War of words between Azerbaijan, US Embassy in Baku
Azerbaijan officials have criticised a statement from the US Embassy in Azerbaijan, leading to further accusations from both sides.
Azərbaycan hökumətinin jurnalistlər üçün pulsuz mənzillərin verilməsi təşəbbüsü yerli media qurumlarında müzakirəyə səbəb olub. Bu qərarın lehinə olan jurnalistlər bunu ümumi gəlirin bölüşdürülməsi şəklində dilə gətirir, bəziləri isə bunu ölkədə mətbuat azadlığını boğmaq cəhdi kimi qiymətləndirir.
[Read in English — İngilis dilində oxuyun]
[Read in Russian — Rus dilində oxuyun]
Bu il iyulun 22-də-Azərbaycan mətbuatının yaranmasının 142-ci ildönümündə 255 jurnalistə ev hədiyyə veriləcək. 17 mərtəbəli və 3 blokdan ibarət olan bina Azərbaycan dövlət başçısı İlham Əliyevin sərəncamı ilə inşa olunub.
Binanın olduğu Bibiheybət rayonu
Jurnalistlərə ev hədiyyə verilməsi ilk proses deyil. 2013-cü ilin 22 iyulunda 156 jurnalist bu mükafata layiq görülmüşdü. Proses ilk olmadığı kimi sonuncu da deyil, çünki media mənsubları üçün üçüncü binanın təməli atılıb.
Media mənsublarının evlə təmin olunmasına həmin jurnalistin çalışdığı KİV qərar verir. Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun məlumatına görə, ev üçün namizədliyi verilən KİV əməkdaşı həmin redaksiyada ən azı fasiləsiz 3 il, KİV-də isə ən azı fasiləsiz 10 il fəaliyyət göstərməlidir. Bundan əlavə, evə namizəd olan jurnalistin, onun həyat yoldaşının və övladının adına mülkün olmaması da əsas meyarlardan biridir.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyir ki, namizədlər verildikdən sonra sənədlər Prezident Administrasiyasına (PA) təqdim olunacaq və evlər PA-nın müəyyən etdiyi şəxslərə təqdim olunacaq.
(Əziz Elxanoğlu /OC Media)
Jurnalistlǝrin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin sözlərinə görə, jurnalistlərə güzəştli və ya ödənişsiz əsaslarla mənzillər verilməsi ideyası media ictimaiyyəti tərəfindən 2000-ci illərin başlanğıcında gündəmə gətirlib.
“Jurnalistlərin Həmkarlar İttifaqı olaraq biz, bu ideyanı 2002-ci ildə ictimailəşdirmişik. Parlament Jurnalistlər Birliyi və digər onlarla təşkilat ideyanı dəstəkləyib, genişləndiriblər. Hətta 2004-2005-ci illərdə “Jurnalist mənzil kooperativi birliyi” deyilən birlik də meydana gəldi, jurnalistlərin mənzil probleminin həlli üçün əhəmiyyətli təşəbbüslər göstərdi. Sonradan ideya Azərbaycan Mətbuat Şurası tərəfindən dəstəkləndi və daha geniş çevrəni əhatə etdi.”
2002-ci ildə JuHİ-nin açıqladığı statistikada göstərilirdi ki, ölkə jurnalistlərinin 85%-nin şəxsi mənzili yoxdur.
“Peşəkar jurnalistlər mənzilsizlik, az əmək haqqı səbəbindən jurnalistikanı tərk edib dolanışıq, ev-eşik qurmaq üçün başqa sahələ gedirdilər, bu da mediada keyfiyyət məsələsinə mənfi təsir göstərirdi.”
Azərbaycan prezidenti İlham Əliyev 2013-cü il iyulun 22-də jurnalistlər üçün inşa olunmuş ilk binanın açılışı zamanı bu hadisəni, “Azərbaycanın bu sahədə liderliyi,” kimi dəyərləndirib. Bu binanın inşası və onun ətrafının yaşıllaşdırılması üçün dövlət büdcəsindən 22 milyon AZN (13 milyon USD) vəsait ayrılmışdı.
