Media logo
seçkilər

Fikir | Azərbaycan müxalifəti üçün məyusedici seçkilərdən sonra yeni yol?

Fikir | Azərbaycan müxalifəti üçün məyusedici seçkilərdən sonra yeni yol?

Məyusluq gətirən seçkilərdən sonra Azərbaycan müxalifəti nəticəyə gəlməlidir ki, “yalnız seçkilər” strategiyası özünü doğrultmadı. Seçki kampaniyası dövründə çıxarılan dərslər isə həlledici rola sahib olacaq.

Növbədənkənar parlament seçkiləri sona çatdı. ATƏT-in müşahidə missiyasının verdiyi rəyə əsasən, seçkilərdə “əsl rəqabət və alternativ” olmadı.

Sosial şəbəkələr seçki saxtakarlığını nümayiş etdirən çoxsaylı videoların müzakirəsi ilə dolub-daşdı. Səsvermənin bu cür aşkar saxtalaşdırılması fonunda bir çox müxalifətçini iki sual narahat edir: Seçkiyə getmək düzgün qərar idi? Sonrakı addımlar nə olmalıdır?

Siyasətə qarşı

İki müxalif blok, “Hərəkət” və “Real Respublikaçılar” Müsavat Partiyası ilə birgə seçkidə iştirak qərarı aldılar. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası isə boykot strategiyasını seçdi.

Baxmayaraq ki, qeyri-demokratik keçirilmiş seçkilər məyusluq hissi verdi, seçkidə iştirak edənlər üçün bu çox vacib təcrübə oldu. Açıq və publik seçki kampaniyası sayəsində, onların bir çoxu ilk dəfə səsləri ictimai diskursda nadir hallarda eşidilən “real insanlarla” görüşmək şansı qazandılar.

Bu qısa təbliğat dövrü ərzində qapı-qapı gəzmə praktikasının ictimai agitasiya üçün pedaqoji dəyəri çox yüksəkdir. Bu, könüllülərin reallıqla üzləşməsinə şərait yaratdı və onları aktivist və müxalif diskursların içində yaşamaqdan yaranan illüziyalardan azad etdi.

Qapı-qapı gəzərək, agitasiya aparan könüllülər, ideologiyası və nəzəri baxışlarından asılı olmayaraq, öz gözləri ilə görüb, əmin oldular ki, “sadə insanların” seçkilər vasitəsi ilə mobilizasiyası mümkün deyil.

İnsanların əksəriyyəti düşünür ki, siyasi ambisiyalara sahib olmaq insanı avtomatik olaraq şübhəli edir. Bundan başqa, onlar düşünmürlər ki, seçkilər hər hansı real dəyişikliklərə gətirib çıxara bilər. Onlar hakimiyyəti sevmir, ancaq müxalifəti də bəyənmirlər.

Belə olduqda, formal siyasətin istənilən növü zəhərli kasadır.

Əvəzində, insanlar daha çox yağ-çörəyə, öz gündəlik əziyyətlərinə fokuslanıblar. Onların kefi kök deyil və anlayırlar ki, yaşadıqları sistemdə nəsə qaydasında deyil. Onlar öz gündəlik həyatlarına təsir edən və konkret həll axtaran problemlərinə görə səslərini ucalda bilərlər, ancaq onlar kütləvi şəkildə evlərindən çıxıb səsverməyə getməyəcəklər.

Seçkidən qabaq çoxumuz ictimai inamsızlıq və sadəlövh nihilizmin varlığından xəbərdar idik. Ancaq seçkilər bunun hətta bizim hazır olmadığımız dərəcədə olduğunu göstərdi. Ancaq, keçirilən şoka və məyusluğu baxmayaraq, qeyd etmək lazımdır ki, real tərcübə intuisiyadan hər zaman daha yaxşıdır, xüsusən də gələcək haqda düşünmək üçün.

Seçkilərdə iştirak prosesinin yaratdığı digər bir vacib məqam isə müxtəlif müxalif qruplar arasında həmrəylik və yeni bağlar oldu.

Proqressiv namizədlərin daxil olduğu “Hərəkət” seçki bloku namizədlər arasında fərqliliklərə baxmayaraq, aktivistlərə ümumi məqsədlərə çatmaq üçün bir yerdə işləmək imkanı verdi.

Bu, xüsusən də seçkilərdən sonra aydın oldu. Müstəqil və müxalif namizədlər aralarında olan fərqlilikləri kənara qoyaraq, seçkilərdə baş vermiş saxtakarlıqları bir yerdə dilə gətirdilər.

İtirilmiş illüziyalar

Bazar günü MSK-nın qarşısında keçirilmiş aksiyaya gözlənildiyi kimi az sayda insan qatıldı. Etiraz edənlərin əksəriyyəti ya aktivist, ya da müxalif partiya üzvü kimiyi olanlar idi.

Başqa sözlə, seçkidən iştirakı seçmiş müxalifətin daha əvvəl bəyan etdiyi kimi, çoxluğun ayağa qalxıb “öz səslərini müdafiə etmək” arzusu olmadı.

