fbpx

Azərbaycan: real müxalifət partiyaları üçün qapalı mühit

12 July 2018
(/Radio Azadlıq)

Azərbaycan hökumətinin fərqli düşüncəli insanlara qarşı yönələn repressiyalarından 5 il keçsə də indi həmin münasibəti müxalifət partiyalarına qarşı tətbiq edir. Hakimiyyət status-kvonu saxlamaq üçün müxalifət adı ilə fəaliyyət göstərən siyasi partiyaların maliyyələşdirilməsi yolu ilə ölkədə çoxpartiyalı sistem görüntüsünü yaradır. Bir çoxları ehtiyyat edirlər ki, real müxalifətin basqılar yolu siyasi ortamdan sıxışdırılması nəticəsində dövlətə zərər verə biləcək radikal qrupların aktiv fəaliyyətinə gətirib çıxaracaq.

Azərbaycanda siyasi həbslər hələ də trend olaraq qalır. Hüquq müdafiəçilərinin siyahısına əsasən 150-yə yaxın siyasi məhbusun olduğu ölkədə, hər ay yeni bir şəxsin siyasi səbəblərlə həbs olunduğu barədə məlumatlar yayılır.

Mayın 8-də Saleh Rüstəmov həbs olundu. Saleh Rüstəmova rəsmi olaraq külli miqdarda narkotik ittihamı irəli sürülsə də, onun müxalifət partiyalarından birinə maddi dəstək verməsi barədə iddialara görə həbs olunduğu deyilirdi. Saleh Rüstəmov 1992-1993-cü illərdə Xalq Cəbhəsi hakimiyyəti dövründə Gədəbəy rayonunun icra başçısı olub. Sonradan Rusiyaya köçüb və orada bizneslə məşğul olurmuş. Saleh Rüstəmovun ardınca Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 3 funksionerinin həbs olunması və onlar barədə yayılmış rəsmi məlumatlarda həbs olunanların məhz həmin iddialara görə həbs olunduğu müəyyənləşdi.

Mayın 28-də Cumhuriyyətin 100 illiyi ilə bağlı vətəndaş cəmiyyətinin təşkil etdiyi dinc yürüşdən sonra Respublikaçı Alternativ partiyasının Məclis üzvü Azər Qasımlı və daha 3 nəfər partiya üzvü inzibati həbs olundular.

Hüquqi özbaşınalıq

Hüquq müdafiəçisi Ənnağı Hacıbəyli bu həbsləri hüquqi özbaşınalığın nəticəsi adlandırır. Onun sözlərinə görə bu həbslər siyasi partiyaların fəal kəsimində və cəmiyyətdə xof yaratmaq üçün atılan addımlardır.

Müxalif Respublika Alternativ Partiyasının (REAL) Məclis üzvü Natiq Cəfərli deyir ki, son zamanlardakı həbslərin əsas səbəbləri, Azərbaycanın yaxın qonşularında baş verən etiraz dalğalarından sonra hakimiyyətdə yaranmış qorxudan qaynaqlanır. Natiq Cəfərli, OC Media-ya deyir ki, “hakimiyyət privintiv addımlarla cəmiyyətdə qorxu ortamını daha da dərinləşdirməyə çalışır və nəticə olaraq da cəmiyyətin etiraz etmə istiqamətində ata biləcəyi addımların qarşısını alır.”

AXCP sədri Əli Kərimli bildirir ki, hakimiyyətin illərdir məqsədi odur ki, real müxalifət partiyalarını sıradan çıxarsın. Onun sözlərinə görə illərdir müxalifət partiyalarının fəaliyyətinə heç bir şərait yaradılmır. Onlara qarşı müxtəlif üsullarla qaralama kampaniyalarından istifadə olunur.

“Siyasi fəaliyyət imkanından məhrum edilmişik. Konkret olaraq bizim partiyamızda sədr müavinləri və müşavirlər hazırda siyasi məhbus həyatı yaşayırlar. Partiyanın idarə heyətinin yarıya qədəri ya məhbus ya da siyasi mühacirdir. Hazırda partiyanın 16 üzvü həbsdədir”, — Əli Kərimli OC Media-ya belə deyir.

Əli Kərimli 2016-cı ildən partiyanın keçirdiyi bütün razılaşdırılmış mitinqlərdən sonra mitinq iştirakçılarının həbs olunduğunu qeyd edir.

“2016-cı ilin 11 sentyabr mitinqindən sonra razılaşdırılmış mitinqin iştirakçıları həbs olundu. O mitinqdən sonra 8 mitinq keçirmişik. Bu mitinqlər zamanı 500-600 partiya funksioneri polisə çağırılaraq hədələnib. 82 nəfər inzibati qaydada həbs olunub. 30-dan çox partiya funksioneri işdən çıxarılıb”, — Əli Kərimli bildirir.

Siyasi şərhçi Nəsimi Məmmədli deyir ki, son illər müxalifət partiyalarına üzv olmaq ağır mərhumiyyətlərə səbəb olur.

