fbpx

Seksual oriyentasiya üzündən evdən qaçış

24 May 2018
(Anna Nikoğosyan/OC Media)

Təhqir, ayrıseçkilik və zorakılıqla qarşılaşandan sonra Cənubi Qafqazdakı LGBT nümayəndələri öz evlərini tərk etmək məcburiyyətində qalır.

 

Ermənistanlı Mel

“Mən yad bədəndə doğulduğumu anlayanda uşaq bağçasına gedirdim. Daha doğrusu, mənim heç vaxt fərdiliyimi dərk etməklə bağlı problemim olmayıb. Mən heç vaxt özümü “qız” hesab etməmişəm, olmamışam da. Problemim sadəcə ətraf aləmlə idi, hər addım başı mənə qız kimi yanaşan insanlarla münaqişəyə girməli olurdum. Məktəbdə özümü qız kimi təqdim etməyə məcbur edirdilər. Öz bildiyim kimi yazırdım, müəllimlər yenə düzəldirdilər. Öz mahiyyətimi anladığım bir məqam olmayıb. Mən həmişə özümü oğlan hesab etmişəm”, — OC Media-ya 30 yaşlı keçmiş Gümri sakini Mel Daluzyan danışır.

Mel Daluzyan

Melin bütün səylərinə rəğmən cəmiyyət üçün o, Melina adlı qız idi. 2002-ci ildən Mel ağır atletika ilə məşğul olur, Ermənistan Ağır Atletika Federasiyasının qadın yığmasının üzvüdür.

“Məşqçim məni ruhlandırmağa çalışırdı, deyirdi ki, Tanrı məni “belə” yaradıb. Gəncliyimdə bu nöqteyi-nəzəri də qəbul etməyə çalışırdım, amma anladım ki, hər şeyə rəğmən mənim də şəxsi həyata və xoşbəxt olmağa haqqım var. Xüsusən nəzərə alsaq ki, mən öz həyatımla və həyan tərzimlə heç kimə ziyan vurmuram”, — o deyir.

Mel 2015-ci ildə Pink Armenia təşkilatının təşkil etdiyi Ermənistanın ilk LGBT forumunda iştirak etdiyini xatırlayır. Şəbəkədə tədbir iştirakçılarınıın qrup şəkli paylaşılıb, bundan sonra KİV onun şəxsi həyatını müzakirə etməyə başlayıb və bu da onun karyerasını təhdid altına qoyub. Rekordsmen, ikiqat Avropa çempionu və ikiqat bürünc medal sahibi iki il əvvəl doğma Gümrini tərk edib, xaricə köçməli olub.

Ermənistanın 2015-ci ildəki LGBT forumu (Pink Armenia)

“Bir il ixtisasım üzrə iş tapmaq istiqamətində uğursuz cəhdlərdən sonra 2016-cı ildə Ermənistandan getdim. O qədər mənfi şeylər üzərimə gəldi ki, həttə idman zalına məşqçi kimi də qəbul etmirdilər. İndi mən Hollandiyada yaşayıram və burada heç bir ayrıseçkiliklə qarşılaşmamışam, bütün məsələlərdə yalnız qeyd-şərtsiz dəstək görmüşəm. Hazırda mən Ermənistana qayıtmaq niyyətində deyiləm. Mən özümü daha idmançı olaraq görmürəm, yalnız məşqçiyəm”.

Mel deyir ki, Gümridə başqalarından fərqlənənlər üçün, xüsusən də əgər məşhursansa, yaşamaq çox çətindir.

“Gümri Ermənistanın ən mühafizəkar şəhəridir. Əsas problem qeybətdən ibarətdir. Hər kəs anlamaq iqtidarında olmadığı şeyləri anlatmaq üçün mənim haqqımda hər hansı mif uydurmağı öz müqəddəs borcu sayırdı. KİV isə bu qeybətləri yaymağa kömək edirdi. Əlbəttə ki, bütün bunlar mən yeni mühitə girəndə və ya yenidən, sıfırdan həyatımı qurmağa çalışanda mənim üçün müəyyən çətinliklər yaradırdı. Amma nəticədə mən insanların qarşısına olduğum kimi çıxa bildim. Mən ona nail oldum ki, artıq dostlarım heç kimə məni “Melina” deyə çağırmağa imkan vermirlər”.

