fbpx

“Bir daha evimizə qayıtmayacağam”: müharibə ilə həmyaşıd olan azərbaycanlı məcburi köçkün

11 June 2018
Yevlaxda birvaxtlar məcburi köçkünlərin məskunlaşdıqları məktəb (Seymur Kazımov/OC Media)

Dağlıq Qarabağ münaqişəsinin başlanmasından artıq 30 il ötüb və bir nəsil onların üzərinə çökmüş münaqişənin kabusu ilə böyüyüb. Öz gözləri ilə müharibənin şahidi olan, nə olduğunu ilk olaraq duyan, bütün uşaqlıq dövrünü oradan-oraya köçməyə məcbur edilən uşaqlar üçün münaqişənin, qan tökülməsinin davam etdirilməsi ehtimalı çox çətindir.

30 yaşlı Pərvanə Qurbanova 1993-cü ilin avqustunda Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı  kəndindən məcburi köçkün düşüb.

“5-6 yaşım olardı. Köçkünlüyün sonuna kimi anam dörd övladını paltarla yatızdırırdı. Uşaqlıq xatirələrim əsasən müharibə ilə bağlıdır. Ən çox xatırladığım və məni ən çox kövrəldən detal çıxanda evimizin divarını öpməyimdir. Bilmirəm onu hansı hisslə eləmişdim, ya da hiss etmişdim ki, bir daha evimizə qayıtmayacağam”.

Pərvanənin ailəsi, babası, dayıları və onların ailələri KRAZ maşınına yığışaraq kəndlərini tərk ediblər.

“Əsasən yorğan-döşək, bir az paltar və yemək götürə bilmişdik. Cəmi bir uşaqlıq fotom var. Onu da kollektiv şəkilin içərisindən çıxarmışam. Evimizdən çox şey götürə bilmədik” xatırlayır Pərvanə.

Kəndlərindən çıxdıqdan sonra ilk məskunlaşdıqları yer  Füzulinin Bəhmənli kəndi idi. O vaxt bu kənd hələ işğal olunmamışdı. 15 günə yaxın indi xatırlamadığı  bir şəxsin evində qalırlar. Sonra Cəlilabada, babasının dostunun evinə köçürlər. Orada 4 ay qaldıqdan sonra Cəlilabadda işlək olmayan idarələrdən birinin binasına sığınırlar.

Qəddar kişi

“O idarənin sahibi qəddar bir kişi idi. Hərdən gəlib bizə hücum edirdi ki, tez çıxın buradan... bizim də gedəcək yerimiz yox idi. Orada çətin günlərimiz çox olub, atam saatlarla çörək və un növbəsinə gedirdi… bəzən əliboş gəlirdi, evdə də 4 ac uşaq vardı. Amma öz kəndimizdə vəziyyətimiz yaxşı olub. Sotlarla torpaq sahələrimiz vardı. Meyvə bağı və bostan sahələrimiz də ayrı idi”.

Pərvanə 11-ci sinifi Cəlilabadda bitirir. Həmin ərazidə məcburi köçkün məktəbi olmadığından şəhər məktəbində təhsil alır.

“Məktəbdə mənə yanaşma fərqli idi, uşaqların sanki mənə yazıqları gəlirdi. Səbəbini bilmirəm, nədənsə məcburi köçkün uşaqlara münasibət birmənalı deyildi. Sonunda öyrəşdim”.

Bitməyən köçün tarixçəsi

Orta məktəbi bitirəndən sonra Bakıya gəlirlər. Burada neftayırma zavodunun həyətində gecəqondu tikib yaşayırlar. Bir müddətdən sonra şəraiti olan normal evə köçürlər. Hazırda Bakıda internet resurslardan birində admin vəzifəsində çalışır.

