Deportations from the West: the story of families sent back to Azerbaijan
Activists deported back to Azerbaijan are at a constant risk of being detained on drug charges or accused of other criminal acts.
Azərbaycanda müstəqilliyin ilk illərində rəsmi senzura olmasına baxmayaraq, jurnalistlər indi olduğundan daha azad idilər. Ölkənin Kütləvi İnformasiya Vasitələrinə oliqarx-məmurların nəzarəti, təqiblər və hətta ölüm qorxusu onu deməyə əsas verir ki, bir çox jurnalist özünüsenzura etməyə məcburdur.
Müstəqil jurnalist Aynur Elgünəş 1991-ci ildə Sovet İttifaqından ayrılan ölkənin müstəqilliyinin ilk illərini yada salır. Onun sözlərinə görə, həmin dövrdə maliyyə resurslarının olmamasına baxmayaraq ölkədə xeyli sayda müstəqil media təşkilatları var idi.
“Məhz həmin təşkilatların prinsipial fəaliyyətləri nəticəsində jurnalistlərin hüquqları və media azadlığı qorunurdu.” Jurnalist buna misal olaraq 1998-ci ildə rəsmi senzuranın ləğv edilməsini xüsusi qeyd edir.
25-30 il öncə müstəqil fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrinin bir çoxu indi ya sıradan çıxıb, ya da müstəqilliyini itirib. “Turan” İnformasiya Agentliyi “Sərhədsiz Reportyorlar Təşkilatı” tərəfindən “Azərbaycanın yeganə müstəqil media orqanı” adlandırılıb.
Agentliyin direktoru Mehman Əliyev üzləşdikləri maliyyə təzyiqlərini təsvir edir. “Əvvəlcə medianın iqtisadi dayaqları dağıdılmağa başladı”.
Mehman Əliyev reklam bazarının monopoliyalaşdırıldığını və bəzi qanunlara dəyişikliklər edilərək KİV-lərin cəzalandırılmasına və jurnalistlərin həbsinə şərait yaradan düzəlişlər edildiyini qeyd edir.
“Əgər sən iqtisadi cəhətdən müstəqil deyilsənsə, başqa cür müstəqil ola bilmərsən. Onlar sənə pul ilə nəzarət edirlər, yəni pul verirlər və deyirlər ki, belə yazmalısan. Bu artıq maliyyə senzurasıdır.”- Mehman Əliyev belə deyir.
“İndi isə (1990-cı illərdən fərqli olaraq) əksinə. Pul var, media maqnatları var, böyük media holdinqləri var. Amma bunların əksəriyyəti çirkli pullar hesabına maliyyələşdirirlir. Söz azadlığı uğrunda mübarizə aparan jurnalistlərin əksəriyyəti hakimiyyətin çirkli pullarının hərisinə çevriliblər. Əvəzində isə media azadlığı yox olub”, Aynur Elgünəş OC Media-ya bildirir.
“Media orqanları bir neçə məmur-oliqarxın əlində cəmləşib. Həmin media orqanlarının əsas vəzifəsi isə hakimiyyətin siyasətini dəstəkləməklə yanaşı, həm də həmin pul verən məmuru qorumağa yönəlib.”
Onun sözlərinə görə, hazırda media heç bir məmuru, hətta xırda dövlət qulluqçularını tənqid edə bilmir, çünki həmin tənqid olunan şəxsin arxasında əlində mediaya hücum imkanları olan iri məmurlar dayanır.
“Azərbaycanda mediada o halda məmurları tənqid edən yazı görürük ki, həmin məmuru hansısa bir başqa bir məmur vurmaq istəsin. Media hazırda vətəndaş-hakimiyyət arasındakı körpü deyil, hakimiyyət nümayəndələrinin, məmur oliqarxların bir-biri arasındakı mübarizə meydanı rolunu oynayır”, Aynur Elgünəş belə deyir.