Mel hesab edir ki, əgər cəmiyyətin müdaxiləsi olmasaydı, onun ailəsi ilə problemi olmazdı.

“Ermənistanda LGBT təmsilçilərinin heç bir hüququ yoxdur. Əlbəttə, əgər o, öz həytatını gizlədirsə, mahiyyətini içində basdırırsa və formal nikahdadırsa, o zaman rahat yaşaya bilər. Amma özünüz düşünün – bunu necə “rahat həyat” hesab etmək olar? Mən gizlənməyən və rahat yaşayan adam tanımıram”.

Mel öz ailə həyatının təfərrütlarını açıqlamaq istəmir, yalnız deyir ki, indi onun xəyalını qurduğu hər şeyi var.

2003-cü ildən homoseksualizm qanunsuz hesab edilmir, amma seksual azlıqların hüquqları kodekslə müdafiə olunmur. 2017-ci ildə Pink Armenia LGBT təmsilçilərinin vəziyyəti ilə bağlı hesabat hazırlayıb. KİV-in hüquq-müdafiə təşkilatları və LGBT nümayəndələri ilə əməkdaşlığı və sonuncular haqda hekayələrin doğru təqdimatı ilə bağlı müsbət tendensiyaya baxmayaraq, Ermənistan sakinlərinin mütləq əksəriyyəti indiyə qədər qeyri-ənənəvi seksual oriyentasiyalı insanlara mənfi münasibət göstərirlər.

2016-cı ildə Pink Armenia və Qafqaz Tədqiqat Resurs Mərkəzi tərəfindən aparılan araşdırmalar göstərib ki, Ermənistan əhalisinin 89 faizi homoseksualların uşaqlarla işləməli olmadığını hesab edir.

Nəticələrə əsasən, LGBT nümayəndələri ilə ünsiyyət təcrübəsinə sahib olan insanlara nisbətən obelə təcrübəsi lmayanlar onlara qarşı daha neqativ münasibət göstərir.

Hüquq müdafiəçiləri qeyd edirlər ki, rəqəmlər dəyişkən olsa da, hər il LGBT təmsilçilərinin böyük hissəsi Ermənistanı homofobiyaya görə tərk edir.

Gürcüstanlı Tazo

22 yaşlı Tazo Sozaşvili doğulub, böyüdüyü Kaxetiyada (Şərqi Gürcüstan) yaşayan ailəsini ziyarət edə bilmir. O qorxur ki, seksual oriyentasiyasına görə, orada onu təqib edəcəklər. Üstəlik oraya gedəndən sonra ailəsinin başına gələ biləcəklərdən də narahatdır.

Tazo Sozaşvili (Dato Parulava/OC Media)

Bu yaxınlarda Tazo bütün bunların niyə bu cür baş verdiyini Gürcüstan parlamentində qanunvericilərə izah etməyə çalışdığı emosional çıxışı ilə KİV-in manşetlərinə düşmüşdü.

“Mən öz kəndimə gedə bilmirəm, valideynlərimi, nənəmi və babamı görə bilmirəm. 12 il məktəbdə məni lağa qoyublar. Mən indiyə qədər o yerə nifrət edirəm, çünki hər gün dəhşət idi, hər gün mən ölümün bir addımlığında idim. İndi mən Kaxetiyadakı valideynlərimi ziyarət edə bilmirəm, bu təhlükəlidir. Mənim sizdən fərqim elə bundadır. Siz heç vaxt analamayacaqsız ki, burada durub, bütün bunları danışmaq mənim üçün nə deməkdir. Bu mənim üçün ciddi problemlərlə nəticələnəcək. Siz bunu heç vaxt anlaya bilməzsiz, çünki siz ağ, heteroseksual, üstün insanlarsız. Mən sizə nifrət edirəm”, — Tazo mayın 1-də növbəti dəfə Beynəlxalq Homofobiya ilə Mübarizə Gününü qeyd etməkdən imtina edən Parlamentin İnsan Haqları Komitəsi qarşısında deyib.