“Müharibəni görmüş, onun fəsadlarını, çətinliyini yaşamış biri kimi müharibə istəmirəm. Hesab edirəm ki, gənc nəsli müharibədən çox iş, sosial, iqtisadi məsələlər daha çox maraqlandırır. Sağlam düşüncəli insan müharibə istəməz. Mən burada özümə bəlli bir həyat qurmuşam, nəvaxtsa kəndimizə dönəcəyimi də düşünmürəm. Daha köç etmək istəmirəm, həyatım köçlərdə keçib, hər yeni köç də sıfırdan başlamaq deməkdir. Vətən sevgisi öz yerində, amma reallıq başqa şeydir. Torpaqlar mütləq qayıtmalıdır, onlar bizim tarixi torpaqlarımızdır, amma sülh yolu ilə. Müharibə olmamalıdır, insanlar ölməməlidir”.

Azərbaycan hökumətinin məlumatına görə, 700.000 Azərbaycan vətəndaşı Dağlıq Qarabağ münaqişəsinin başlanmasından sonra məcburi köçkün düşüb.

Traxtorun qoşqusunda köç

30 yaşlı Fəxri Məmmədov Ağdam rayonunun Çıraqlı kəndində yaşayır. Bu kənd Ağdamın cəbhə boyunca yerləşən yaşayış məntəqələri arasında Ermənistan Silahlı Birləşmələrinin döyüş mövqelərinə ən yaxın ərazidir.

1993-cü ildə indi yaşadıqları Çıraqlı kəndindən məcburi köçkün düşüblər.

“Erməni ordusu qonşu kənd Baş Qərvəndə daxil olmuşdu. Bundan sonra biz də kənddən çıxdıq, erməni əsgərlərinin Çıraqlının ortalarına kimi gəldikləri deyilir. Traxtorun qoşqusunda köçmüşük. 10 nəfər adam yığıldıq və kənddən çıxdıq”.

İlk məskunlaşdıqları yer Bərdə rayonunun Kətəlparaq kəndi olub. 5-6 aydan sonra Yevlax rayonuna köçürlər, burada 9 ay orta məktəblərdən birinə yerləşirlər. 4 nəfərlik ailə 9 ayın tamamında Mingəçevir şəhəri ərasizindəki məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün salınmış faner və dəmir qurğulardan qurulmuş modultipli evlərdən ibarət qəsəbəyə köçürlər.

Fəxri Yevlaxda əvvəllər məskunlaşdığı məktəbin qarşısında.

“Birinci sinifə bu qəsəbədəki məktəbə getmişəm, amma çadırda təhsil alırdıq. Məktəbə ilk getdiyim gün yadımdadır. Yağış yağmışdı, çadırın içinə su dolduğundan hər yer palçıq idi. Dərsi yaxşı keçirdilər. Orada hətta yaxşı oxuyurdum da. 6-cı sinifə qədər orada oxudum”.

Mingəçevirdəki yaşayışını bu cür xatırlayır: “Səhralıq idi, yaşıllıq, ağac yox idi, evin başına fırlanırdıq ki, gün yerini dəyişdikcə, kölgədə dayanaq. İşıq yox idi, həftədə bir dəfə su maşını gəlib su paylayırdı. Yanacaq olmadığına görə, ərazilərə çıxıb odun və inək təzəyi yığırdıq. Həm məişətdə istifadə edirdik, həm də ağcaqanadlara qarşı münarizə aparırdıq, çünki təzək yananda onu tüstüsü onları qovurdu. Soyuqlar düşəndə də çətin olurdu. Həm məktəblərə, həm evlərə qaz plitələri paylanmışdı. Ondan istifadə üçün əhaliyə siyahı üzrə ağ neft verirdilər. Yayda yeməyi də orada bişirirdik. Plitənin istisindən nəfəs almaq olmurdu. Fin evində əsasən yay ayında yaşamaq zülm idi. Dəmirdən olduğundan çox qızırdı və onun soyuması xeyli çəkirdi. Orada 5 il yaşadıq”.