22 iyul 2013-cü il tarixində ilk binanın açılışı (president.az)
Hədiyyə mənzil məsələsi 4 il əvvəl olduğu kimi, bu il də ciddi müzakirələrə səbəb olub. Azərbaycan jurnalistikası bu istiqamətdə 2 hissəyə bölünüb: jurnalistə ev verilməsinə normal yanaşanlar və namizəd olanlar, jurnalistə ev hədiyyə olunmasına qarşı çıxanlar.
Birinci qrup iddia edir ki, jurnalistlərin mənzillərlə təmin olunması, onların həyat və şəraitinin yaxşılaşdırılmasının ölkə mediasına diqqət kimi dəyərləndirdiyi halda, ikinci qrup bunun əksini iddia edir. Onlar hesab edir ki, jurnalistlərin ev və digər bahalı hədiyyələrlə təltif olunması müstəqil və tənqidçi mediadın tam sıradan çıxarılmasına, jurnalistlərin satın alınmasına xidmət edir.
37 yaşlı müstəqil jurnalist Aytən Fərhadova jurnalistlərə mənzil verilməsinin əleyhinədir. O, hesab edir ki, məqsəd jurnalistlərə kömək etmək deyil.
“Ev bir növ elə məhz jurnalisti susdurmağa hesablanıb. Dövlətdən ev alan jurnalist hansı yarıtmaz siyasəti tənqid edəcək?”
Xanım Fərhadova 13 ildən artıqdır ki, mətbuatdadır. Himayəsində azyaşlı övladı var, həyat yoldaşı bir neçə il öncə rəhmətə gedib. Hazırda valideynləri ilə yaşayır. O, bütün normal insanlar kimi, evə ehtiyacı olduğunu desə də, prezidentin mənzil hədiyyəsinə iddiası olmadığını bildirir.
“Nə ev üçün müraciət etmək, nə də dövlətdən ev istəmək niyyətindəyəm. Mən prezidentin sözçüsü deyiləm, jurnalistəm. Mənim hazırda evdən çox qanunların hakim olduğu ölkəyə ehtiyacım var. Ümumiyyətlə, niyə ev verməlidir? Jurnalistin digər peşə sahiblərindən hansı üstünlüyü var?”
Turan İnformasiya Agentliyi isə istər direktor, istərsə də əməkdaşlar səviyyəsində bu kampaniyada iştirakdan imtina edib. Agentliyin direktoru Mehman Əliyev deyir ki, ilk dəfə 2013-cü ildə mənzillər paylananda ona və işçilərinə müraciət olunsa da, “hədiyyəni” qəbul etməyiblər.
“Mən sevinirəm ki, onlar bu dəfə bizim qapımıza gəlmədilər. Yaxşı bilirlər ki, biz hökumətdən hədiyyə qəbul etmirik. Biz bilirik ki, məqsəd medianın susdurlması, ələ alınmasıdır.”
Media hüququ üzrə mütəxəssis, USAİD Azerbaijan-Yeni Media layihəsinin sabiq direktor müavini Ələsgər Məmmədli deyir ki, jurnalistə evi hökumət və ya dövlət verirsə, həmin jurnalistin də problemlərlə bağlı doğruları demək imkanları minimuma enir. O hesab edir ki, bu həm də jurnalistlərin kütləvi formada ələ almaq və neytrallaşdırmaq kimi görünür.
“Konkret olaraq jurnalistin ev şəraitinin yaxşılaşdırmaq istəyirlərsə, bu zaman media mənsublarına sosial ipoteka şərtlərindən yararlanmağa imkan versinlər.”
Onun sözlərinə görə, hökumət KİV-ə dəstək vermək istəyirsə, onun fəaliyyəti üçün münbit şərait yaratmalıdır.
Azadinform İnformasiya Agentliyinin redaktoru Elçin Bayramlı isə jurnalistlərin mənzillə təmin olunmasını təbii qəbul edir və ev üçün namizədliyini verdiyini deyir.
“Konstitusiyamıza görə, Azərbaycan sosial dövlətdir və dövlət ümumi gəlirlərdən sosial vəziyyəti ağır olan təbəqələrə yardımlar edir. Ağır sosial vəziyyətdə olan jurnalistlərə niyə verilməsin ki”, sual edir Elçin Bayramlı.