[Bunu da oxuyun: NGOs call on Georgia’s Human Rights Committee head to resign after queer activists’ protest]

Televiziyada görünəndən sonra o, daha çox əmin olub ki, yaxın zamanda evə qayıtması mümkün deyil.

Yanvardan bəri DİN homofobiya ilə bağlı cinayətlərə görə 10 nəfəri  həbs edib. 2017-ci ildə prokurorluq nifrət zəmnində törədilmiş 86 cinatət işinə baxıb, onlardan 12-i qurbanların seksual oriyentasiyası, 37-i isə gender xüsusiyyəti ilə bağlı olub.

Gürcüstanın xalq müdafiəçisinin məruzəsində deyilir ki, qəribə insanlara qarşı istər ailədə və ya ictimai yerlərdə zorakılıq ciddi problemdir və hökumət bu təhdidə reaksiya verə bilmir.

Tazonun çıxışı planlı deyildi. Ailəsinin onu televizorda görəndən sonra nə hiss edəcəyini dərk edəndən sonra o, valideynlərini hazırlamaq qərarına gəlir və anasına zəng edir. “O ağlayırdı. “Sən niyə belə elədin? Adamlar nə deyəcəklər?”, — qınaqla soruşurdu, amma o qəzəbli deyildi, təəssüf içindəydi”, — Tazo danışır.

Onun telefonu zənglərdən və gələn ismarıclardan heç susmurdu. Onlardan çoxu ümidverici idi, amma onu anlamayan insanlar da vardı.

Çıxışından sonra Tazo atası ilə hələ danışmayıb. “bizim bütün qohumlarımız və dostlarımız ona zəng vurmuşdu. O, telefonunu tullamaq istəyirdi. Amma onlar onu dəstəkləyirdi, bu isə çox nadir hallarda baş verir. Adətən bu cür vəziyyətlərdən sonra ailələr doğma kəndlərini tərk etməli olurlar”, — o deyir.

Onun ictimai “kaminq-aut”undan sonra kənddəki bir neçə tanışı onunla əlaqə yaratmağa çalışıb: “On nəfərə yaxın tanışım sosial şəbəkədə mənə dostluq təklifi göndərdi. Onlar məndən soruşurdular ki, niyə onları homofob hesab edirəm, əslində onlar mənə kömək etmək istəyirlər və mənim yaxşılığımın qayğısına qalırlar”.

Amma neçə ildir ki, onu təhdid edən bədxahlar da var. Onun hər evə səfəri kəskin bıçaq ucunda gəzməyi xatırladırdı, buna görə də Tazo doğmalarını yalnız ildə iki dəfə ziyarət edirdi. O, gözə batmamağa çalışırdı.

“İndi mən həddən artıq əminəm ki, hələ uzun müddət ora qayıda bilmərəm. Onlar artıq bir neçə ildir ki, məni təhdid edirlər. Bu oğlanlar birlikdə çox aqressivdirlər, amma mənimlə təklikdə deyirdilər ki, məni anlayırlar”, — Tazo deyir.

Çıxışından sonra Tazo bir neçə gün ictimai nəqliyyatdan istifadə etməyə çəkinirdi. Qorxurdu ki, onu tanıyarlar. İndi hər şey yoluna düşüb.

“Bəzi tanışlarım məni başqa tərəfdən gördüklərini deyirlər. Onlar soruşurlar ki, mənə nə ilə kömək edə bilərlər, çünki övladlarını belə mühitdə böyütmək istəmirlər”, — o qeyd edir.

Amma siyasətçilər üçün hər şey fərqlidir. Onun bildirdiyinə görə, onların arasında problemin ciddiyətini çoxu görə bilmir, bəziləri görür, amma veclərinə deyil.

Tazo deyir ki, “görməyən insanlara” səs verdiyi üçün çox qürurludur.

“Bu, yalnız mənim hekayəm deyil. Bu, seksual oriyentasiyasına görə ailədə zorakılıq qurbanı olan, öz doğma evlərindən qovulan, övladlıqdan rədd edilən, məktəbdə həqarətlə üzləşən, işdə ayrıseçkiliyə uğrayan insanların səsi və ağrısıdır”.