Hazırda ölkənin media siyasətini hakimiyyət təyin edir. Media hüququ üzrə ekspert Ələsgər Məmmədlinin sözlərinə görə, hər il mediaya təxminən rəsmi olaraq 80 milyon AZN-dən (47 milyon ABŞ dolları) çox vəsait ayrılır.
“Hələ bundan başqa bildiyimiz və bilmədiyimiz qeyri-rəsmi resurslar da var ki, bunlar da birbaşa hakimiyyətin mediaya sızdırdığı pullardır. Bunlar da daha çox hakimiyyət mənafelərinə xidmət etmək üçün ayrılan vəsaitlərdir. Yəni media həm də hakimiyyətin təbliğat və təşviqatına yönəldilir. Hazırda Azərbaycanda media siyasəti hökumətin yanlış ya doğru olmasından asılı olamayaraq həyata keçirdiyi siyasəti dəstəkləyən propaqanda vasitəsinə çevrilib”, Ələsgər Məmmədli OC Media-ya bildirir.
Jurnalistlər və ekspertlər OC Media-ya bildirirlər ki, hakim ailənin və iri məmurların biznesləri, ofşorlardakı pulları haqda araşdırma yazılar yazan jurnalistlər isə daha böyük təhlükə altında olur. Çox keçmədən həmin jurnalistlərin səsi həbsxanadan eşidilir. Araşdırmaçı jurnalistlər Xədicə İsmayıl və Əfqan Muxtarlının işi bunu deməyə əsas verir.
Ələsgər Məmmədli bildirir ki, hakimiyyətin nəzarətində olmayan media orqanı ölkədə fəaliyyət göstərə bilmir. “Ayaqda qalmaq üçün media orqanı mütləq onların mənafelərinə xidmət etməlidir”.
“Avtoritar və totalitar yönətimlərdə qorxulu olan alternativlikdir. Bu qorxuların cəmiyyətdə daha geniş yayılmasıdır. Bu tip rejimlərdə yönətimlərin özünün doğruları var. Və o doğrulardan xaric məqamlar qorxuludur. Azərbaycanda media üçün ən ciddi problemlərdən biri doğruların səslənməsidir. Yəni cəmiyyət doğruları bilərsə, doğru seçim etməyə ehtiyac duyar. Doğru seçim etmək istərsə hazırki düzən dəyişə bilər”, Ələsgər Məmmədli belə deyir.
Jurnalist Aynur Elgünəş bildirir ki, media orqanları hətta sadə insanların problemlərini belə işıqlandıra bilmir. Onun sözlərinə görə, mediaya sovet dövründə olduğu kimi ölkənin inkişafı ilə bağlı yazılar yazmaq tapşırılır, neqativ halların işıqlandırılması isə yasaqlanıb.
“Mediada sovet dönəmindən qalma ənənəni davam etdirməyə çalışırlar. Xüsusən TV-lər bu siyasəti həyata keçirirlər”, jurnalist qeyd edir.
“Medianın qorxulu yuxusu”, Mehman Əliyev hüquq-mühafizə orqanlarının, dövlət strukturlarının, məhkəmə orqanlarının hakimiyyətin əlində cəmləşdiyini bildirərək onları belə adlandırır.
“Hər il 10-15 jurnalist həbs edilir. Biri azadlığa çıxır, o birisini həbs edirlər. Başqa rəsmi orqanlar tərəfindən təzyiqlər var. Jurnalistləri Baş Prokurorluğa çağırırlar. Onlara xəbərdarlıq edirlər. Hədə-qorxu gəlirlər. Bunlar hamısı senzura əlamətləridir. Hakimiyyət özü bütün pressinq vasitələrindən istifadə edərək senzura tətbiq edir. Ona görə də Azərbaycan mediasında özünüsenzura kifayət qədər yüksəkdir. Bu da qorxudan irəli gəlir.”
