da yaxşıdır — hökümətlərimiz nə düşünürsə, düşünsün. Amma Cənubi Qafqazda haralı olmağın önəmlidir. Söhbət sənin harada anadan olduğundan yox, valideynlərinin harada anadan olduğundan gedir. Qarabağı görməyən qarabağlılar, Ermənistanda doğulmayan “yeraz”lar, əslində bakılı olan ermənilər (sizin və) bizim ətrafımızdadır.
Sosial media sayəsində mənim kimi nə qədər insan ermənilər, köhnə bakılılar, Ermənistan türkləri və s. şəxslərlə əlaqə qurmağı bacardı. Son fərdimiz ölənəcən döyüşməliyik yoxsa bir nöqtədə danışmağa başlamalıyıq?
Bunlar sadəcə irəli addımlamaq üçün sivil cəmiyyətin bu və ya digər yolla məşğul olduğu yollardır. İndi isə hökümətlərin addım atmaqlarına ehtiyacımız var.
100 il əvvəl buna nail olmuşduq. Mart günlərindən (hansı ki, bu gün Azərbaycanda soyqırım kimi qeyd edilir — azərbaycanlılar bolşeviklər və erməni daşnaklar tərəfindən qırılmışdı) və sentyabr günlərindən (hansı ki, ermənilər azərbaycanlı və osmanlı orduları tərəfindən qırılmışdı) aylar sonra Azərbaycan və Ermənistan bir-birini müstəqil dövlət kimi tanımışdı. Onlar hətta “doğum günləri”ni paylaşırdılar.
Müstəqillikdən sonra Azərbaycan parlamentində 11 erməni deputat, Ermənistanda isə 6 azərbaycanlı deputat vardı. 2 qorxunc qırğından cəmi bir neçə ay sonra “düşməninizə” parlamentdə yer verməyi xəyal edin! Bu bizim indiki “aydınlanmış” dövrümüzdə düşünülməyəcək bir addım olardı.
İndi isə öz keçmişimizə uzun-uzun baxmalıyıq — bir-birimizi necə qırdığımıza yox, necə barışdığımıza baxmalıyıq.
Məqalədə əks olunan fikirlər yalnız müəllifindir və OC Media redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.
İlham Əliyev hökuməti indiyə qədər heç vaxt bu səviyyədə kütləvi dəstək almayıb. Zəfər paradı hökümətin təntənə anı idi, indiki halda ona qarşı hər-hansı müxaliflik ağlasığmazdır. Ancaq yeni Azərbaycan reallığında da bir zaman etirazın mümkün olacağı ilə bağlı azacıq ümid yeri var.
İlham Əliyev hakimiyyəti atası Heydər Əliyevin 2003-cü ildə vəfatından sonra miras aldı. Hakimiyyətin dövriyyəsi prosesi müxalifətin kütləvi aksiyalarının zorakı basdırılması ilə həyata keçirildi. Öz hakimiyyətini g
Travma Azərbaycan milli kimliyinin bir hissəsidir. Bu gün travma müharibəni alovlandırır və sülhpərvər səsləri boğur. Ancaq nə qədər çətin olsa da, potensial sülh qurucuları bu travmanın daşıyıcılarına mərhəmətlə yanaşıb, öz prinsiplərinə sadiq qalaraq, onunla mübarizə aparmalıdırlar.
Dağlıq Qarabağda münaqişənin yenidən alovlanması Azərbaycan cəmiyyətində tarixi travmanın rolunu çox açıq bəyan etdi.
Sındırılmış və bölünmüş cəmiyyət hərbi əməliyyatların təsiri altında birdən-birə birləşdi.
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Azərbaycan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan re
12 iyul 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsində bir neçə gün davam edən döyüşlər başlandı. Cəbhə bölgəsində əsgərlər atəş açarkən Ermənistanın Tavuş vilayətinin və Azərbaycanın Tovuz rayonunun kəndlərinə artilleriya mərmiləri düşdü.
OC Media cəbhə bölgəsində yaşayan mülki insanlarla görüşmək və hekayələrini paylaşmaq üçün hər iki ölkənin sərhəd bölgələrinə səfər etdi.
Aşağıdakı reportajımız sərhədin Ermənistan tərəfindəndir.
Sərhədin erməni tərəfindən olan r