“Həmin şəxslərin özü və yaxınları işdən azad edilir, zorla yaxınlarından imtinaya məcbur edilir, qondarma ittihamlarla həbs olunur, çox kəskin diskriminasiyaya məruz qalır. Ölkədə azad mətbuatın olmaması, dövlətin bütün iqtisadi-siyasi resurslarına hökumətin tam nəzarətində olması, məhkəmələrin və hüquq-mühafizə orqanlarının bütövlükdə iqtidarın sifarişi ilə hərəkət etməsi ölkədə demokratik institutlara və çoxpartiyalı siyasi sistemə ağır zərbə vurub”, — Nəsimi Məmmədli OC Media-ya belə deyir.

Nəsimi Məmmədli bildirir ki, 2002-ci il referendumundan sonra ölkə qanunvericiliyində siyasi partiyaların hüquq və vəzifələri istiqamətində xeyli məhdudlaşdırmalar aparıldı. Bütövlükdə 22 maddədən ibarət olan Siyasi partiyalar haqqında qanuna müxtəlif vaxtlarda 58 əlavə və dəyişikliklər edildi. Məhz qanunvericiliyin sistemli şəkildə məhdudlaşdırılması nəticəsində siyasi partiyaların dövlət hakimiyyətində yeri və rolu azaldıldı. Onun sözlərinə görə hazırda siyasi partiyaların maliyyələşməsi mexanizmi də qanunvericiliklə elə tənzimlənib ki, bütün hallarda hökumət partiyalara administrativ yollarla nəzarət edə bilir. Siyasi partiyalara ölkə xaricindən ianə verilməsi qanunla qadağandır. Fərdlərin partiyalara ianə verməsinə də limit və əngəllər mövcuddur. Pul vəsaitlərinin siyasi partiyaya nağd şəkildə verilməsinə görə İnzibati Xətalar Məcəlləsinda məsuliyyət nəzərdə tutulur. Dövlət tərəfindən partiyaların maliyyələşməsi isə əsasən Milli Məclisdə təmsilçiliyə görə müəyyən edilir.

“Milli Məclisdə təmsilçiliyi demokratik seçki deyil, hakimiyyətin siyasi iradəsi müəyyən etdiyi üçün müxalifət partiyaları bu tənzimləmələrdən kənarda qalır. Eyni zamanda dövlət qurumları tərəfindən onlara qarşı total basqı və repressiv siyasət də tətbiq edilir”, — Nəsimi Məmmədli bildirir.

Hakimiyyətin “müxalifət” partiyaları

Nəsimi Məmmədlinin fikrincə, hakimiyyətin maraqlarını qoruyan partiyaların bəzisi parlamentdə təmsil olunur və dövlət büdcəsindən leqal maliyyələşir. Onun sözlərinə görə bəzi partiyalar isə qeyri-leqal yollarla hökumətdən maliyyə alır. Ofisləri var, partiya strukturlarında çalışan şəxslərə maaş verilir və hökumətin siyasi-hüquqi təminatı altındadırlar.

“Nə qədər paradoksal olsa da, belə partiyaların çoxluğu və mövcudluğu ölkədə plüralizmin deyil, avtoritarizmin təntənəsinə xidmət edir. Hakimiyyət uzun illərdir çalışır ki, siyasi sistemdə müxalifət adı altında daha çox iddiaçı göstərsin. Hətta qondarma alternativlik üçün böyük miqdarda vəsait də xərcləyir. Çünki siyasi yetkinliyi olmayan, azad informasiya almaq imkanları məhdud olan toplumu bu metodla çaşdırmaq, onlarda tərəddüd yaratmaqla siyasətdən kənar tutmaq ən sınanmış metodlardandır”, — Nəsimi Məmmədli qeyd edir.

Hüquq müdafiəçisi Ənnağı Hacıbəylinin sözlərinə görə, Siyasi partiyalar haqqında qanunda birbaşa göstərilib ki, siyasi partiyalar dövlət büdcəsindən maliyyələşdirilməlidir. Amma bu son dərəcə məhdudlaşdırıldı və parlamentdə deputat mandatı qazanmış partiyaların qismən maliyyələşdirilməsi məsələsi öz əksini tapdı.

“Əslində həm Konstitusiyaya görə, həm siyasi partiyalar haqqında qanunun başqa bir maddəsinə görə dövlət bütün siyasi partiyalar üçün bərabər şərait yaratmalıdır. Və onların fəaliyyəti üçün hər bir şərait yaratmalıdır. Amma Yeni Azərbaycan Partiyasının təkcə Bakı şəhərində onlarla böyük qərargahı var. Amma əksər siyasi partiyaların qərargahı yoxdur. Əsas müxalifət partiyalarından biri sayılan AXCP ölkədə ən böyük, ən fəal partiyalardan biridir. Amma onun qərargahı yoxdur. Burda siyasi mühitin hansı bərabərliyindən söhbət gedə bilər?”, — Ənnağı Hacıbəyli belə deyir.

Ənnağı Hacıbəyli deyir ki, əslində partiya qanunsuz maliyyələşirsə, bunun günahkarı dövlətdir.