Cənab Bayramlı 20 ildir mətbuatdadır. Uzun illərdir kirayədə yaşadığını deyir. Onun həyat yoldaşı da jurnalistdir və 16 illik stajı var.
“13 ildir ailə qurmuşuq, nəinki ev, heç bir otaqlı daxma almağa imkanımız olmayıb. İndi olmayan evimizi də öz dövlətimizdən istəyirik.”
Bayramlıya görə, jurnalistin ev hədiyyə alacağı tədqirdə hakimiyyətdən asılı vəziyyətə düşəcəyi iddiası absurddur.
“Şəxsən mənim yazılarımın içində sərt, tənqidi materiallar da çox olub. Ev alsam da, mövqeyim və peşə prinsiplərim dəyişməyəcək.”
Hakimiyyətə yaxınlığı ilə bilinən “Səs” qəzetinin və Səs İnformasiya Agentliyinin rəhbəri Bəhruz Quliyev ev alan jurnalistlərin müstəqilliklərini itirmələri fikirləri ilə razılaşmır, “əskinə, bu, onları daha da müstəqil edir.”
“Jurnalist illərlə çalışır və özünə ev ala bilmir, dövlət isə onu bu yükdən azad edir. Evlə təmin olunan jurnalist öz diqqətini məişət qayğılarına deyil, peşəsinə yönəldir,” Quliyev bildirir.
O, əlavə edir ki, jurnalistlərə ev veriləndə onların siyasi mövqeyi, baxışları deyil, mediadakı xidmətləri nəzərə alınır.
Xatırladaq ki, 2013-cü ildə Səs qəzetinin və eyniadlı informasiya agentliyinin bir qrup əməkdaşına ev verilib. Bu dəfə də həm qəzetdən, həm də saytdan ümumilikdə 12 nəfər mənzillər üçün müraciət edib.
JuHİ sədri Müşfiq Ələsgərli deyir ki, jurnalistlərin müstəqilliklərini itirməsi fikirlərini səsləndirənlərin dünyadan xəbəri yoxdur.
“ABŞ, Almaniya, Avstriya, İsveç və sair onlarla dövlətin adını çəkə bilərik ki, medianın inkişafı, jurnalistlərin qayğılarının həlli üçün dövlət vəsaiti sərf edilir. Forma fərqli ola bilər, amma məzmun eynidir.”
Ələsgərli əlavə edir ki, mənzillərin alınmasına namizəd olmaq üçün irəli sürülən şərtlərin arasında jurnalistin ələ alınmasına, onun “susdurulmasına” yönəlik şərt yoxdur.
Azərbaycan hökumətinin bu qərarı xarici ekspertlərin həyəcanına səbəb oldu. Belə ki, bir sıra beynəlxalq müşahidəçi, Freedom House, Sərhədsiz Reportyorlar, Reportyorların Təhlükəsizliyi İnstitutu da daxil olmaqla, ölkədə medianın durumunun ağır olması, yerli jurnalistlərə hücumları pisləyən tənqidlə çıxış edib.
“Hökumətdən və dövlət başçısından ev alan jurnalist avtomatik olaraq onların nəzarətinə keçir. Bu jurnalistlər müstəqil hesab oluna bilməzlər,” Avropa Jurnalistlər Federasiyasının baş katibi Rikardo Qutierrez deyir OC Media-ya müsahibəsi zamanı belə deyib.
O əlavə edir ki, pulsuz mənzil anlayışı doğru qərar deyil və bu da Azərbaycanın 2016-cı ilin aprelində imzaladığı tövsiyyələrlə ziddiyyət təşkil edir.
Qutierrezin sözlərinə görə, “jurnalistlərin əmək fəaliyyətini yaxşılaşdırmaq və azad sözə təminat vermək yeganə çıxış yoludur. Onlara mənzil hədiyyə etməklə Azərbaycan hər şeyi əksinə edir-hökumət KİV-i təzyiq altında saxlayır. Bu, tamamilə yolverilməzdir.”