Azərbaycanda rüşvətsiz həyat xəyalı

29 October 2018
(report.az)

Azərbaycanda elektron hökumətdə əldə edilmiş son irəliləyişlər bir çox sektorda kiçik korrupsiyanı azaldıb. Ancaq ictimai xəstəxanalara gedən, uşaqlarını uşaq bağçasına göndərən və ya yol polisi ilə üzləşənlər üçün — rüşvət problemi hələ də gündəlik həyatın bir hissəsi olaraq qalır.

Məlahat (əsl adı deyil) 54 yaşındadır və Bakıdan o qədər də uzaq olmayan rayonlardan birində tək yaşayır. Xərçənglə yaşayır. Dediyinə görə gec yaşlarında ailə həyatı qurduğu üçün övladı olmayıb. Həyat yoldaşı isə 5 il bundan əvvəl ürək tutmasından vəfat edib.

2 il bundan əvvəl onda onkoloji xəstəlik aşkarlanıb. 6 ay sonra əməliyyat olunub, şiş aşkar olunan yumurtalığı götürülüb. Bundan sonra xəstəliyin tam müalicəsi üçün tez-tez müayinələrdən və kimya terapiyadan keçməli olur.

“21 gündən bir Bakıya müayinəyə gedirəm. Hər dəfə kimya terapiya qəbul edirəm. Hər dəfə bütün prosedurları keçməyə və kimya terapiyaya ən azı 300 manat (180 dollar) xərcim çıxır”, Məlahət OC Media-ya belə deyir.

Malahat Milli Onkologiya Mərkəzində müalicə alır. O deyir ki, xəstəxana dövlət balansında olduğundan bütün müayinə və müalicələrin pulsuz olmasına baxmayaraq, o pul ödəmək məcburiyyətindədir. O, xəstəxanada pulu olmayan insanların müalicəsindən imtina edildiyini iddia edir.

“Əgər pulun yoxdursa, xəstəxanada heç kim səninlə maraqlanmayacaq. Orda hər şeyin öz qiyməti var. Çətindi. Bütün əlimizdə olanları gətirib xəstəxanada paylayırıq”.

Xəstəxanalar, Milli Onkologiya Mərkəzi eləcə də Səhiyyə Nazirliyi dəfələrlə yerli mediaya açıqlamalarında bu kimi halların olmasını birmənalı şəkildə təkzib edib.

Azərbaycanda dövlət xəstəxanalarında müayinə və müalicə rəsmən pulsuzdur. Amma buna baxmayaraq, vətəndaşların ən çox şikayətləndiyi yerlərdən biri dövlət xəstəxanaları və poliklinikalardır. Hətta bu halların qarşısını almaq üçün Səhiyyə Nazirliyində “qaynar xətt” də fəaliyyət göstərir. Amma yenə də rüşvətin qarşısını tamamilə kəsmək mümkün olmur.

Toğrul adlı gənc OC Media-ya deyir ki, anasının səhhəti ilə bağlı bu yaxınlarda dövlət xəstəxanalarından birinə müraciət edib:

“Xəstəxanada hər bir həkim əvvəlcədən qiymətləri elan edirdi. Üst-üstə gəldikdə isə çox böyük məbləğ alındı. Nəticədə biz Səhiyyə Nazirliyinin “qaynar xətt”inə şikayət etdik. “Qaynar xətt”-dən dedilər ki, məsələ həll olunacaq”.

Toğrul qeyd edir ki, bundan sonra xəstəxana rəhbərliyi onlarla əlaqə saxlayıb və bütün müayinələrdən pulsuz keçəcəklərini bildiriblər.

“Xəstəlik kağızının üstünə nəsə yazdılar. Bundan sonra heç bir həkim heç nə istəmədi. Amma nəticədə müayinə və analizlər olduqca keyfiyyətsiz oldu və biz başqa özəl xəstəxanaya getmək məcburiyyətində qaldıq”.

ASAN Xidmət — “rüşvətin aradan qaldırılması”

Azərbaycan Prezidentinin sərəncamı ilə 2012-ci ildə ölkədə ASAN Xidmət yaradılıb. Həmin xidmətin yaradılmasında məqsəd vətəndaşların sənədləşdirmə işlərini asanlaşdırmaq olsa da, həm də qeyri-leqal xərclərin, yəni rüşvətin qarşısını almaq idi.

Bu xidmət pasport, şəxsiyyət vəsiqəsi, əmlak sənədləri, evlilik lisenziyaları və doğum haqqında şəhadətnamələrin verilməsi kimi bir çox sahələrdə rüşvətxorluğun azalmasına gətirib çıxarsa da, ASAN Xidmətdən kənarda qalan sosial xidmətlərdə hələ də bu problem qalmaqdadır.

İnsanlar daha çox dövlət balansında olan xəstəxana və poliklinikalarda, polisdə (əsasən də yol polisində), sosial müavinət almaqda, hərbi çağırış zamanı, məktəbəqədər təhsil ocaqlarında, universitet təhsilində və məktəblərdə rüşvət hallarından şikayətlənirlər.

İqtisadçı-ekspert, müxalif REAL Partiyasının icra katibi Natiq Cəfərli də bildirir ki, ASAN Xidmət məişət rüşvətinin tam olmasa da, bir qədər qarşısını ala bilib:

“Amma elə sahələr var ki, onu ASAN Xidmət vasitəsilə tənzimləmək mümkün deyil. Məişət rüşvəti əsasən təhsil və səhiyyə sahəsində çox xırda səviyyədə, polis və hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində isə daha böyük həcmdə qalır. Bunların ASAN Xidmətlə tənzimlənməsi mümkün deyil”, — Natiq Cəfərli OC Media-ya belə deyir. “Ona görə də bu sahələrdə olan rüşvət halları hələ ki öz həllini tapa bilməyib”, Bu günə qədər də bu sahələrdə problemlər öz yerindəcə qalır”.