Jurnalistlər hesab edir ki, bu xəbərdarlıqlar daha çox təhdid xarakteri daşıyır. Ələsgər Məmmədli vurğulayır ki, Azərbaycanda jurnalistlərin həbsi və qətli qeyri-rəsmi və özünüsenzuranın əsasını qoyub.
“Azərbaycanda 2005-ci ildə jurnalist Elmar Hüseynovun qətlə yetirilməsindən sonra bütün mediada özünüsenzura var. Bu özünüsenzura hətta bəzən çox yüksək həddə olur ki, bir çox halda düşünülənləri demək və ya doğruları göstərmək kimi prosesdən kənarda durulur. Özünüsenzura hətta struktural senzuraya çevrilir. Bu gün bəziləri düşünür ki, sosial media qismən azaddır və orda hər kəs istədiyini yazır. Amma əslində elə deyil.”
Ələsgər Məmmədli onu da bildirir ki, əslində olkədə senzura tədricən rəsmiləşdirilir. O, qanunvericiliyə edilən son dəyişiklikləri əsas gətirir.
“2017-ci ildə hərbi vəziyyət haqqında qanuna edilən son dəyişikliklərlə senzura yenidən rəsmi şəkildə artıq qanunvericiliyə girib. Yəni hərbi vəziyyət rejimində hökumət rəsmi şəkildə senzura tətbiq edə biləcək. Baxmayaraq ki, Konstitusiyanın 50-ci maddəsində “KİV-ə senzura qadağandır”-deyə bir müddəa var.”
Aynur Elgünəş xaricdən yayımlanan media orqanlarına da məhdudiyyətlərin yaradıldığını qeyd edir.
“MeydanTV Almaniyada yerləşir, Azadlıq radiosunun Bakı bürosu qapadıldığı üçün Mərkəzi ofisindən- Praqadan fəaliyyət göstərir. Və bunlar kimi xaricdən yayımlanan bir neçə media qurumu var ki, onların da Azərbaycanda yayımlanmasına maneələr yaradılır. Onların demək olar ki, hamısının saytlarına giriş məhkəmə qərarı ilə bloklanıb”.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli OC Media-ya bildirir ki, “Azərbaycanda medianın fəaliyyət göstərməsi üçün azad mühit yaradılıb”.
O, ölkədə rəsmi və qeyri-rəsmi senzura olmadığını söyləyir. “Medianın peşəkarlığı müzakirə mövzusu ola bilər”, deyə, əlavə edir. “Bunu hər kəs öz mənafeyinə uyğun şərh edir”.
Müşfiq Ələsgərli deyir ki, əsas problem onlayn media ilə bağlıdır. Rəsmi rəqəmlərə görə, əhalinin təxminən 80% internetdən istifadə edir və “onların hamısı media işçisi kimi peşəkar ola bilməz. Bu vəziyyətə qarşı mübarizə normaldır”, deyə o bildirir.
“Azərbaycanda qeyri-peşəkarlıq edən neqativ jurnalistikaya qarşı mübarizə aparılır. Həm Mətbuat Şurası tərəfindən, həm də ölkənin əlaqədar orqanları tərəfindən. Onlar ənənəvi medianı tərk edirlər, onlayn mediada qərarlaşırlar. Özlərinə simvolik rəqəm ödəməklə domen alırlar, sayt yaradırlar və özlərini KİV qurumu elan edirlər. Burda heç bir peşə davranış kodekslərinə əməl etmirlər. Və buna qarşı mübarizə aparılır və aparılmalıdır. Onlar çox ciddi xətalara yol verirlər. Bunu isə həm qanunvericilik, həm də Avropa İnsan Hüquqları Konvensiyası yolverilməz hesab edir. Bu cür hallara qarşı mübarizəni isə bəziləri çox təəssüf ki, ölkədə senzura kimi şərh edir”, Müşfiq Ələsgərli belə deyir.