“Siyasi partiyaya dövlət büdcəsindən maliyyə yardımı verilmir. İanələr qadağan edilir. Heç bir müxalifət partiyasının ətrafında biznes adamları fəaliyyət göstərə bilmir. Çünki dərhal administrativ üsullarla onları müflisləşdirirlər. Nəticədə dövlət özü siyasi partiyaları qanunsuz maliyyələşmədən başqa imkan vermir. Hətta o qanunsuz maliyyələşmə varsa da, onun yenə də günahı dövlətin üzərinə düşür.”

Nəsimi Məmmədli bildirir ki, qanunvericiliyin məhdudlaşdırılması ilə paralel olaraq hökumət müxalifət partiyalarına praktik olaraq fəaliyyət imkanı da yaratmır.

“Ölkənin müxalifət partiyaları əsasən qərargahsız və maliyyəsiz fəaliyyət göstərir. Ümumiyyətlə regionlarda siyasi fəaliyyət qeyri-rəsmi olaraq qadağan edilib. Müxalifət partiyalarının nəinki mənzil qərargahı var, heç onların əksəriyyəti rayonlarda yarımməxfi fəaliyyət göstərir,” — o qeyd edir.

Formal çoxluq

AXCP sədri Əli Kərimli partiyanın fəaliyyətini yarım leqal adlandırır. Onun sözlərinə görə müxalifət partiyalarının regionlarda evlərdə keçirdiyi yığıncaqlara polis müdaxilə edir.

“Biz iki dəfə qərargah kimi iki dəfə başqa şəxslərə aid özəl mülkiyyəti icarələməyə cəhd etmişik. Birində gəlib heç bir məhkəmə qərarı olmadan, heç bir izahat verilmədən qərargahın qapısını qaynaqlayıblar. İkincidə isə mülkiyyətçini hədələyiblər ki, bizimlə müqaviləni pozsun. Pozmasa qərargah yana bilər. Mülkiyyətçi bu barədə söhbəti ictimailəşdirdikdən sonra həmin qərargah partladıldı”, — Əli Kərimli OC Media-ya belə deyir.

Hazırda Azərbaycanda qeydiyyatdan keçmiş 55 siyasi partiya var. Ancaq siyasi şərhçi Nəsimi Məmmədli bildirir ki, ölkədə çoxpartiyalı siyasi sistem yox səviyyəsindədir. AXCP sədri Əli Kərimli də o fikirdədir ki, çoxpartiyalılıq guya formal olaraq təmin olunur.

“Qeydiyyatdan keçmiş partiyaların böyük əksəriyyəti de-fakto yoxdur. Yalnız de-yuri Ədliyyə Nazirliyinin siyahısında mövcuddurlar.”

Müxalif partiyaların yeri “tarixin zibilliyidir”

İctimaiyyət tərəfindən real müxalif qüvvə hesab olunan və aktiv fəaliyyətlə məşğul olan partiyalar hakimiyyət tərəfindən radikal antimilli qüvvələr kimi təqdim olunur. Prezident İlham Əliyev andiçməsindəki nitqində həmin müxalif partiyaların yerini tarixin zibilxanası olduğunu söylədi.

“Onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır.”

Milli Məclisin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə yerli mediaya son həbsləri şərh edərkən müxalifəti antiazərbaycan mövqeyində dayanmaqda ittiham edib.

“Onlar erməni lobbisinin maliyyə dəstəyi ilə separatçı qüvvələrin Azərbaycana qarşı əmrlərini yerinə yetirirlər”, — Siyavuş Novruzov belə deyib.

Baş prokurorluğun və Daxili İşlər Nazirliyinin son həbslərlə bağlı yaydığı məlumatda AXCP yarım milyon dollara yaxın maliyyə pozuntusunda ittiham olunduğu göstərilir.

Milli Məclisin deputatı Elşən Musayev yerli mediaya açıqlamasında yeni müxalifətə ehtiyac olduğunu vurğulayıb.

“Bundan sonra Azərbaycanda yeni müxalifət yetişməlidir. Səviyyəli, intellektual və qaragüruhdan uzaq bir müxalifət olmalıdır ki, heç olmasa onunla bir masa arxasında oturub söhbət eləmək mümkün olsun”, — Elşən Musayev bildirib.

REAL partiyasının Məclis üzvü Natiq Cəfərli isə bildirir ki, sivil və dünyəvi müxalifət tam sıradan çıxarılarsa belə ədalətsizlik mühiti və problemlər ölkədə yox olmayacaq.

“Bu mühit isə radikal və marginal cərəyanlar doğuracaq, sivil siyasi mübarizənin yerini radikallıq tutacaq. Bu isə dövlətimizə ziyanlıdır, ən çox da hökumət bunu istəməməlidir. Amma atdıqları bütün addımlar belə bir ortamın hazırlanmasına xidmət edir”, — Natiq Cəfərli OC Media-ya belə deyib.

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. You can support us today for as little as $1 a month and join us in the fight for a better Caucasus.

Support Us