Fərxigilin modultipli evi (Seymur Kazımov/OC Media)

Fəxri əlavə edir ki, bu cür yaşayış onun və ailə üzvlərinin səhhətinə təsirsiz ötüşməyib. Belə ki, atası astma-bronxit xəstəliyinə tutulub. Özündə də yaş artdıqca o xəstəliyin simptomları üzə çıxır.

Cəbhə xəttindəki evə qayıtmaq

Onlar evlərini tərk edəndə açarları özləri ilə götürürlər. Fəxri həmin açarı atasına göstərib, “ata, biz evə dönüb qıfılı açacayıqmı” sualını verirdi. İndi də həmin açar  qapının üstündədir.

1999-cu ilin may ayının 9-da Ağdama, Çıraqlıya qayıdırlar. “Evimiz güllədən deşik-deşik idi. Qapı-pəncərəsi sındırılmışdı. Müharibənin dəhşətini elə onda anladım. Həyət top, qrad və digər mərmilərlə dolu idi. Qorxsaq da, burada yaşamağa məcbur idik. İndinin özündə də bizim evin darvazasına və divarlarına güllə dəyir”.

Fəxrinin güllədən dəlmə-deşik olmuş darvazası (Seymur Kazımov/OC Media)
Güllədən zədələnmiş divar və darvaza (Seymur Kazımov/OC Media)

2004-cü ildə hökumətin qərarı ilə modultipli evlər sakinlərə verilir. Fəxrigilin ailəsi də həmin evi söküb gətirirlər və Çıraqlıdakı həyətlərində qururlar. Ovaxtdan orada yaşayış yoxdur, əsasən anbar kimi istifadə olunur, taxıl, arpa, soğan, kartof saxlanılır.

“Elə gün olmur ki, oraya daxil olmayım, həm də gözümün qarşısındadır. Xatirələrlə zəngin evdir,” gülümsəyir Fəxri.

Modultipli evin içərisində. İndi anbar kimi fəaliyyət göstərir (Seymur Kazımov/OC Media)

O, münaqişənin həll olacağına və torpaqların geri qaytarılacağına əmindir. Dinc sakin kimi, münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır, amma başqa variantların da olmasının qaçılmaz olduğu qənaətindədir.

“Mən müharibəni hər gün yaşayıram. Erməni silahlı birləşməlrinə ən yaxın kənddə yaşayıram. Nənəmə, xalama, əmim oğluna evimizin həyətində güllə dəyib. Bizim də haqqımızdır rahat yaşayaq. Mənim babam, atam, elə mən özüm də müharibəni görürük, yaşayırıq. İstəmirəm ki, qız övladlarım da bunu yaşasınlar. Məlum aprel hadisələrində (2016) ailəmi evdən çıxardım, təhlükəsiz yerə apardım, övladlarım çox balacadır, hələ dünyanı dərk etmirlər. Mən onları çox rahat, sakit mühitdə böyüdəcəyimə ümid edirəm. Ya hərb, ya da sülh. İkisindən biri olmalıdır. Mən bu cür yaşamaqdan bezmişəm”.

Bu məqalə “International Alert” təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyətinin bir hissəsidir. Layihə Avropa İttifaqının dəstəyi sayəsində Avropa tərəfdaşlığı çərçivəsində Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə nizamlanması (EPNK) məqsədilə həyata keçirilir. Materiallar jurnalistin məsuliyyətidir, “International Alert” və OC Media təşkilatının nöqteyi-nəzərini əks etdirməyə bilər.

Fierce, independent journalism

Let’s be honest, the media situation in the Caucasus is grim. Every day we are accused of ‘serving the enemy’ whoever that enemy may be. Our journalists have been harassed, arrested, beaten, and exiled. But nevertheless, we persevere. For us this is a labour of love. Unfortunately, we cannot run OC Media on love alone, journalism is expensive and funding is scarce. Our sole mission is to serve the interests of all peoples of the region. You can support us today for as little as $1 a month and join us in the fight for a better Caucasus.

Support Us