Həm seçki günü, həm də etiraz aksiyasında iştirakın azlığını təmsilçilik nəzərindən, daha doğrusu təmsilçiliyin mövcudsuzluğu perspektivindən analiz etməyə dəyər.

Azərbaycan kimi avtoritar ölkədə kütlələrin siyasiləşməsi formal siyasi strukturların marginallaşması və seçki mədəniyyətinin olmadığına görə mümkün deyil. Belə olduqda, yalnız seçki strategiyasına arxalanmaq yanlışdır.

Seçkilərin saxtalaşdırıldığı bəlli olan, həm də əksəriyyətin özünün təmsil olacağına inanmadığı bir vəziyyətdə seçki təmsilçiliyinə necə inanmaq olar?

Daha dərin analiz əsasında iddia etmək olar ki, seçkidə iştirak siyasətinin kökü həm iştirakın tərəfdarı olan müxalifət liderlərinin, həm də üzvlərinin yaşadığı köpükdədir.

Bu köpüyün adı sosial şəbəkələrdir, onlar real mövcud olan cəmiyyətin qeyri-real güzgüsüdür. Sosial şəbəkələr hər gün təkrarlanan siyasi dəstək, mübahisələr və razılaşmalardan ibarət çoxsəsliliklə doludur. Adama elə gələ bilər ki, bu, elə reallığın güzgüsüdür. Amma elə deyil.

Əslində, bu, reallığın bəlli hissələrini seçən, digərlərini qırağa atan illüziyadır, hansı ki alqoritmlər hesabına kütləvi siyasiləşmə dinamikasını və xalq dəstəyini göstərir. O, sizə postlarınızın populyarlığına görə dofamin qatır, ancaq səsləri və seçki məntəqələrinə axını real edə bilmir.

Gələcək üçün dərslər

Müxalifətin bütün mövcud qanadları oturub, seçki sonrası gələcək haqda düşünməlidirlər. Lakin gələcək əməkdaşlıq planı olmadan bu düşüncələr faydasız olacaq.

Müxalif oyunçular, xüsusən də liderlər arasında rəqabət (o cümlədən partiyaların lidermərkəzçiliyi) geniş koalisiyanın yaranmasına və ya heç olmasa uğurlu ortaq iş üçün əsas maneədir.

Yaxın 5 ildə Azərbaycanda seçkilərin keçirilməsi ilə bağlı plan yoxdur. Bu, müxalifətə nəfər almağa vaxt verir. Onlar, cəmiyyətin mobilizasiyası üçün yeni strategiya hazırlamalıdırlar, bunun üçün isə onların arqumentlərinə və tələblərinə diqqətlə qulaq asmalıdırlar.

Onlar həm də onu nəzərə almalıdırlar ki, kütləvi inamın qazanılması və cəmiyyətdə ruh yüksəlişinə nail olmaq üçün əməldə işlək olan müxalif birliyin yaradılmasıdır.

Bu seçkilər onu sübut etdi ki, “yalnız seçkilər” hekayəsindən vaz keçmək lazımdır. Bununla yanaşı, həm də liderlərə köklənmiş yanaşmadan çıxmağa cəhd etmək lazımdır.

Ayındır ki, heç bir müxalif lider “xalqın təmsilçisi” hesab edilmir. Bunun əvəzinə demokratik, inklüziv və plüralist təmsilçilik strategiyasının qəbuluna ehtiyac var. Təbii ki, indiki siyasiləşməmiş Azərbaycan şəraitində istənilən halda çətinliklər qaçılmazdır, ancaq bu strategiyanın uğur qazanması üçün potensialı çoxdur.

İndiki zamanda müxalif qüvvələrin Azərbaycanda ictimai dəstəyi aşağıdır. Onlar birləşməli və öz üzərlərinə bu dəstəyin yaranması üçün uzunmüddətli və ağır vəzifəni götürməlidirlər. Onlar indi başlamalıdırlar, çünki onların hamısı artıq rejimin nişangahındadırlar.

Məqalədə əks olunan fikirlər yalnız müəllifindir və OC Media redaksiyasının fikirləri ilə üst-üstə düşməyə bilər.

Related Articles

Azərbaycanın qəfil seçkiləri: “Başağrısız” seçki
azərbaycan

Azərbaycanın qəfil seçkiləri: “Başağrısız” seçki

V

Konstitusiyaya edilmiş yeni dəyişikliklərə uyğun olaraq aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Müxalifətin bu seçkiləri boykot etməsinə baxmayaraq, özünü müxalif və müstəqil kimi təqdim edən namizədlərlə marafona qatılan İlham Əliyevin yenidən növbəti 7 il ərzində prezident olacağı şübhə doğurmur. Prezident İlham Əliyevin fevralın 5-də imzaladığı sərəncama əsasən aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Əslində, bu il oktyabrın 17-

Most Popular

Editor‘s Picks