Natiq Cəfərli deyir ki, rüşvətin qarşısını almaq üçün hökumət ciddi idarəetmə və struktur islahatlarına getməlidir:

“Köklü siyasi idarəetmə dəyişikliyi olmalıdır. Səhiyyədə rüşvətin qarşısını almağın ən ideal yolu icbari tibbi sığortanın tətbiqi məsələsidir ki, uzun illərdir ki, Azərbaycan hökuməti bunu bacara bilmir. Halbuki bununla bağlı qərar var, qanun qəbul olunub. Amma həyata keçirilmir.

İcbari tibbi sığorta tətbiq olunsa səhiyyə sahəsində olan məişət rüşvəti demək olar ki yığışdırılar. Təhsildə bir qədər çətindir. Ancaq ictimai nəzarət yolu ilə mümkündür.”

Ekspert rüşvətin geniş yayılmasının səbəbi kimi həm də sosial sahələrdə əmək haqqlarının az olmasını göstərir. Onun sözlərinə görə səhiyyə və təhsil işçilərinin əmək haqqları normal olsa, onlar rüşvətə meyl etməzlər.

“Birbaşa təmas, yoxsa vasitəçilər?”

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev də bildirir ki, təhsil və səhiyyə işçilərinin sosial müdafiəsinin çox aşağı olması həmin sahələrdə rüşvətin artması ilə nəticələnir.

O, deyir ki, daha çox müraciətlər səhiyyə və təhsil sahəsindən daxil olur. Xüsusilə də məktəbəqədər qəbulla bağlı.

“Ölkədə uşaq bağçalarının azlığı imkan verir ki, bağça mudirləri manevr etsin, sövdələşmələrə getsin”, — Əlimməmməd Nuriyev OC Media-ya belə deyir.

Əliməmməd Nuriyev bildirir ki, rüşvətin tam aradan qaldırılması üçün bütün sahələrin elektronlaşdırılması və şəffaf olması vacibdir.

“Bu halların aradan qaldırılması üçün bütün xidmətlər tam elektronlaşmalıdır. Bütün vakant yerlər ictimaiyyətə açıqlanmalıdır. Bu məsələlər tam şəffaflıq tələb edir.”

Daha bir çözüm yolu kimi Əliməmməd Nuriyev xidmət sahələrində çalışanlarla vətəndaşların birbaşa ünsiyyət, təmasının aradan götürülməsini təklif edir. Amma ekspert bildirir ki, bu o demək deyil ki, vətəndaşlar öz problemlərini kimlərinsə vasitəsi ilə həyata keçirsin.

“Bəzən vasitəçilər peyda olur. Vasitəçilər pensiya ilə bağlı və ya əlilliklə bağlı sənədləri hazırlayır. Onlar gedib qurumlarla müəyyən danışıqlar aparırlar. Vasitəçilər bu məişət korrupsiyasının çiçəklənməsinə imkan yaradırlar.”

“Hər bir cəmiyyətin qarşısında dayanan ictimai bəla”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc bildirir ki, bu bəla hər bir cəmiyyətdə mövcuddur.

“Məişət rüşvəti ictimai bəla olaraq hər bir cəmiyyətin qarşısında problem kimi dayanır. Xüsusilə postsovet məkanının hamısında bu uzun on illər ərzində formalaşıb, özünə meydan tapıb, vərdişlərə, xüsusiyyətlərə, ənənələrə çevrilib, daşlaşıb, kristallaşıb.”

Deputat OC Media-ya deyir ki, dövlət rəhbərliyinin məqsədi ondan ibarətdir ki, bu bəla tamam aradan götürülsün. Zahid Oruc da bunun üçün bir çox sahələrin elektronlaşmasını, insan amilinin kənarda qalmasını təklif edir.

“İşlər davam etdirilməlidir. ASAN Xidmət hərəkatını bütövlükdə hökumətə çevirmək mümkündür. Bu yöndə addımlar atılmaqdadır. Xarici siyasət və daxili işlər orqanlarını, həmçinin məxfi xidmət orqanlarını kənarda qoymaqla yerdə qalan sahələrdə asan hökumət modelini tətbiq etmək mümkündür.”

Deputat bildirir ki, sərt cəza mexanizmləri istənilən effekti vermir. Ona görə mübarizə mexanizmini dəyişdirmək lazımdır.

Zahid Oruc israr edir: “Biz bu islahatlara prioritet verməliyik”.

O, avtomatlaşdırma və elektron idarəetmə formaları “uşaq bağçalarından tutmuş böyük investisiya layihələrinə qədər tətbiq edilməlidir” deyir. Belə bir vəziyyətdə o, “pul üçün insanların nəfsi”ni durdurmağın mümkün olacağını bildirir.

Zahid Oruc deyir ki, rüşvətsizlik tədricən həyat tərzinə çevrildikdən sonra bunun faydasını hamı görəcək.

Natiq Cəfərli bildirir ki, rüşvəti tamamilə yox etmək siyasi iradədən asılıdır. İstək olarsa, bütün rüşvət hallarını aradan qaldırmaq mümkündür.

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. Support us today and join us in the fight for a better Caucasus.

Support Us