Tazo deyir ki, bu haqda yüksək səslə danışa bilmədiyi zamanlar vardı, amma indi hər şey dəyişib. O ümid edir ki, başqaları üçün də vəziyyət dəyişəcək.

“Geri dönüşü olmayan nöqtə var, ondan sonra siz artıq dözə bilmirsiz. Elə məqam yetişcək ki, çoxları bu haqda açıq danışacaq, indi mənim elədiyim kimi. Biz bir yerdə olacağıq və tələb edəcəyik ki, məmurlar öz vəzifələrini yerinə yetirsinlər”, — Tazo bildirir.

Azərbaycanlı Elvira və Əminə

Sentyabrda OC Media Bakı sakinləri Elvira və Əminə haqda artıq yazmışdı. Ötən yarım il ərzində onların həyatında dəyişikliklər baş verib.

Qızların münasibətləri sürətlə inkişaf edib. Tanış olandan yarım il sonra onlar birlikdə yaşamağa başlayıb, bir qədər sonra isə evləniblər – eynicinsli nikahlara icazə verilən Avropa ölkələrinin birində nikaha giriblər.

Qızlar özlərini tam mənada ailə kimi hiss edirlər. Dostları və yaxınları da onları bu cür qəbul edir. Elvira və Əminənin valideynləri narazı olsalar da, zamanla kürəkənlərinin yox, gəlinlərinin olduğuna alışıblar. Amma cütlük yenə də Azərbaycanda özlərini sudan çıxmış balıq kimi hiss edirmiş və emiqrasiya haqda düşünürmüş.

Azərbaycanın “Gender və inkişaf” təşkilatının ofisi (Vəfa Zeynalova/OC Media)

“Birincisi, şifrələnməkdən yorulmuşduq”, — Əminə danışır. — “İkincisi, Avropada verilən nikah şəhadətnaməsinin vətəndə heç bir qüvvəsi yoxdu və biz qanunla bir-birimizə yad adamlar olaraq qalırdıq. Üstəlik Elviranın kiçik oğlu da bizimlə yaşayır. Uşağa izah edə bilməzsən ki, yad adamların yanında artıq-əskik danışmasın. Məsələn, uşaq bağçasında bizim ailəmizin mahiyyəti bəlli olsaydı, nə olardi?”.

Nəticədə oğlan həqiqətən də demək olar ki, kriminal dramın dolayı iştirakçısı olub və bu hadisə ailəni Azərbaycanı tərk etməyə vadar edib. Yox, o ağızından heç nə qaçırmayıb, tamam başqa məsələdir.

“Bir dəfə mücrümdən böyük məbləğdə qızıl bəzək əşyalarım yoxa çıxdı. Onları yalnız oğlumun dayəsi oğurlaya bilərdi – ondan başqa mənzildə heç kim tək qalmırdı. Biz ona tam etibar edirdik. Məlum oldu ki, nahaq”, — Elvira danışır.

Məsələ polisə gedib çıxanda dayə günahını nə inkar, nə də etiraf edib. Bunun əvəzinə o, müstəntiqə işverənləri ilə bağlı tutarlı kompromat – intim fotolar və video-materiallar təqdim edib.

“Biz zərərçəkənlərdən sanki şübhəliyə çevrildik – hər halda müstəntiq özünü məhz bu cür aparırdı”, — Elvira əlavə edir.

Kompromatı alandan sonra polis Elviraya bildirib ki, şikayət ərizəsini geri götürüb, işin başını buraxsa yaxşı olar, əks halda daha pis olacaq – yalnız ona görə yox ki, dayə onların şəxsi məlumatını yaya, foto və video-kadrları internetə qoya bilər. Onun sözlərinə görə, istintaq zamanı onun və Əminənin “mənəvi mahiyyəti” də araşdırılacaq (hərçənd, qanunla bunun oğurluq faktı ilə bağlı işə heç bir aidiyyatı yoxdur), valideynləri, həmkarları dindiriləcək, məsələ uşağın anasının əlindən alınmasına qədər gedib çıxa bilər.

Sözarası müstəntiq Elviraya məsləhət bilib ki, gözü Əminədə olsun — onun fikrincə, ziynət əşyalarını məhz o, oğurlamış ola bilərdi. Elvira deyir ki, onda müstəntiqin otağında həyatının ən dəhşətli və ən alçaldıcı məqamlarından birini yaşayıb: “Bu çox iyrənc idi! Bu qadının bizi güddüyünü dərk etmək, müdafiəsizlik hissi, müstəntiqin dik baxışları və səsimizi çıxarmamaqla bağlı məsləhəti... Onda biz qərara gəldik ki, mümkün qədər tez burdan getmək lazımdır”.

Martın ortasında ailə bir tərəfə bilet alıb ABŞ-a yollanıb.

(Vəfa Zeynalova/OC Media)

2000-ci ilə qədər Azərbaycanda homoseksual əlaqələrə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdu – buna görə bir neçə il azadlıqdan məhrum olmaq mümkün idi. 2000-ci ildə bu maddə ləğv edildi və 16 yaşı tamam olmuş insanlar arasında eynicinsli intim əlaqələr qanuni oldu. Amma həm qadağa, həm də qadağanın ləğv olunması kişilərə aid idi. Qadın homoseksualizmi haqda qanunvericilikdə ümumiyyətlə heç nə deyilməyib.

Azərbaycanda seksual oriyentasiyasına görə diskriminasiyaya qadağa yoxdur. Şantaj, qanunsuz işdən çıxarılma və digər sıxışdırma halları baş verdikdə zərərçəkən ümumi “şikayət” edə bilər, məsələn, insan haqlarının pozulması ilə bağlı. “Nəfəs” LGBT alyansının nümayəndəsi Gülnarə Mehdiyeva deyir ki, yerli LGBT fəalları müvafiq qanunun qəbul edilməsinə nail olmağa çalışacaqlar.

2014-cü ildə “Nəfəs” sorğu keçirib. Respondentlərdən LGBT nümayəndələrinə necə münasibət bəslədikləri soruşulub. Nəticələr göstərib ki, sorğu edilənlərin 56 faizi homoseksualizm və biseksuallığı anadangəlmə xəstəlik hesab edir, 60 faiz seksual azlıqlara pis münasibət bəsləyir, 64 faiz isə onlarla birlikdə işləmək istəmir. Baxmayaraq ki, respondentlərin böyük əksəriyyətini ali təhsilli cavan kişilər təşkil edib.

Cinsi azlıqların nümayəndələri hesab edirlər ki, Azərbaycanda lesbiyanlara geylərdən daha tolerant münasibət göstərirlər. Hüquq müdafiəçisi bunu Azərbaycan cəmiyyətinin patriarxallığı ilə izah edir. Bu cəmiyyətdə kişiyə ənənəvi olaraq dominant rol verilir. Onun “kişiliyinə” qarşı bu anlayışın yerli yozumunda yüksək tələblər irəli sürülür.

“Homoseksual əlaqələrə girən kişi bir növ qadın səviyyəsinə enərək yalnız özünü alçaltmır, faktiki olaraq cəmiyyətin ənənələrini və dəyərlərini təhdid edir”, — Zeynalov aydınlıq gətirir.

Onun sözlərinə görə, Azərbaycanda cəmiyyəti insanların qeyri-ənənəvi oriyentasiyası ilə barışmağa vadar etməyin yalnız bir yolu var. Bunun üçün ya hakimiyyətə sahib olmaq lazımdır, ya da böyük pullara, ən yaxşısı isə hər ikisinə.

“Pul və hakimiyyət bir çox azərbaycanlıların təfəkküründə kişiliyin xeyrinə seksual seçimlərdən daha tutarlı arqumentdir. Varlı və nüfuzlu insana çox şeyi bağışlaya bilərlər, o cümlədən də öz cinsindən olan insanla seksual münasibətlərini də”, — hüquq müdafiəçisi deyir.

İndi Əminə və Elvira oğlu ilə birlikdə Amerikada yaşayır və orada yerləşməyə səy göstərir: iş axtarır, yeni mənzillərini döşəyir və artıq kiminsə onlar haqda həqiqəti öyrənəcəyindən qorxmaq lazım olmadığı hissinə alışmağa çalışırlar.

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. Support us today and join us in the fight for a better Caucasus.

Support Us